Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cərimə meydançalarında çürüyən avtomobil sahiblərinə SON XƏBƏRDARLIQ

Cərimə meydançalarında çürüyən avtomobil sahiblərinə SON XƏBƏRDARLIQ

Date: 3 November 2016 14:12

"İllərdir Dövlət Yol Polisinin cərimə meydançalarında sahibi tərəfindən atılmış və ya qəzalı vəziyyətdə olan yararlı və yararsız xeyli avtomobil var. Bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq həmin avtomobillər sahibləri tərəfindən hələ də həmin duracaqlardan götürülmür".

Milli.Az bildirir ki, bu barədə avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin avtomobillərə görə duracaqlarda sıxlıq yaranır. Bu da nəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsində problemlər yaradır. Həmin avtomobillərin istismarda olmaması və istismara yararsız olması ilə bağlı əhaliyə edilən müraciətlərin cavabsız qaldığını deyən şöbə rəisi bildirib ki, kimin avtomobili yararlıdırsa, gəlib götürə bilər. Yararsız avtomobil sahiblərinə isə ərizə forması verilir: "Əgər avtomobil onlara lazım deyilsə, həmin ərizə formasını doldururlar və qeyd edirlər ki, avtomobildən imtina edirlər. Bundan sonra onlar əlavə xərc çəkmədən, maşını harasa aparmadan dövlət tərəfindən həmin avtomobillər çıxdaş ediləcək və "metallolom"a təhvil veriləcək. Amma sahiblərində avtomobilin dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməlidirlər və ərizədə göstərməlidirlər ki, avtomobil onların adından çıxsın və çıxdaş edilərək "metallolom"a təhvil verilsinlər. Orada elə avtomobillər var ki, uzun illərdir hansısa qəzadan sonra qalıb, təhvil-təslim aktı belə yoxdur. Artıq o maşınların ehtiyyat hissələri də ələ gələn deyil, yararsız vəziyyətdədir. Ona görə, kimsə gəlib avtomobili götürməsə və çıxdaş edilməsi üçün müraciət etməsə, artıq həmin avtomobillərin sahibləri ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcək ki, müvafiq tədbir görülsün və qərar qəbul edilsin".

Kamran Əliyev bildirib ki, bəzi avtomobil sahibləri həmin nəqliyyat vasitələrini aparıb öz həyətində saxlamağı təmin edə bilərlər. Çünki Tarif Şurasının qərarına əsasən, cərimə meydançasında minik avtomobillərinin bir günlük saxlanma xərci 1 manatdır. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri öz sahiblərinə verilməsini pulsuz təmin edəcək: "Qəzalı və yararsız avtomobillərin cərimə meydançalarında qalmasına görə heç bir ödəniş tələb olunmur. Ona görə də, kimə lazımdırsa gəlib götürsün. Lazım deyilsə, ərizə yazsın ki, imtina edirəm və nömrələri və qeydiyyat şəhadətnaməsini təhvil versin".
Kamran Əliyev bildirib ki, DYP-nin duracaqlarında qalan maşınlar arasında 15 ili tamam olanlar var.

Milli.Az


Tags:  Cərimə meydançalarında çürüyən avtomobil sahiblərinə SON XƏBƏRDARLIQ

RƏYLƏR


Top news