Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millət vəkili: "Bu çətinliklərin aradan qaldırılması üçün..."

Millət vəkili: "Bu çətinliklərin aradan qaldırılması üçün..."

Date: 2 November 2016 17:57

Milli Məclisin deputatı, Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramovun belediyye.info-ya açıqlamasında bildirib ki, qanun yaradıcılığı cəmiyyətin idarə edilməsinin ən əhəmiyyətli vasitələrindən biridir. Yerli özünüidarəetməyə münasibətdə isə qanun yaradıcılığı yerli səviyyədə ictimai münasibətlərin tənzimlənməsinin əsas aləti kimi çıxış edir. Ölkəmizdə də bu prinsipə üstünlük verilərək 1995-ci ildə qəbul olunmuş Konstitusiyada bələdiyyələrə ayrıca fəsil həsr edilmiş, bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün möhkəm normativ-hüquqi baza yaradılmış, bələdiyyələrin statusunu, səlahiyyətlərini, vəzifələrini, fəaliyyətinin təşkilini tənzimləyən bir çox qanun qəbul edilmişdir. Bu qanunlar sırasında "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və digər qanunları qeyd etmək olar.

Millət vəkili daha sonra bildirib ki, cəmiyyətimiz inkişaf etdikcə, bələdiyyələrin fəaliyyəti genişləndikcə, sadalanan qanunların tətbiqi zamanı müəyyən boşluqlar yarandıqca bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə zaman-zaman zərurət yaranır, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlarda çoxsaylı dəyişikliklər və əlavələr edilir. Məsələn, ölkəmizdə yerli özünüidarəetmənin təşkili prinsiplərini və statusunu təsbit edən baza qanunu hesab edilən "Bələdiyyələrin statusu haqqında" Qanunda bu günədək 60-dan çox dəyişiklik və əlavə edilmişdir. Qanunvericiliyin uyğunlaşdırılması qaydasında da bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunlarda da çoxsaylı dəyişikliklər və əlavələr edilir ki, bununla da qanunverici üçün əlavə yük yaranır, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi dinamikasının izlənilməsi və dəyişikliklərin uçotunun aparılması çətinləşir. Bu çətinliklərin aradan qaldırılması üçün bələdiyyə fəaliyyətini tənzimləyən mövcud qanunlar kodifikasiya edilməlidir, sistemləşdirilməlidir, yəni Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul olunmalıdır.

Deputat hesab edir ki, Bələdiyyə Məcəlləsinin qəbulu bələdiyyə qanunvericiliyinin vahid bir sənəddə əks olunması, bələdiyyələrin fəaliyyət sahələrinin ardıcıl və məntiqli formada nizama salınması, ölkəmizdə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik işlərinin uçotunun aparılması, bələdiyyələrin mövcud səlahiyyətlərinə yenidən baxılması, dəqiqləşdirilməsi və təkmilləşdirilməsi üçün geniş imkanlar yaratmış olardı. Kamran Bayramovun sözlərinə görə, bu konseptual sənədin qəbul olunması Azərbaycanda yerli özünüidarəetmənin inkişafının yeni mərhələsini şərtləndirə bilər.

Milli.Az


Tags:  Millət vəkili Bu çətinliklərin aradan qaldırılması

RƏYLƏR


Top news