Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan televiziyasının və radiosunun yubileyi qeyd olunur – FOTOLAR

Azərbaycan televiziyasının və radiosunun yubileyi qeyd olunur – FOTOLAR

Date: 3 November 2016 20:58

Bu gün axşam Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio sahəsində çalışan bütün insanları milli radiomuzun 90, televiziyamızın 60 illiyi münasibətilə təbrik edib.

Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolundan danışan Ə.Həsənov qeyd edib ki, Azərbaycanda teleradionun inkişafının sovet dövrü, xüsusilə də ötən əsrin 70-80-ci illəri çox əhəmiyyətli olub:

“Məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində xüsusi rol oynadı. Müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi. Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Lakin Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan televiziya və radiosunun inkişafında da mühüm mərhələ oldu”.

Ə.Həsənov bildirib ki, indi Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də ulu öndər Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrüspublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanıb: “2013-cü ildə Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün yeni 256 mənzilli binanın təməli qoyulub. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər”.

Ə.Həsənov deyib ki, müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir:

“İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib ki, hazırda Azərbaycan teleradio məkanında mühüm hadisə baş verir:

“Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının isə 60 illik yolu bir tarixə çevrilir. Teleradionun inkişaf yolunun çox hissəsi sovet dövrünə təsadüf edib. Sovet dövründə ağır ideoloji şərtlərə baxmayaraq, Azərbaycan televiziyası və radiosu Azərbaycan dilinin, mədəniyyətinin və incəsənətinin qorunmasında mühüm işlər görüb. Müstəqilliyin ilk illərində teleradio yayımında bir xaos hökm sürürdü. Amma ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu halların aradan qaldırılması üçün əsaslı tədbirlər görüldü”.

N.Məhərrəmli bildirib ki, müstəqillik illərində teleradio məkanında fəaliyyəti tənzimləyən qanunvericilik bazası formalaşdırılıb:

“Bu gün Azərbaycan televiziya və radiosu çox böyük potensiala malikdir. Bu gün Azərbaycanda həm özəl, həm də dövlət radio və televiziyalarının olması Azərbaycanın teleradio məkanının nə qədər genişləndiyini göstərir. Prezident İlham Əliyev bu gün bu sahəyə çox böyük diqqət göstərir”.

Tədbir tədbir çıxışları ilə davam etdirilib.

Vasif Həsənli









Tags:  Azərbaycan televiziyasının radiosunun yubileyi qeyd olunur FOTOLAR


RƏYLƏR


Top news