Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanan binaya görə keçmiş MTN əməkdaşı ifadə verdi

Yanan binaya görə keçmiş MTN əməkdaşı ifadə verdi

Date: 3 November 2016 13:44

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hicran Əlizadə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxs M.Mahmudovla birgə “Global Construction” MMC-nin təsisçisi olduğunu bildirib: "Şirkəti 2007-də yaratdıq, 2015-ci ilin mart ayında isə oradan ayırılmışam. 2011-ci ildə fabrik açdıq və bundan sonra orada binaların üzlənməsi ilə bağlı qəliblənən materiallar hazırlandı. Həmin materialları Türkiyədən alırdıq. Binanın yanmasına səbəb alkaponların arasında boşluqların olması olub".

 

Prosesdə zərərçəkmiş şəxs qismində Xəyyam Babayev dindirilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu vurğulayıb. "Binada tüstü qalxdığını gördüm. Tez aşağı düşdüm. Polislərdən soruşdum ki, yanğınsöndürən çağırmısız? Daha sonra binada yanğın başladı. Evdə körpə uşağım var idi. Qalxıb onu aşağı düşürüb, avtomobillə ərazidən uzaqlaşdırdım. Həmin binada 2012-ci ildən yaşayıram". Hazırda proses davam edir".

 

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.


Tags:  Yanan binaya keçmiş MTN əməkdaşı ifadə verdi


RƏYLƏR


Top news