Nazirlik: "Bədbəxt hadisələr nəticəsində 73 nəfər həyatını itirdi"

Nazirlik: "Bədbəxt hadisələr nəticəsində 73 nəfər həyatını itirdi"
16:27 2 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

"Keçən ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırıldığından hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər hansı səyyar yoxlamalar aparılmır. Həmin müəssisələrdə yalnız vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılır. İstehsalatla əlaqəli bədbəxt hadisələr baş verdikdə də daxil olmuş məlumat əsasında Xidmət tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatı işləri həyata keçirilir".

Milli.Az bildirir k, bunu report-un sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. 
Şöbə müdiri bildirib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 135 bədbəxt hadisənin (o cümlədən qrup halında 12 istehsalatla əlaqəli bədbəxt hadisənin) təhqiqatı aparılıb: "Həmin hadisələr nəticəsində 73 nəfər həyatını itirib, 146 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təhlillər zamanı bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 25,9 faizi), emal sənayesində (15,5 faiz), nəqliyyat sektorunda (14 faiz), mədənçıxarma sektorunda (14 faiz) və energetika sahəsində (5,1 faiz) baş verdiyi müəyyən olunub".

"Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işləri apararaq qanunauyğun tədbirlərin görülməsini təmin edib" - deyən nazirlik rəsmisi bildirib ki, cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi" elektron xidməti istifadəyə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradıb: "Onu da qeyd edim ki, Xidmət tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi, xüsusən də əməyin mühafizəsi ilə bağlı ardıcıl şəkildə müxtəlif formalarda təbliğat-maarifləndirmə işləri də aparılır. Son illərdə "Təhlükəsiz iş həftəsi", "Təhlükəsiz iş ongünlüyü", "Təhlükəsiz iş aylıqları" çərçivəsində xüsusən istehsalat qəzası riski yüksək olan müəssisələrin əmək kollektivlərində görüşlər keçirilib. Bu görüşlər zamanı iş yerlərində baş verə biləcək istehsalat qəzaların qarşısının alınması üçün önləyici tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün görülməli olan zəruri işlər barədə işəgötürənlərə ətraflı məlumatlar verilib, bu sahədə onlara müvafiq metodiki köməkliklər göstərilib. Mütəmadi olaraq müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə müraciətlər olunaraq işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaları, əməyin təhlükəsizliyi qaydalarına daim riayət edilməsi onlara tövsiyə edilir".

E.Babayev xatırladıb ki, bununla bərabər hər il ölkədə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir, bu günlə əlaqədar olaraq da işəgötürənlərin iştirakı ilə müxtəlif formalarda tədbirlər təşkil olunur: "Bu tədbirlərdə əməyin mühafizəsi norma, qayda və prinsipləri, əməyin təhlükəsizliyinin hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərinə dair izahatlar, istehsalat qəzalarının qarşısının alınması üçün hansı profilaktik tədbirlərin görülməsi barədə məlumatlar işəgötürənlərin diqqətinə çatdırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR