Müsəlman ölkəsində hotdoq'n adını dəyişirlər

Müsəlman ölkəsində hotdoq'n adını dəyişirlər
22:57 3 Noyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əhalisinin 60 faizdən çoxu müsəlman olan Malayziya hökuməti ölkədə qida satışı ilə məşğul olan şirkətlərə "hotdoq"un adını dəyişməyi tapşırıb. Əks halda bu şirkətlərə halal sertifikatı verilməyə bilər. "Hotdoq"un adındakı "dog" sözü ingiliscə "it" deməkdir. İtlərsə İslamda natəmiz sayılır və qida ilə əlaqələndirilə bilməz.

Malayziya hökumətinin əsas dini qurumu olan Malayziya İslam İnkişaf Departamenti hökumətə müraciətində bu addımı atmağı xahiş edib. Hökumətin bu çağırışı əhali arasında gülüş doğursa da, tətbiq olunacaq.

MÜSƏLMAN TURİSTLƏR ŞİKAYƏTLƏNİRMİŞ

Müsəlman turistlərin yeməyin adından şikayətləndiyi bildirilir. Məsələ burasındadır ki, Qərbdə bu yeməyin tərkibində çox zaman donuz əti olur. Ancaq Malayziyada onu halal toyuqdan düzəldirlər.

İslam İnkişaf Departamentinin halal şöbəsinin müdiri Sirajuddin Suhaimee-nin sözlərinə görə, "hotdoq"un adı istehlakçıları çaşdırırmış.

"Biz istehlakçıları çaşdıran hər hansı halal məhsulun adını dəyişməliyik. İslamda itlər natəmiz sayılır və onların adı halal sertifikatı ilə bağlı ola bilməz", deyə Suhaimee bildirib.

BBC xəbər verir ki, Malayziyada onlarla dükanı olan ABŞ-ın məşhur "Auntie Anne's" qida şəbəkəsi "hotdoq"larının adını dəyişib "Pretzel Sausage" qoyana qədər halal sertifikatı ala bilməyib.

Şirkət bildirib ki, məhsulun adını dəyişmək onun üçün problem deyil.

"BİZİ SƏFEH GÖSTƏRMƏYİN"

Ancaq hökumətin heç də bütün nazirləri bu qərarı dəstəkləmir. Malayziyanın Turizm və Mədəniyyət naziri Nazri Aziz qərarı "səfeh və geridəqalmış" adlandırıb. O, jurnalistlərə deyib ki, özü müsəlman olsa da "hotdoq" sözüylə özünü təhqir olunmuş saymayıb.

""Hot dog" ingilis dilindən gəlir. Xahiş edirəm, bizi səfeh və geridəqalmış kimi göstərməyin", deyə o bildirib.

"Root beer" (hərfi tərcüməsi "kök pivəsi") limonadının adı da 2009-cu ildən bəri dəyişdirilib. İçkinin özünün tərkibində alkoqol olmasa da, adındakı "beer" ("pivə") sözü adın dəyişdirilməsinə kifayət edib.

Ötən il ölkə bazarlarına halal mineral su çıxarılıb.

"Halal" ərəbcə "icazə verilən" deməkdir. Qidaya tətbiq ediləndə, bu söz islam qaydalarına uyğun olaraq "yeyilə bilən" anlamına gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR