Dünyada ətin məhsullarının istehlakının azaldılması ilə
bağlı kampaniyalar vegetarianlığın dəbə minməsinə səbəb olur.
Publika.az xəbər verir ki, son illər xüsusilə Qərb
ölkələrində ət məhsullarından istifadə şüurlu şəkildə
azaldılır.
Lakin bu, hər kəsin vegetarian olması demək deyil. Vegetarianlarla
yanaşı, ət istehlakını azaldan yeni təbəqə də formalaşmaqdadır.
Flexitarian (elastik
vegetarianlar): onlar qida rasionu olaraq
tərəvəzə üstünlük verir, lakin vaxtaşırı olaraq menyuya ət də əlavə
edirlər. Dəqiq qayda yoxdur. Bəziləri yalnız həftədə bir dəfə,
bəziləri isə bayramdan bayrama ət yeyir və qəbul edilən ətin
miqdarı az olur.
Böyük Britaniyanın “Forum For The Future” şirkətinin apardığı
araşdırmaya görə, ingilislərin 1/3 hissəsi flexitariandır.
“Flexitarianlıq insan sağlamlığı üçün faydalıdır. İngilislərin buna
meyili olması bizim gələcəyimiz üçün çox yaxşıdır”, - deyə şirkətin
ekspertləri bildirir.
Araşdırmalara görə, bir il ərzində Böyük Britaniya əhalisi arasında
flexitarianların sayı 10 faiz artıb.
Vegetarianlar flexitarianları qəbul etmirlər. Vegetarianlar heyvan
əti yeməkdən, ümumiyyətlə, imtina edir və ət yeyənləri
qeyri-humanist hesab edirlər. Flexitarianlar isə ətdən tamamilə
imtina etməsələr də, ekoloji və sağlam qidalara üstünlük
verirlər.
Ekspertlər izah edir ki, ət məhsullarının istehsalı ətraf mühit
üçün bədxərcdir. Belə ki, Yer kürəsində əkin sahələrinin üçdə bir
hissəsi mal-qaranın böyüdülməsi üçün istifadə olunur. Həmçinin,
balıqlar da dənizin üçdə bir hissəsinə sahibdirlər. Bu isə torpağı
və suyu taqətdən salır. Otlaq sahələri düzəltmək üçün meşələri
kəsirlər. Bu, planetin “yaşıl ağciyərlərini” azaldır.
2015-ci ildə iqlim üzrə dünya sammitində Beynəlxalq Münasibətlər
üzrə Kral İnstitutunun ekspertləri ət istehsalının təcili
azaldılmasının vacibliyini vurğuladılar.
“Forum For The Future” şirkətinin qida bölməsinin rəhbəri Mark
Driksoll deyir ki, insanların vegetarianlığa keçməsi atmosferə
karbon qazının atılmasının qarşısını 63-70 faiz ala bilər: “Böyük
Britaniyada iki milyon vegetarian var. Flexitarianların sayı isə
daha çoxdur. Bu göstərir ki, bizim qida istehlakı mədəniyyətimiz
dəyişib. Yemək yalnız aclığı yatırmamalıdır, həm də bizim sabit
gələcəyimizi təmin etməlidir”.
Araşdırmalara görə, heyvanların mədəsində bakteriyalar daim yaşayır
və onlar ət və süd məhsullarına keçirlər. Ətin müntəzəm yeyilməsi
ürək-damar xəstəlikləri riskini artırır. Həmçinin, qaraciyər
xəstəlikləri, diabet və depressiya kimi xəstəliklər də yarana
bilər.
Bu cür araşdırmalar ət məsullarının istehlakının azaldılmasına
çalışanların marağındadır. Təsadüfi deyil ki, ətin sağlamlıq üçün
zərərli olmasından danışanlar okean məhsullarına üstünlük verməyi
tövsiyə edirlər.
Amerikada son on il ərzində ət istehlakı 15 faiz azalıb. Bunun
əksinə olaraq, son beş ildə vegetarianlar üçün müxtəlif məhsulların
istehsalı ikiqat artıb. Lakin hər kəs ətdən tamamilə imtina etməyə
tələsmir. ABŞ-da vegetarianlar 7,3 milyon, flexitarianlar isə 22,8
milyondur.
Ümumilikdə ət məhsullarından az istifadə etmək dünyada yeni dəbə
çevrilib. Misal üçün, Böyük Britaniya əhalisinin 28 faizinin
2025-ci ilə qədər ətdən tamamilə imtina edəcəyi gözlənilir.
Bu yanaşmalar ətraf mühitin və insan sağlamlığının qorunmasına
xidmət edə bilər. Lakin o da faktdır ki, ət istehsalının
azaldılması başqa problemlərə də yol aça bilərlər.
Ekspertlər məhz bu amili qabardırlar. Xüsusil, iki məqam ət uğrunda
mübarizənin hətta müharibənin başlamasına gətirib çıxara bilər.
Birinci: hər kəs vegetarian, yaxud flexitarian ola bilməz. Dünya
əhalisinin əksəriyyəti qida rasionunda ətə üstünlük verir. Ət
istehsalının azaldılması isə qıtlığa səbəb ola bilər və beləliklə,
insanlar arasında az olan ət uğrunda mübarizə başlaya bilər.
İkinci: hazırda dünyanın ət sənayesi Rusiya, ABŞ, Hindistan, Yeni
Zelandiya, Avstraliya və bir sıra Avropa ölkəsinin əlindədir. Ət
istehlakının azaldılması bazarın kiçilməsi ilə nəticələnə bilər. Bu
isə kiçik bazara sahib olmaq uğrunda ət istehsal edən ölkələr
arasında mübarizəyə səbəb ola bilər. Ekspertlərə görə, belə
vəziyyət “ət müharibələri”nə gətirib çıxaracaq.
Asif