Siqaret tüstüsündə “boğulan” haqqun-nas

Siqaret tüstüsündə “boğulan” haqqun-nas
21:42 3 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, cəmiyyətdə daha çox diqqət çəkən, marağa səbəb olan dini mövzular, əsasən, bəllidir. Bu xüsusda müxtəlif məqalələr yazılır, ciddi diskussiyalar aparılır. Biz, islam.az olaraq, zaman-zaman bu mövzulara toxunur, oxucularımız tərəfindən elektron poçtumuza daxil olan sualları cavablandırır, bir çox məsələlərə aydınlıq gətiririk. Diqqətinizə təqdim etdiyimiz yeni rubrikada isə adətən diqqətdən kənar qalan, bəzilərinin, bəlkə də, kiçik saydığı problemlərə nəzər salmaq qərarına gəldik. Düşünürük ki, Allaha tərəf aparan yolda sabitqədəm olmaq üçün Rəbbimizin zərrə qədər narazılığına səbəb olacaq bütün əməlləri tanımalı, çalışıb onlardan özümüzü sığortalamalıyıq. Bu gün yeni rubrikamızın ilk yazısını oxucularımızın diqqətinə təqdim edirik.

İslamda elə məsələlər var ki, onlar barədə bütün məzhəblər yekdil rəy söyləyirlər. Belə mövzulardan biri də qul haqqı, bəndə haqqı, yəni haqqun-nasdır. Allah Özünə aid hər bir günahı bağışlaya bilər. Amma bəndə digər bəndənin zərrə qədər haqqını tapdayıbsa, gərək onun özündən halallıq alsın. Göründüyü kimi kifayət qədər ciddi məsələdir. Dindarlar da bunu anlayır və diqqətli olmağa çalışırlar. Amma bəzən  etinasızlıq üzündən özləri də bilmədən başqalarını narhat edir, ətrafdakıların haqqını pozurlar. Sadə, bəlkə də, hər bir oxucunun rast gəldiyi mənzərəni təsvir etməyə çalışaq.

Məhərrəm ayının ilk ongünlüyü. İmam Hüseyn (ə) müsibətinə yas saxlayanlar hər axşam məscidlərə toplaşır, Əhli-beytin ağır gününə şərik olduqlarını nümayiş etdirirlər. Xətib də yeri gəldikcə elə Peyğəmbər (s) və Əhli-beytin əxlaqından söz açır. İnsanlar məsciddən kənarda dayanmaq məcburiyyətindədirlər, məscidin həyəti bu izdihamı daxilində cəmləyə bilmir. Hamı diqqətlə dinləyir, kimi səsini boğub, kimi də bunu bacarmayaraq ağlayır Kərbəla faciəsinə. Elə bu dəmdə camaatın içində kiminsə əli cibinə gedir. Siqaret yandı, tüstüsü ətrafı bürüdü. Sonra daha bir nəfər, daha bir, daha bir, beşinci, onuncu... Məscidin ətrafında toplaşanların arasında isə qadınlar da var, uşaqlar da. İnsanlar ailələri ilə birlikdə Kərbəla şəhidlərinin əziz ruhunu yad etməyə gəliblər. Birisi "Eh, kaş Allah mənə də Kərbəla ziyarəti nəsib edəydi" düşünərək dərindən ah çəkmək istəyir... Amma bacarmır. Yanında dayanan din qardaşının "istehsal etdiyi" tüstü dumanı onun ciyərlərini sıxır, öskürək onu boğur. Yaxşı, bəs insan neyləməlidir? Belə olan halda nə deməlidir?

Adətən heç nə deyilmir, çünki nə məclis o məclis deyil, nə də hal o hal deyil. Hamı bir təhər dözür, necə deyərlər, "yola verir" Ancaq, ay siqaretsevər qardaşımız! Səninlə eyni səfdə dayanan din qardaşını, bacını, qardaşının körpəsini narahat etdin, əziz siqaret çəkən müsəlman, fərqindəsənmi? Daha konkret desək, insanların Allahın bizim ümumi istifadəmizə verdiyi təmiz havanı udmaq haqqını tapdaladın, hər zaman böyük həssaslıqla gözətlədiyin haqqun-nas sərhəddini keçdin. Razısanmı bizimlə? "Əşi, guya hava elə təmizdir?" bəhanəsi gətirəcəksən? Amma hər halda sənin müdaxilənə qədər bundan təmiz idi. "Mənim müctəhidim icazə verir siqaret çəkməyə!" söyləyəcəksən? Lap yaxşı, Allah sənin də, müctəhidin də canını sağ eləsin. Amma bu halallığı müctəhid verib və deməyib ki, mənim və ailə üzvlərimin ciyərlərini zəhərləyə bilərsən. Biz ki sənə bu halallığı verməmişik, deyilmi, qardaşım? Ya ətraf mühiti korlayan minlərlə zavod və fabriklə müqayisədə sənin siqaretinin tüstüsünün kiçik bir zərrə olduğunu bildirəcəsən? Amma bilirsən axı, səndən məhz öz əməllərini soracaqlar. O zavod və fabriklərdən sənə və bizə nə? Razısanmı, əziz qardaş?

P.S. Kiçik məsələdir? Razıyıq, əvvəldə zatən qeyd etdik. Nə iləsə müqayisədə kiçikdir. Amma öz-özlüyündə... Kiçikdirmi?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR