Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Mirəliyevə futboldan sual verəndə...

Əli Mirəliyevə futboldan sual verəndə...

Date: 3 November 2016 13:52

Milli.Az tanınmış müğənni Əli Mirəliyevin apasport.az-a müsahibəsini təqdim edir:

- "Qarabağ" və "Qəbələ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcəklər. Komandalarımızdan nə gözləyirsiniz?
- Heç nə. Bizdə hələ futbol yoxdur. Biz bu idman növünü oynamağa hazır deyilik. Vaxt gələcək, Qarabağı alacağıq, amma futbol oynaya bilməyəcəyik. Futbol elə-belə oyun deyil, qeyrətdir. Futbolda irəli getmək istəyirsənsə, uşaq futbolunun güclü olmalıdır. 30 uşaqdan 1 nəfər futbolçu ola, ya olmaya. Dünya futbolu göz önündədir. Ulduz futbolçular, böyük klublar necə oynayırlar? Biz onların elədiklərini təkrarlaya bilərikmi? Əlbəttə ki, xeyr. Bizim uşaqlar meydanda 20 dəqiqədən çox qaça bilmirlər, yorulurlar. Çünki fiziki gücləri, 90 dəqiqəlik dözümləri yoxdur. Bunları uşaqlıqdan öyrətmək lazımdır. Futbolçu başdan sona qədər işləməli, ağılla oynamalı, kimə ötürmə vermək lazım olduğunu bilməlidir. Bizimkilər topu haraya gəldi vururlar. Belə futbol olmur. Yaxın 10-15 ildə bizdə futbolun olacağına ağlım kəsmir.
 
- Ancaq nəzərə alın ki, "Qarabağ" qrupda 4 xal toplayıb və növbəti mərhələyə vəsiqə qazana bilər...
- Mənim millətimin komandasıdır, təki mərhələ keçsin. Amma tutaq ki, birtəhər qrupdan çıxdı. Futboldur da, rəqib vura bilmədi, bunlar vurub, qələbə qazandılar. Bəs növbəti mərhələdə nə edə biləcək? Oradakı komandalarla ayaqlaşa bilməyəcək axı. Futbolumuzda perspektiv, baza yoxdur. Gedib ordan-burdan "otxod" futbolçular gətiriblər. Hamısını apar tulla. Yaxşı futbolçu olsaydılar, xaricdə oynayardılar da, buraya niyə gəlirdilər?
 
- Ancaq ictimaiyyət Azərbaycan futbolunun son illər inkişafda olduğu qənaətindədir. Çünki klublarımız Avrokubokda qrupa düşürlər, millimiz uğurlu çıxış etməyə başlayıb. Sizi pessimist olmağa nə vadar edir?
- Yalandan milləti aldadırlar. Nəsə deməlidirlər də. Verilişlərə baxıram, hakimlərin səhvləri müzakirə olunur. Ay kişi, gedin, 11 uşaq tapın oynatmağa. Hakimləri ortaya atmayın, özünüzdən danışın. Mən uşaqlıqdan futbolla yaşamışam, bu idman növünü sevirəm. Amma Azərbaycan futbolunda inkişaf görmürəm. Olmayan şey haqda necə yalandan danışım? İnanın, hərdən Avropada komandalarımızın qapısına qol vurulanda ağlayıram. Bunu heç yerdə demirəm. Axı azərbaycanlıyam, millətimin komandası oynayır. Amma bu sahədə bir irəliləyiş görmürəm. 1-2 oyunda qələbə qazanmaqla inkişaf olmur. Adicə Arda Turan səviyyəsində oyunçumuz yoxdur. Almaniyadan, Fransadan gələnləri demirəm, azərbaycanlı olsun. Qaradərili futbolçuları yığıb gətirirlər. Kimə lazımdır onlar? İspanlarda, italyanlarda qəşəng oğlanlar var, gedib oradan gətirsinlər də. Qaradərililər fiziki cəhətdən güclü olurlar axı. Amma təkcə bununla futbolçu olmur.
 
- Milli komandamız dünya çempionatının seçmə mərhələsinə yaxşı start götürüb və 3 oyunda 7 xal toplayıb. Bunu da uğur saymırsınız?
- Nə olsun. Yığmada o qədər milliləşən var ki. Bu, uğurdan yox, Azərbaycanda futbolun olmamağından xəbər verir. İnkişaf o zaman olar ki, hamısı mənim millətimin balası olar. Ordan-burdan tapıb gətirdikləri mənim millətimin nümayəndəsi deyil. Bayaq da dediyim kimi, problemin kökü uşaq futbolundadır. Uşaqları xaricə yollamaq lazımdır. Onlar gedib oradakı futbol ab-havasında böyüməlidirlər. İnanın ki, yeniyetmələrimiz xaricə getsələr, böyüyəndə bizim millini seçməyəcəklər. Buna görə də göndərmirlər. Keçmişdə bizim uşaqların çoxu Rusiya futbol məktəbində öyrənirdilər. Buna görə də Səməd Qurbanov, Maşallah Əhmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Vladimir Bruxti, Tofiq Axundov kimi böyük futbolçular üzə çıxmışdı. Həmin vaxt rəqabət var idi. İndi "Qarabağ"da 5-6 yerli oyunçu var. Amma baxırsan, "Neftçi"də və digərlərində ordan-burdan gələnlərdir. Sənin azərbaycanlı futbolçun yoxdur bəyəm? Var, sadəcə, yetişdirmək lazımdır. Muğam müsabiqəsi uzun illər bütün rayonları əhatə etdi. Gözəl səsi olan uşaqlar üzə çıxdı. Futbol da eyni ilə belədir. Hər rayondan, regiondan seçmək, onlara yaxşı təlim keçmək lazımdır.
 
- Hansısa komandamızın oyununa baxmağa getmisiniz?
- Oyunlara getmirəm. Bu futbolçular hazır deyillərsə, oynaya bilmirlərsə, gedib əsəbləşim? Mənim bildiyim, istədiyim futbolu göstərə bilmirlər. Yalandan çıxıb televiziyada camaatı aldatmaq lazım deyil. Futbol Azərbaycanda yoxdur, vəssalam.

Milli.Az


Tags:  Əli Mirəliyevə futboldan sual verəndə

RƏYLƏR


Top news