Hillari Klinton prezident seçilsə, Azərbaycanla münasibətlər necə olacaq? - ŞƏRH

Hillari Klinton prezident seçilsə, Azərbaycanla münasibətlər necə olacaq? - ŞƏRH
16:38 2 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

“ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsi heç Amerika xalqını da qane etmir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, ABŞ prezidentliyinə namizəd olan Donald Tramp və Hillari Klintonun xalq arasında mənfi reytinqi müsbət reytinqlərindən çox yüksəkdir: “ABŞ-da bu namizədlərdən kiməsə səs verilirsə, bu o demək deyil ki, həmin namizəd yaxşıdır. Əksinə, ideal alternativ namizəd olmadığı üçün birinin əleyhinə səs verilir. Bu isə düzgün deyil”.

R.Musabəyov qeyd edib ki, ABŞ-da prezident seçkiləri ərəfəsi bir çox qüsurlar ortaya çıxıb: “Ancaq ABŞ bu nöqsanları öz seçki sistemlərinin özəlliyi kimi təqdim edir. Hər halda bu da ABŞ-da böyük narazılıq yaradan səbəblərdən biridir”.

Politoloq ABŞ-ın növbəti prezidentinin böyük ehtimalla Hillari Klinton olacağını söyləyib:

“Donald Trampla müqayisədə Hillari Klintonun prezident olmaq şansları daha yüksəkdir. Ancaq Hillari Klintonun prezident seçilməsi ABŞ-ın indiki siyasətini ciddi şəkildə dəyişməyəcək. Yəni, Hillari Klinton da ABŞ-ın apardığı siyasi xəttin davamçısı olacaq. Çünki Hillari Klinton özü bu sistemin adamıdır. Vaxtilə Hillari Klinton senator, dövlət katibi və Ağ Evdə birinci xanım olub. Ona görə də Hillari Klinton ABŞ-ın ənənəvi siyasi xəttini yaxşı bilir. Təbii ki, Hillari Klintonun prezidentliyi dövründə hər hansı kiçik dəyişiklik ola bilər. Barak Obamadan fərqli olaraq Hillari Klinton Rusiya prezidenti Vladimir Putinin addımlarına qarşı çox sərt mövqe nümayiş etdirir. Ancaq bu, ABŞ-ın indiki siyasətinin ciddi şəkildə dəyişməsinə səbəb olmayacaq”.

R.Musabəyov Hillari Klintonun prezident seçildiyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərinin vəziyyətinə də toxunub:

“Azərbaycanla bağlı da ciddi dəyişiklik gözləmirəm. Çünki ABŞ-ın Azərbaycanla bağlı siyasi mövqeyi hələ Hillari Klintonun həyatı yoldaşı Bill Klintonun prezidentliyi dövründə formalaşıb. Böyük ehtimalla Hillari Klintonun prezidentliyi dövründə də eyni və ya oxşar münasibət həyata keçiriləcək”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR