Revanş və sübut şansı

Revanş və sübut şansı
19:17 2 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da növbəti matçına çıxacaq.

Ardıcıl 3-cü dəfə qrupda mübarizə aparan "Qarabağ" səfərdə, ikinci dəfə qitə miqyaslı turnirin əsas mərhələsində çıxış edəcək "Qəbələ" ev görüşündə qüvvəsini sınayacaq. Sonuncular Bakıda Fransanın "Sent-Etyen" klubunu qəbul edəcək.
 
İki həftə əvvəl səfərdə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar" revanşla uğursuz seriyanı qırmağa iddialıdı. Ardıcıl 4 avrokubok oyununda uduzan Roman Qriqorçukun yetirmələri qrupdakı xal hesabını açmaq üçün mübarizə aparacaq.
 
Tarixi ərzində qrupda qələbə qazanmayan əyalət klubu ilki 8-ci km qəsəbə stadionunda gerçəkləşdirməlidi. Əks halda isə "Qəbələ"nin qrupda qalması indidən rəsmiləşə bilər. Bunun üçün qrupun digər oyununda iki komandadan biri qalib gəlməlidi.
 
Yəni "Anderlext" - "Maynts" matçında heç-heçə qeydə alınmasa, Bakıda isə qonaqlar uduzmasa, təmsilçimizin 1/16 final üçün nəzəri şansları da tükənəcək. Bunun baş verməməsi üçün qalib gəlməli olan "Qəbələ" səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqovla artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçular Baqali Dabo və Nika Kvekveskirinin də iştirakı istisna deyil.
 
Cari mövsüm evdə keçirdiyi bütün avrokubok matçlarında qol vuran "qırmızı-qaralar" bu məhsuldarlığı fransalılara da nümayiş etdirməlidi. III təsnifat mərhələsində "Lill"i Bakıdan məğlub yola salmaqla Fransa təmsilçisini məğlub edən ilk klubumuz kimi tarixə düşən "Qəbələ" "Sent-Etyen"ə də eyni taleyi yaşatmalıdı. Bu gerçəkləşsə, son iki tur ərəfəsində "qırmızı-qaralar"ın 1/16 final şansları qalacaq. Təbii ki, bunun üçün uğurun davamını həmin matçlarda da gətirmək lazım gələcək.
 
Rəqib meydanında çıxış edəcək "Qarabağ" isə fərqli vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Ağdam klubu nəzəri şanslarını qorumaq deyil, 1/16 finala doğru böyük addım atmağa iddialıdı. Bunun üçün Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl Bakıda məğlub etdiyi PAOK-la səfər matçında da qənaətbəxş nəticə əldə etməlidi. Bununla da komanda 2:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək niyyətindədi.
 
Yunanıstandakı heç-heçə sayəsində də rəqibini şəxsi oyunlarda qabaqlayacaq Azərbaycan çempionu son iki tur öncəsi üstünlüyə malik olacaq. Qələbə qazanacağı halda isə "Qarabağ" 1/16 finalın bir addımlığınadək irəliləyəcək. Qazanılacaq qələbə növbəti turun "Slovan"la Çexiyadakı matçında növbəti raunda vəsiqənin təmin edilməsi ehtimalını yaradacaq. Çünki qarşıdakı oyunlarda ardıcıl 2 qələbə təmsilçimizə ilk iki yerdən birini tutmaq üçün kifayət edir.
 
Lakin əyalət klubu üçün Saloniki səfəri asan olmayacaq. Avropa Liqasındakı son 5 səfər oyununda uduzan, avrokuboklarda isə 7 matçdır qərib meydanında qalib gəlməyən ağdamlılar bu seriyaları qırmalıdı. Güclü azarkeş dəstəyinə malik PAOK-a uduzmasa, ardıcıl 2 dəfə qrupda qalan "Qarabağ" 3-cü cəhddən mərhələni adlamaq istəyini reallaşdıra bilər.
 
Məğlubiyyət isə çempionun taleyinin özündən asılı olmamsı ilə nəticələnəcək. Belə olan halda təmsilçimiz özü uğur qazanmaqla kifayətlənməyib, PAOK-un büdrəməsinə ümid etməli olacaq.
 
Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" oyunu 22:00-da, PAOK - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:05-də başlayacaq.
 
Avropa Liqası
IV tur
3 noyabr
 
C qrupu
22:00. "Qəbələ" - "Sent-Etyen" (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu
 
J qrupu
00:05. PAOK (Yunanıstan) - "Qarabağ"
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR