Avstriya qeydləri: Motsartın Alp diyarındakı şəhəri - FOTO

Avstriya qeydləri: Motsartın Alp diyarındakı şəhəri - FOTO
21:57 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Gördüyüm gözəl yerlərin hamısı, duyğularıma görə, Zalsburqun təbii gözəlliyi ilə müqayisədə yalnız onun kiçik bir hissəsidir". Ən məşhur zalsburqlu Volfqanq Amadey Motsart doğma vətəninə sevgisini bir dəfə belə ifadə edib. Burada olmuş hər kəs onunla razılaşır. Zalsburq dünya əhəmiyyətli şəhərlər arasında ən kiçiyi olsa da, böyük şəhər formatına malikdir. Dolama küçələr, geniş meydanlar, zərif parkları olan dəbdəbəli saraylar əsrlər boyu dünyanın dörd bir yanından turistləri özünə cəlb edir. Ətrafda isə möhtəşəm dağ panoramı uzanıb gedir. Bu qədim şəhər indi də öz cazibəsinin sirrini qoruyur. Bu sirri açmağa cəhd etmək üçün Zalsburqa yollanırıq.

Zalsburqun sol və sağ sahilləri

Zalsburqdan Vyanaya qədər məsafə təxminən 300 kilometr təşkil edir və qatarla iki saat yarımlıq yoldur. Geniş prospektləri, nəhəng heykəlləri və memarlıq tikililəri olan böyük Vyanadan sonra Zalsburq rahat, demək olar ki, oyuncaq şəhər təəssüratı yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zalsax çayı ilə şəhər iki hissəyə bölünür. Biz sağ sahildə - Yeni Şəhərdə məskunlaşdıq. Zalsburqun bu hissəsi şəhərin sol sahilində sıxlıq yarandığı vaxt, XVII əsrdə inşa edilməyə başlayıb. Sağ sahilin əsas görməli yeri Mirabel sarayı və parkı sayılır. Bu məqamda qeyd edək ki, Zalsburqu arxiyepiskoplar idarə edib. Odur ki, burada istənilən az-çox mühüm hadisələr və memarlıq abidələri ruhanilərlə bağlıdır. Lakin onların yalnız kilsə və monastır tikdirdiyini düşünmək yanlış olardı. Subaylıq əhdinə baxmayaraq, bəzi arxiyepiskopların arvadları, uşaqları, məşuqələri olub. Onlar saraylar və qəsrlər tikdirib, bir sözlə, keflərindən qalmayıblar.

Mirabel sarayı 1606-cı ildə knyaz-arxiyepiskop Volf Ditrix fon Reytenau tərəfindən sevgilisi Salomeya Alt üçün tikilib və hazırda burada şəhər meriyası və nikah sarayı yerləşir.

Kiçik mələklərin və Georq Rafael Donnerin heykəlləri olan barokko üslublu mərmər giriş pilləkəni Mirabel sarayının ən böyük dəyəri hesab olunur. Pilləkən Mərmər zala aparıb çıxarır. Bir vaxtlar ata-Leopold Motsart və uşaqları Volfqanq və Nannerlin çıxış etdiyi, knyaz-arxiyepiskopların keçmiş bayram zalı bu gün dünyanın ən gözəl toy salonlarından biri kimi tanınır. Burada müntəzəm olaraq nikah mərasimləri, konfranslar, yubiley tədbirləri və klassik musiqi konsertləri keçirilir.

Saraydan çıxıb Mirabel parkına ayaq basırıq. İndiki formasında park 1690-cı ildə layihələndirilib və Avropa bağ-park sənətinin möhtəşəm nümunəsidir. Parkdakı fəvvarə ətrafındakı dörd böyük mərmər heykəl qrupu təbiətin dörd ünsürünü ehtiva edir. Alp dağlarının şimalında, açıq havada ən qədim teatrlardan biri - canlı təbiətlə haşiyələnmiş Yay Teatrı və Cırtdanlar Bağı yerləşir. 1715-ci ildə burada ağ mərmərdən hazırlanmış 28 əyləncəli cırtdan heykəli ucaldılıb. Sonralar hökmdarlar bu heykəlləri çox çirkin və qeyri-ciddi hesab edərək sökdürüb, lakin daha sonra heykəllər yenidən yerinə qaytarılıb. Bir neçə fiqur itib və bu gün parkda 17 heykəl qalıb.

Parkda gəzişə-gəzişə Zalsax çayı üzərindəki körpüyə gəlib çıxırıq. Bu körpü Zalsburqun sol tərəfinə - Köhnə Şəhərə açılan yoldur. Körpünün bütün sürahilərindən romantik cütlüklərin qoyub getdiyi qıfıllar asılıb. Bu, Avropa şəhərlərində çox geniş yayılmış ənənədir.

Köhnə Zalsburq memarlıq üslublarının rəngarəngliyi ilə əsl xəzinədir. 1997-ci ildə Köhnə Şəhər UNESCO tərəfindən "Dünya Mədəniyyət İrsi" elan edilib. Köhnə Şəhərin çoxsaylı kiçik dolanbac küçələri ilə asta-asta gedərək məhdud məkanda müxtəlif dövrlərin binalarını görə bilərsiniz.

Qaya üzərində qala, At Hamamı və Mönxsberq

Köhnə Şəhərin yerləşdiyi məkanın özü heyrət doğurur: Çayla qayalıqlı Mönxsberq (rahib dağı) və Festunqberq (qala dağları) dağları arasındakı dar zolaqda yerləşən Hoenzalsburq qalası Zalsburqun rəmzidir. 1077-ci ildə zirvədə inşa edilmiş bu qala şəhərin demək olar ki, hər yerindən görünür. Zalsburqa dair bütün açıqcalarda onun şəkli var. Bu, Avropanın ən böyük və ən yaxşı qalmış qala komplekslərindən biridir. Qaladan Zalsburq şəhərinə və ətraf ərazilərə heyrətamiz mənzərə açılır. Qala ərazisinə ekskursiya çərçivəsində unikal Knyaz otaqları, Zalsburq öküzü (500 yaşlı, mexanizmləri işlək vəziyyətdə olan orqan), habelə müdafiə tikililəri və işgəncə kameralarını görmək mümkündür.

Yeri gəlmişkən, 1767-ci ildə Mönxsberq dağının altından Avropanın ən qədim tunellərindən biri çəkilib və ondan bu gün də istifadə olunur.

Köhnə şəhəri gəzə-gəzə mərkəzi meydana - Rezidentsplatsa gəlib çıxırıq. Bu meydan italyan memarların rəhbərliyi ilə XVII əsrin əvvəllərində salınıb. Mərkəzi meydandakı barokko üslublu Tomazo di Qarona fəvvarəsi Untersberq dağının mərmərindən düzəldilib, hündürlüyü 15 metrdir. O, Alpın şimal ətəklərində ən böyük və ən gözəl barokko fəvvarəsi hesab olunur. Meydanın qərb tərəfində arxiyepiskop iqamətgahı ucalır. O, Zalsburq knyaz-arxiyepiskoplarının keçmiş təntənəli sarayı, onların dini-dünyəvi hakimiyyətinin mərkəzi olub. Bu monumental bina kompleksi barədə salnamələrdə ilk qeyd 1232-ci ilə aiddir. İqamətgaha ekskursiyada iki əsrin təsviri incəsənətinin tarixini izləmək olar. Rəngkarlıq sənəti, memarlıq və plafon rəssamlığı şedevrləri, freskalar, gips bəzəkləri, tikmələr, mərmər portallar, çoxsaylı qiymətli saatlar və rəsmlər həmin dövrün sərvətləri barədə təsəvvür yaradır.

Köhnə Şəhərin ən məşhur yerlərindən biri də At Hamamıdır. Bu, Kapitelplatts meydanında Neptunun heykəli ilə birgə ağ mərmər fəvvarədir. Əvvəllər burada arxiyepiskop tövlələrində saxlanılan atları çimizdirirdilər.

Zalsburq sakinləri gözəllik aşiqləridir. Təəccüblü deyil ki, hətta yerli qəbiristanlıq dünyanın ən gözəl məzarlığı sayılır! Söhbət müqəddəs Peter qəbiristanlığından gedir. 1300 il ərzində burada məşhur insanlar, o cümlədən Motsart və Mixael Haydn son mənzillərini tapıb. Qəbiristanlığın özəlliklərindən biri Mönxsberq dağındakı katakombalar və monastır çörəkxanasıdır. Onların da dünyanın ən qədimlərindən olduğu iddia edilir.

Sonra yolumuzu Mönxsberq dağı ətəyindəki Müasir İncəsənət Muzeyindən saldıq. Muzeyin birinci mərtəbəsindəki lift sizi Mönxsberq terrasına çıxaracaq. Zalsburq şəhəri terrasdan ovuc içi kimi görünür.

Motsartla şam yeməyi və əyləncəli fəvvarələr

Zalsburqun məşhur övladı Volfqanq Amadey Motsartın şəhərə təsiri danılmazdır. Onun doğulduğu Getraydeqasse küçəsindəki ev, Makartplatts küçəsində yaşadığı bina və Motsartın musiqisi Zalsburqa səyahətin kulminasiya nöqtəsi hesab olunur. "Stiftskeller St. Peter" restoranında isə Motsart musiqisi altında şam yeməyi (Mozart Dinner Concerts) verilir.

Bu restoran barədə ilk qeyd 803-cü ilə, imperator Böyük Karlın tərəfdarı olmuş rahib Alkuinə aiddir və "Stiftskeller St. Peter"in Avropada, bəlkə də dünyada ən qədim restoran olduğu iddia edilir - onun 1200 yaşı var! Restoran indi də tarixinin başlandığı yerdə, Köhnə Şəhərdəki Müqəddəs Peter abbatlığında yerləşir.

Motsartın əsərlərindən ibarət konsert restoranın geniş zalında keçirilir. Tarixi reallığa uyğun olaraq, burada elektrik işıqları əvəzinə, şamlar yandırılır. Çıxışlar arasında süfrəyə Motsartın yaşadığı dövrün reseptləri əsasında hazırlanan yeməklər gətirilir: yerli yağla ənənəvi qara çörək, zərif limon tamlı bulyon, tərəvəzli toyuğun döş əti və qızardılmış kartof, eləcə də meyvə sousu ilə dondurulmuş bal deserti.

Ertəsi gün bizi Zalsburqun ən məşhur sarayına - geniş park və dünyada yeganə əyləncəli fəvvarələri olan Helbrunna səfər gözləyirdi.

1612-ci ildə, hakimiyyətə gəlişindən bir neçə ay sonra Zalsburqun knyaz-arxiyepiskopu Markus Sittikus fon Hoenems bol sulu Helbrunn dağının ətəyində şəhərkənarı sarayın inşası barədə əmr verir. İtalyan mədəniyyəti və incəsənətinin aşiqi olan Markus Sittikus əzəməti və gözəlliyi ilə cənub nümunələrinin oxşarı olan yay iqamətgahının ("Villa suburbana") tikintisini Kafedral kilsənin inşası ilə məşhurlaşmış memar Santino Salyariyə tapşırır. Beləliklə, çox qısa müddətdə Zalsburq şəhərinin cənub hissəsində memarlıq incisi yaranır. O, Alp dağlarının şimalında İntibah üslubunda tikilən ən dəbdəbəli yaradıcılıq məhsulu hesab edilir.

Helbrunn, demək olar ki, 400 ildir əyləncə tədbirlərinin mərkəzidir. Saraya təşrif gətirən qonaq işıq və kölgə, qorxu və əyləncə hisslərinin daimi yerdəyişməsinə şahid olur. Əyləncəli fəvvarələr arasında ən məşhuru qapaqlı fəvvarədir. Əvvəlcə tamaşaçı daş fincanın içərisindəki metal qapağı görür, qapaq qəflətən qalxıb-enməyə başlayır, sonra havaya su şırnağı yüksəlir. Tədricən suyun təzyiqi azalır və qapaq yerinə qayıdır.

1730-cu ildə imperator bağlarının müfəttişi Frans Anton Danrayterin planına əsasən, geniş parkın forması dəyişdirilib və çağın "yeni" ruhuna uyğunlaşdırılıb.

Knyaz-arxiyepiskop Markus Sittikus Helbrunndakı təbii daş karxanasını səhnəyə çevirmək barədə əmr verib və beləcə, Avropada açıq səma altında ən qədim səhnə - "Daş Teatrı" yaranıb.

Şirin final

Zalsburqu tərk etməzdən əvvəl bələdçinin tövsiyəsi ilə məşhur "Motsart" konfetlərini daddıq. Təxminən yüz il əvvəl zalsburqlu şirniyyatçı Paul Fürst bu gün dünyada çox məşhur olan bu konfeti icad edib. Yaşıl fıstıq, nazik nuqa qatı və tünd şokolad şirəsindən ibarət "Motsartkuqel" konfetləri indi də əl ilə, eyni reseptlə hazırlanır və yalnız Zalsburqun dörd qənnadı mağazasında satılır. Bu mağazalardan biri Getraydeqasse küçəsində yerləşir. Bir konfetin qiyməti 1,2 avrodur.

Avstriyalı şirniyyatçı Frans Zaxerin çox məşhur "Zaxer" tortunun dadına da məhz Zalsburqda baxdıq.

Nəhayət, daha bir Zalsburq desertini qeyd etmək istəyirik. Onu "Crowne Plaza Salzburg" otelinin altıncı mərtəbəsindəki "Imlauer Sky Bar" restoranında daddıq. "Nokerl" deserti elə böyük idi ki, üç adama kifayət edərdi. Məzuniyyətinizi Zalsburqda keçirsəniz, istirahətiniz də bu cür şirin ola bilər!

Milli.Az




































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR