Məsuliyyətsizlik həyatımız bahasına başa gələ bilər

Məsuliyyətsizlik həyatımız bahasına başa gələ bilər
08:37 4 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaman-zaman yaşayış binalarında liftin trosunun qırılması, bunun nəticəsində əhalinin xəsarət alması, bəzən həyatını itirməsi barədə xəbərlərlə rastlaşırıq. Belə hadisələr əsasən köhnə binalarda baş verir. Bu isə daha çox həmin binalarda liftin istifadə müddətinin başa çatması, eyni zamanda əhalinin liftdən düzgün istifadə etməməsi ilə izah olunur.

Dünən ölkə mətbuatında "Liftin trosu qırıldı, 8 nəfər xəsarət aldı" başlıqlı yazı dərc olunmuşdu. Verilən məlumatlara görə, hadisə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə noyabrın 1-də axşam saat 21.30 radələrində qeydə alınıb.

Yeddimərtəbəli binanın 3-cü mərtəbəsində tros qırıldığından lift şaxtaya düşüb. Nəticədə liftdə olan şəxslər - 1965-ci il təvəllüdlü Aydın Məmmədov, 1979-cu il təvəllüdlü Faiq Heydərov, 1977-ci il təvəllüdlü Samir Poladov, 1955-ci il təvəllüdlü Musa Cəlalov, 1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1980-cı il təvəllüdlü Emil Raviloğlu, 1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
ANAMA hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumdan verilən məlumata görə, hadisə srağagün axşam - işçilər evə gedərkən baş verib. Dünənsə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. "Müəyyən edilib ki, liftin trosu qırılmayıb. Sadəcə lift normadan çox yükləndiyindən avtomatik əyləc sistemi işə düşüb və lift sərt şəkildə dayana-dayana aşağı enib. Nəticədə əməkdaşlar yüngül xəsarət alıblar", - deyə ANAMA-dan bildirilib.

Milli.Az xəbər verir ki, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlı "Ekspress"ə bildirib ki, liftin sıradan çıxması hansısa dövlət orqanının binasında baş veribsə, bu, çox təəssüf doğuran bir məsələdir: "Hüquqi şəxslərin, dövlət təşkilatlarının yerləşdiyi və istifadəsində olan binaların bu cür qurğularına bilavasitə balans saxlayan təşkilat nəzarət etməlidir. Təəssüflər olsun ki, əksər hallarda dövlət qurumlarında belə məsuliyyətsizliyə yol verilir. Hesab edirəm ki, bu həmin təşkilatda bilavasitə təsərrüfata baxan, nəzarət edən işçilərin məsuliyyətsizliyindən irəli gəlir. Dövlət orqanı binasında liftdəki nasazlıq üzündən insanların xəsarət alması təəssüfdoğurucu məqamdır".

Vətəndaşların liftdən düzgün istifadə etməsi məsələsinə gəlincə, Osmanlı bildirib ki, bununla bağlı ciddi problemlər var: "Belə ki, vətəndaşlar liftlərdən düzgün istifadə etmirlər. Bu problemin yaranma səbəblərindən biri də məlumatsızlıqdır. Liftdən istifadə ilə bağlı qaydalar var. Qaydalarda liftlərə neçə nəfərin minə biləcəyi, liftin neçə kiloqram yükə tab gətirə biləcəyi barədə məlumatlar var. Bu məsələlərə nəzarət olunmalıdır. Hər hansı dövlət qurumu liftlərinin qarşısında buna nəzarət edən gözətçi qoya bilməz. Maarifləndirmə işi aparmalıdır. Bu məsələ vətəndaşların özündən də asılıdır. Liftdən istifadə qaydalarına məsuliyyətlə yanaşmalıdırlar".

Ekspert onu da əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda lift təsərrüfatı çox bərbad vəziyyətdədir: "Xüsusilə də, köhnə binalarda. Lift təsərrüfat xidmətinin təşkili, bu xidmətin aparılması, ümumilikdə köhnə liftlərin təmiri və saxlanması ilə bağlı vəziyyət həqiqətən də acınacaqlıdır",- deyən müsahibimizə görə, bir çox binalarda liftlər yenilənsə də, bu, işin tam görülməsi demək deyil. Dediyinə görə, həmin liftlər mütəmadi yoxlanılmalı, həmin liftlərdəki nasazlıqlar aradan qaldırılmalı, liftlərin təmiri və bərpası ilə bağlı davamlı işlər görülməlidir. "Təəssüflər olsun ki, bu addımlar ürəkaçan deyil. Bu həm də onunla bağlıdır ki, bu sahədə çalışan işçilərin əmək haqları azdır".

Bakı Lift İstehsalat Birliyinin nümayəndəsi qəzetimizə bildirib ki, yeni liftlərə normadan çox adam daxil olarsa, liftdə xüsusi siqnal işə düşür və insanlar bundan xəbərdar olurlar. "Həm də lift getmir. Köhnə tipli liftlər isə sadəcə dayanır, hərəkət eləmir".

Birlikdən deyilib ki, liftlərin troslarının qırılması hər an baş vermir: "Bu, mində bir baş verən hadisədir. Liftin əyləci 30-40 sm sürüşə bilər. Bu, araşdırılmalıdır. Belə hadisələr baş verməsin deyə qabaqlayıcı tədbirlər görülməlidir. Liftin qoruyucu mexanizmləri nəzarətdə olmalıdır. Onların işlək olub-olmaması barədə hər dəfə əmin olmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR