Ankara və Kreml saat əqrəblərini tutuşdururlar - böyük anlaşma qapıda

Ankara və Kreml saat əqrəblərini tutuşdururlar - böyük anlaşma qapıda
09:57 3 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Rusiya, ABŞ, region üçün artan önəmi və bufer rolu Qarabağ açılımını da tezləşdirə bilər... 

Milli.Az musavat-a istinadən bildirir ki, xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar srağagün Moskvada səfərdə olub. Öz həmkarı - Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun dəvəti ilə Moskvaya gedən Akarın səfəri zamanı hərbi əməkdaşlıq və regional məsələlərin müzakirə olunduğu deyilir. Təbii ki, generalların görüşünün detalları açıqlanmır.

Yada salaq ki, sentyabrın 15-də Valeri Gerasimov Türkiyədə olub və burada türkiyəli həmkarı ilə hərbi əməkdaşlıq və Suriya məsələlərini müzakirə ediblər. Ancaq Hulusi Akarın Moskva səfəri cavab xarakterli olmaqdan daha çox, bölgədəki olduqca mürəkkəb dönəmə təsadüf etməsi ilə daha çox diqqət çəkir. 

***

Bəllidir ki, Yaxın Şərqdə, Suriya və İraqda İŞİD-in kökünün kəsilməsi ilə bağlı qlobal və regional güclər (oyunçular) arasında tarixi anlaşma əldə olunmanın vaxtı çatıb. Bu anlaşmanın episentrində də həm Rusiyaya, həm də ABŞ-a təxminən bərabər məsafədə yaxın olan tək dövlət və regional supergüc kimi Türkiyə həlledici rol oynaya bilər. 
Bu prosesi sürətləndirmək artıq qaçılmaz hala gəlib, imperativə çevrilib. Əks halda, İŞİD regionla yanaşı, qlobal sülhü, Rusiya və Qərbin təhlükəsizliyini ciddi şəkildə təhdid eləməkdə davam edəcək. Dinc əhalinin kütləvi qətli, insanlıq əleyhinə cinayətlər ara verməyəcək. Lakin böyük anlaşma baş tutsa, uğurlu bir presedent yaranmış olacaq və belə görünür, sonrakı mərhələdə də Bəşər Əsəd rejiminin siyasi taleyi gündəmə gətiriləcək. 

Bu xüsusən də Türkiyə və Rusiya arasında hərbi rəhbərlər səviyyəsində təmasların intensivləşməsi bütövlükdə Ankara və Kremlin saat əqrəblərini son dəfə tutuşdurması ilə də bağlı ola bilərdi. Çünki hər necə olmasa, Suriya, İŞİD məsələsində hərbi faktor indi heç vaxt olmadığı qədər önə keçib və bunu Yaxın Şərq konfliktinə cəlb olunmuş dövlətlərin hamısı yaxşı anlayır. 

O da yəqin ki, başa düşülür ki, bu böhranı heç bir iri dövlət təkbaşına aradan qaldırmaq və dividendləri də təkbaşına götürmək gücündə deyil. Böhrandan çıxış üçün isə İraq və Suriya da daxil, hamının Türkiyənin mərkəzi rolunu ciddiyə alması və qəbul etməsi tələb olunur. 

Kəsəsi, Türkiyəsiz bu bölgədə heç bir iş aşmayacaq. Əks təqdirdə, bölgə hələ uzun müddət müharibə ocağı kimi qalacaq. Rəsmi Ankaranın isə proseslərdə daha fəal rol oynaması üçün öz haqlı şərtləri var...

***

Maraqlıdır ki, bu arada Suriyanın İŞİD terrorçularının nəzarətində olan Rakka şəhərində aparılacaq hərbi əməliyyatlar öncəsi ABŞ-ın PYD/YPG qüvvələrinə silah verməkdən imtina etdiyi bəlli olub. Məlumatlara görə, Vaşinqtonun bu addımı atmasına səbəb Türkiyənin təzyiqi olub. Məhz Ankara ilə aparılan danışıqlardan sonra ABŞ-ın kürd qüvvələrini silahlandırmağı təxirə saldığı bildirilir.

"Vaşinqton Post" qəzetinin yaydığı xəbərə görə, Türkiyə Suriya əməliyyatlarında ABŞ-a dəstək verəcəyini öhdəsinə götürüb. Pentaqon yaxın günlərdə Rakka əməliyyatına başlayacağını açıqlayıb. İraqın Mosul şəhərinin isə terrorçulardan təmizlənməsi əməliyyatı üçüncü həftədir davam edir. ABŞ başda olmaqla, koalisiya qüvvələri burada quru hərbi qüvvələrinə havadan dəstək verir. 

Lakin İraq rəhbərliyinin özündənrazı, faktiki antitürkiyə bəyanatlarına rəğmən artıq aydındır ki, Mosul əməliyyatı da Türkiyənin qurudan sanballı hərbi dəstəyi olmadan gözlənilən nəticəni verməyəcək. Qardaş ölkəni narahat edən həm də o halda Türkiyəyə yeni böyük qaçqın ordusunun yön ala biləcəyi ilə bağlıdır.

***

O da diqqətçəkəndir ki, Moskvada Akar-Gerasimov görüşündən dərhal sonra Rusiya Hələb şəhərindəki müxaliflərə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib. Onun sözlərinə görə, müxaliflərə noyabrın 4-də saat 09:00-dan 19:00-a kimi şəhəri silahları ilə birgə tərk etmək barədə xəbərdarlıq olunub. 

General müxalif qüvvələrin bu təklifi qəbul etdiyini də bildirib: "Bütün terrorçu liderlərə səslənərək şəhəri tərk etmələri ilə bağlı xəbərdarlıq etdik. İki dəhliz yaradılacaq. Biri Türkiyə-Suriya sərhədində, digəri isə İdlib istiqamətində olacaq. Cümə günü dinc sakinlərin şəhərdən çıxarılması üçün 6 əlavə dəhliz açılacaq".

***
Dönəmin həssaslığı həmçinin onunla bağlıdır ki, ABŞ-da prezident seçkiləri finişə yaxınlaşıb və köhnə komandanın çamadan ovqatı fövqəldövlətin xarici siyasəti ilə bağlı müəyyən boşluq yaradacaq. Regionla ilgili boşluq isə yenə NATO və ABŞ-ın bölgədəki əsas müttəfiqi Türkiyə hesabına doldurula bilər. 

Qardaş ölkənin yaxın həftələr üçün önəmi bu baxımdan da artmış sayıla bilər. Rusiya-Türkiyə münasibətlərinin normal məcraya düşməsi isə Ankaranın bölgədə rolunu daha dayanıqlı və vazkeçilməz edir, onun manevr imkanlarını artırır.

***
Sözü ona gətiririk ki, Yaxın Şərq böhranının aradan qaldırılmasından dolayı yaxın həftələr ən azından, bir durulma, aydınlaşma və saat əqrəblərinin tutuşdurulması dönəmi olacaq. Bir şey dəqiqdir ki, Suriya böhranı, ömrü uzanan İŞİD terroru qlobal və regional oyunçuları qəti qərarlar vermək zorunda qoyub. 

Türkiyənin episentrində duracağı Suriya "acılımı", İŞİD-lə mübarizə məsələsində yekdillik və ya anlaşma, qardaş ölkənin Rusiya, ABŞ və region üçün gündən-günə artan önəmi və oynadığı bufer rol isə Qarabağ üçün dinc açılıma da vəsilə ola bilər. Türkiyənin uğuru bu üzdən Azərbaycan üçün indi ikiqat, üçqat dəyər kəsb edir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR