Həyatımızla oynayan avtobus sürücüləri...

Həyatımızla oynayan avtobus sürücüləri...
08:57 4 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Marşrut avtobuslarında çay, qəhvə içə-içə, dönər yeyə-yeyə avtobus idarə edən sürücüləri hər birimiz görmüşük. Bu o qədər adi hal alıb ki, hətta buna elə də əhəmiyyət vermirik. Ekspertlərsə qaydalara görə, sürücünün mütləq sükanı iki əllə tutmalı olduğunu, əks halda bunun faciə ilə nəticələnəciyini deyirlər.

Sosial şəbəkədə paylaşılan bir foto müzakirələrə səbəb olub. Çay içə-içə marşrutu idarə edən sürücünün yayımlanan şəkli istifadəçilər arasında fikir ayrılığı yaradıb. Belə ki, bir qisim sürücünü tənqid edir, qınayır, bir qismi isə ona bəraət qazandırıb. Şərhlərdə bildirilir ki, sürücülərdə günah yoxdur. "Onlar plan verməlidirlər. Buna görə də nahara çıxmırlar. Bir "oborod" qalsalar, evlərinə çörək apara bilməyəcəklər. Maaş verilsə, adam kimi "obed"ə çıxarlar".

Milli.Az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da "Ekspress"ə bildirib ki, sürücülər planla işləməyə məcbur olduqlarından, sahibkarlar onların qayda pozuntularına göz yumurlar. "Amma bu o demək deyil ki, sürücü yolda sükan arxasında qəhvə və ya bir stəkan su içirsə, bu, ona haqq qazandırır ki, acdı və ya susuzdu. Sürücünün bu məsuliyyətsizliyinə bəraət qazandırılması, onun vəziyyətinin ağır olması, maaş az alması, sahibkar tərəfindən əzilməsi kimi göstərilməsi də doğru deyil. Biz hər şeyə göz yumsaq, o zaman problemlərin həlli olmayacaq. Bəli, sürücü nöqsana yol verib, ümumiyyətlə, belə hal olmamalıdır. Sürücü su içmək istəyirsə, suyunu içməlidir. Əgər Əmək Məcəlləsinə uyğun şəkildə hüquqları pozularsa, o zaman bununla bağlı şikayət edə bilər. Amma heç vaxt sərnişini təhlükəyə qoyacaq davranışlar sərgiləyə bilməz".

Yol təhlükəsizliyi və hərəkətləri qaydaları üzrə ekspert Azər Allahverənovun qəzetimizə dediyinə görə, bu kimi hallara plandan asılı olan marşrut avtobuslarında daha çox rast gəlinir: "Bir əliylə sükanı saxlayıb, o biriylə yemək yemək, çay içmək yolverilməzdir. Kim deyirsə ki, bu sürücü yazıqdır, həmin insanları başa düşə bilmirəm. Çünki həmin avtobus sürücüsünün avtobusla daşıdığı insanlar da yazıqdır. Sürücü sükanı birəlli idarə edərkən hansısa qəza vəziyyətinə düşər və belə bir fors-major vəziyyətdən çıxmaq üçün çeviklik, operativlik baxımdan nəqliyyat vasitəsini iki əllə idarə etməlidir. Sürücü bir əlində çay və ya kofe tutubsa, onun diqqəti həmin an içkisində, yeməyində olur. Bunlar yolverilməzdir".

Onun sözlərinə görə, qanunda birmənalı şəkildə göstərilir ki, nəqliyyat vasitəsini idarə edərkən telefonla danışmaq olmaz və bu hərəkət cərimə sanksiyasına məruz qalır: "Ona görə ki, həmin məqamda sürücü bir əliylə telefonu tutur və bir əllə sükanı idarə etmək məcburiyyətində qalır, üstəlik onun diqqəti də yayınır. Məhz təhlükəsizlik baxımından sürücülərə nəqliyyat vasitəsini idarə edərkən sükanı iki əllə tutmaq tövsiyə olunur".

Onun dediyinə görə, bunun qarşısının alınması üçün maarifləndirmə işi aparılmalı və avtobusların mənsub olduğu şirkət sahibləri bir qayda olaraq bu məsələ üzərində nəzarəti gücləndirməlidir: "Avtobus sürücüsü sərnişinləri təyinat nöqtələrinə təhlükəsiz şəkildə çatdırmağa borcludurlar. Təhlükəsiz şəkildə çatdırmağa maneçilik törədən hər hansı bir hərəkəti, təbii ki, onun tərəfindən törədilən xəta kimi dəyərləndirilməlidir".

Yeri gəlmişkən, Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində tanış olmaq məqsədi ilə montirinqləri davam etdirir. Qurumdan bildirilib ki, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib. Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır. BNA-nın baş direktoru Vüsal Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb. Kərimli müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Baş direktor bildirib ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıb. Bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yararsız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək. Baş direktor sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR