“Peşəkar üçün 3 dəqiqə yetərlidir...”

“Peşəkar üçün 3 dəqiqə yetərlidir...”
13:19 4 Noyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

XALQ  ARTİSTİ, DİRİJOR YALÇIN ADIGÖZƏLOVLA “ HƏYAT DƏRSİ”
 
...Bilirsiniz, biz o zaman uşaq idik. Korifeylərlə ünsiyyətdə olduğumuzu o qədər də anlamırdıq. Çünki uşaq onu dərk edə bilməz. Biz yaşadığımız evdə - bəstəkarlar evində Tofiq Quliyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Nazim Əliverdibəyov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Musa Mirzəyev, Arif Məlikov, İbrahim Məmmədov kimi sənətkarlar yaşayırdı. Yəni Azərbaycan bəstəkarlıq məktəbinin orta nəsli... Sonralar anladıq, dərk etdik ki, sən demə, biz böyük şəxsiyyətlər, böyük sənətkarlar arasında böyüyüb boya-başa çatmışıq. Onlar bizim həm qonşularımız, həm də, eyni amanda, müəllimlərimiz idilər. Çünki həm məktəbdə, həm də Konservatoriyada onlardan dərs alırdıq. Bugünkü günlə müqayisə etdikdə münasibətlər fərqli idi. Mən gileylənmirəm, çünki, bilirsiniz, deyirlər, insanlar dəyişir, zəmanə dəyişir. Amma bəzi fərqlər var idi. Böyüyə hörmət, ağsaqqala hörmət, valideynin sözünü duymaq, ona hörmət etmək, onların heç bir sözündən çıxmamaq, utanmaq və s. Bu çox vacib məsələlər idi, çünki insan, əgər nədənsə utanırsa, demək o, nəyisə öyrənir, nədənsə çəkinir. Biz onların qarşısında hər zaman özümüzü belə aparmışıq, belə görmüşük, belə böyümüşük. Ona görə öz övladlarımıza da bunu öyrətməyə çalışırıq,  həmin keyfiyyətləri onlarla paylaşmaq istəyirik. Tamamilə razıyam Sizinlə, biz xoşbəxt nəsil idik. Çünki onlar getdi. Belə bir söz var, gedənlərin yerinə, mütləq, başqaları gəlir və həyat davam edir. Amma, məncə, hər insanın, hər sənətkarın, hər şəxsiyyətin özünəməxsus, təkrarolunmaz bir siması, həyat fəlsəfəsi, izi var. Kim Qara müəllimi, Fikrət müəllimi, ya Rəşidi, ya Şövkət xanımı, ya Soltan Hacıbəyovu, Cövdəd müəllimi təkrar edə bilər?  Heç kim! Onlar ulduzlardır, parladılar və tarix yazdılar. Biz də onların kölgəsində bir sığınacaq tapmışıq, çalışırıq onlar etdikləri işləri qoruyub saxlayaq və bir az da təbliğ edək. Bax, bizim missiyamız budur, məncə.
 
...Bilirsiniz, xaricə çıxmaq bizim qazancımız deyil ki, o zəmanənin qazancıdır. Çünki, məsələn, maestro Niyazi indi yaşasa idi, bütün dünyanı fəth edəcəkdi, buna heç bir şübhə yoxdur. Onun kimi parlaq ustad indiki dövrdə Amerikadan tutmuş, bütün Avropa, Asiya ölkələrinin hamısında məşhur ola bilərdi. Amma o vaxtlar- Sovetlərin vaxtında Azərbaycandan çıxmaq nə qədər çətin idi... Mütləq Moskva üzərindən keçməli idin, mütləq hər şey KQB-nin nəzarəti altında idi. Bizim, təkcə, dirijorlarımız deyil, həm bəstəkarlarımız, həm pianoçularımız, həm vokal ifaçılarımız üçün daha çətin idi. Bizim zəmanədə bizim nəsil üçün bir az daha asan oldu. Çünki, məsələn, siz dediyiniz kimi, mən gedib Sankt-Peterburqda İlya Musinin sinfində 5 il təhsil aldım,. Ondan sonra, ilk dəfə olaraq, ilk azərbaycanlı olaraq, Vyanada təcrübə keçdim. Mən keçən həftə Vyanada idim, gedib o məktəbin qarşısında yenə durdum, baxdım gördüm ki, heç nə dəyişməyib. Bilirsiniz, bu, böyük ölkələrin, böyük mədəniyyətlərin göstəricisidir. Çünki həmin musiqi dükanından, haradan ki, mən 25 il əvvəl özümə not alırdım, partitura alırdım, yenə getdim həmin partituradan aldım. Dükanın, hətta, açılma saatı da eynidir, heç nə dəyişməyib, ünvanı da eynidir. Bu dükan necə var idi, eləcə də qalıb. Həmin yerdə, həmin küçədə məşhur Doblinger dükanı var, orada da heç nə dəyişmir. Biz dəyişirik. Baxın, bugünkü nəslin qarşısında artıq heç bir problem yoxdur. Onlar istədikləri ölkəyə gedə bilirlər, istədikləri Konservatoriyaya gedə, istədikləri səhnəyə çıxa bilirlər. Bu gün baxın, görün neçə azərbaycanlı gənc musiqiçimiz İtaliyada, Almaniyada, Fransada, Amerikada- bütün dünyada səhnəyə çıxır. Bu, 25-30 il əvvəl mümkün ola bilərdi? Əlbəttə ki, yox. Onlar bizdən daha şanslıdırlar. Amma bizim onlardan tələbimiz də çox olacaq. Biz onlardan daha çox şey gözləyəcəyik. Çünki Fikrət müəllim, ya Qara müəllim hara çıxa bilirdilər...  Baxmayın ki, onlar SSRİ Xalq artistləri idilər, ikisi də deputat idilər. Orta nəsil bəstəkarlar üçün daha çətin idi. Mən, məsələn, atamın ətrafında olan dostlarını da deyirəm, elə onun özünü də. Daha çətin idi. O barədə biz, əlbəttə ki, şanslı idik. Amma bugünkü cavanlar bizdən daha şanslıdırlar, mən belə düşünürəm.
 
...Qaldı ki, hansı ölkədən nəyi görüb-götürmək məsələsinə,Vallah ölkədən asılıdır. Elə ölkə var, biz gedib oradan çox şey götürürük. Amma elə ölkə var, biz gedirik, onlar bizdən çox şey götürür. Azərbaycan musiqisi, musiqi mədəniyyəti o qədər zəngin, o qədər yüksəkdir ki,  biz bütün dünyada alnıaçıq, heç nədən çəkinməyərək, öz musiqi mədəniyyətimizi həm təmsil edirik, həm təbliğ edirik, həm də ifa edirik. Amerikanı, Braziliyanı, Meksikanımı deyim, İngiltərənin lap aparıcı orkestrlərini, Çini, İtaliyanımı deyim... Bir dəfə də olmadı ki, bizim orada musiqi mədəniyyətimizi təbliğ edəndə, kimsə bizim musiqimizin səviyyəsinə  şübhə etsin. Heç uzağa getməyək, keçən həftə Vyanada Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa etdim. Məşqlər  gedirdi. Ağır əsərdir, bilirsiniz, çox ağır əsərdir. Mən məşqlərin sonunda onlara dedim ki, bilirsiniz, bu dahiyanə simfoniyanı yazıb bitirəndə bu gənc bəstəkarın cəmi 22 yaşı var idi. İnanmadılar. Sonra Fikrət Cəmileviçin bir məşhur, uşaqlıq, gənclik şəkli var, araqçınlı, Şuşada çəkilib, dedim baxın, bu gənc oğlan 22 yaşında əlində tar belə bir əsər yazıb. Bu gün Fikrət Əmirovun oğlu- mənin dostum Cəmil Əmirov babasının- Qarabağda Məşədi Cəmilin qəbrini ziyarət edə bilmir. Qadınların gözləri  doldu. Dedilər, bu necə ola bilər?.. Belədir, bu siyasətdir, amma bu da bizim mədəniyyətimiz, bu da bizim ortaya qoyduğumuz əsərlərin dili ilə siyasətdir. Demək istəyirəm ki, bizim silahımız budur. Azərbaycan musiqisinin qarşısında hamı papağını çıxartmalıdır. Nə qazax, nə qırğız, nə türkmən, nə özbək, nə eston, nə latış, nə ukraynalı, nə belarus, nə gürcü- heç kim istisna deyil. İndi Rusiya böyük dövlət idi, orada Şostakoviç var idi, Prokofyev var idi. Amma Azərbaycan olaraq, biz hər zaman irəlidə olmuşuq, biz hər zaman zirvədə olmuşuq. Çünki nədən? Bizim Üzeyir bəyimiz var. Bunların hamısının təməlini qoyan, bunların kökünü qoyan o dahiyanə insandır. Atamın sözü olmasın, mədəniyyətimizin peyğəmbəri Üzeyir bəy olmasaydı, heç nə olmayacaqdı. Üzeyir bəy, sonra Qara, Fikrət, Niyazi, sonra davamı gəldi, Cövdəd, Soltan...
 
...İnsan nəyi isə bacarıb sevir, yoxsa əksinə?.. Əlbəttə ki, birinci bacarıqdır. Bacarıq haradan gələr? Bacarıq, əvvəla, çalışmaqdan gələr... Mən piano arxasına keçib orkestri duyurdum, hiss edirdim, eşidirdim. Amma mən orkestr qarşısında duranda əlimdə bir nazik çubuqdan başqa heç nə yoxdur, bəzən çubuq da yoxdur. Və qarşımda oturan bu 100 nəfəri, opera tamaşalarında bəzən 200 nəfəri bir araya gətirib, onların hamısını həyəcanlandırmalıyam... Dirijorun missiyası nədir? Sən, gərək, o musiqiçini inandırasan ki, biz burada bir möcüzə yaradacağıq. Çünki o əsərin müəllifi həyatda yoxdur. Məsələn, sabah axşam filarmoniyada konsertimiz var, Motsart və Bethoven. Ancaq 250 il bundan əvvəl dünyalarını dəyişən Vyana klassiklərini ifa edirik. Amma o notda nə var? Sadəcə işarələr.. Biz onu yaşatmalıyıq və biz bunu musiqiçilərlə, orkestrlə bir yerdə etməliyik.  Hər bir musiqiçi hiss etməlidir ki, bu prosesdə onun fəal iştirakı var. O olanda onda ortaya yaradıcılıq çıxır, həyəcan çıxır.
 
...Öyrənmək heç zaman bitmir. Məsələn, keçmiş sovetlərdə belə bir qayda var idi. Dirijorluq fakültəsinə daxil olmaq üçün sən, mütləq, bir Konservatoriyanı bitirib diplom almalı idin. Yəni birdən-birə 11 illikdən, Bülbül adına məktəbdən, ya da ki, kollecdən gəlib  dirijorluq fakültəsinə daxil ola bilməzsən. Sən, mütləq, gərək ya pianoçu kimi, ya skripkaçı kimi, ya bəstəkar kimi konservatoriyanı bitirəsən, diplomunu alasan, sonra gəlib yenidən 1-ci kursda oturub 5 il də dirijorluq oxuyasan. Məndə belə oldu. Mən Konservatoriyanı pianoçu kimi bitirdim. Sonra getdim 5 il İ. Musinin sinfində Leninqradda yenidən ikinci musiqi peşəmi- dirijorluğu oxudum, ondan sonra da iki il getdim Vyanada təcrübə keçdim. Yəni mən Azərbaycana qayıdanda artıq mənim 30 yaşım vardı. 30 yaşıma qədər oxumuşam. Dirijor sənəti belədir. Durub-duran yerdə dirijorlara maestro demirlər. O yer ki var, biz orkestrin qarşısında dururuq, o çox təhlükəli bir yerdir. Orada durmaq üçün sənin, gərək, biliyin, mədəniyyətin, musiqi duyumun, həyat fəlsəfən, dünyaya baxışların, fikirlərin, olduqca, zəngin olsun. Orada durmaq üçün çox şeyi bilməlisən. O böyük bir məsuliyyətdir.
 
... Həyat fəlsəfəsini bilməsən, o möcüzə yaranmaz. Sən əgər, sadəcə, durub orkestrə taktları vuracaqsansa, onu hamı edə bilər. Sirkə gedəndə dovşanların da əlinə dirijor çubuğu verirlər, onlar da nəsə edirlər, baraban çalırlar. Amma burada dirijor, Əstəğfürullah, pis çıxmasın, bir az Tanrı ilə bəstəkarın arasında dayanan bir vasitəçidir. Çünki onu heç kim bilmir, bəstəkar  bi əsəri yazanda həyatında hansı həyəcanları yaşayıb, o vaxt əhvalı necə olub, kimdən küsüb, kimi sevib, kiminlə yaşayıb, kimdən inciyib, nəyə görə bu əsəri yazıb. Sən bunların hamısını bilməlisən, bunları görüb ürəyindən keçirməlisən, ondan sonra musiqiçilərlə paylaşmalısan. Onda ortaya bir şey çıxa bilər. Xaricə səfərə gedəndə 3 dəqiqəyə orkestrin üzvləri məni öyrənirlər, mən də onları. Peşəkar üçün 3 dəqiqə yetərlidir. Mən onların qarşısında duranda 3 dəqiqədən sonra bilirəm, bu orkestrin səviyyəsi nədir. Və bilirəm ki, bunların baş dirijorları, davamlı dirijorları varsa, musiqi rəhbərləri varsa, onların səviyyəsi necədir. Musiqiçi də, bəlkə heç 3 dəqiqə də çəkmir, 2 dəqiqədən sonra bilir qarşısında duran dirijorun səviyyəsi nədir. Hətta bəzən səhnənin qırağından çıxıb birinci dəfə onların qarşısında durana qədər artıq bilirlər, kim burada hökm verəcək...Orkestr dirijoru yenəcək, yoxsa dirijor orkestri...
 
...Auditoriyanın bizə təsiri varmı?..Sözsüz. Mən hər zaman kürəyimlə auditoriyanı hiss edirəm. Ən çətin auditoriya, təəssüflər olsun ki, Bakıdır. Çünki xaricdə səhnəyə çıxanda bizi orada qonaq kimi qəbul edirlər. Onlar konsertə gəlirlər, yeni bir əsər dinləmək, duymaq istəyirlər, yeni bir dirijor qarşılarına çıxır. Maraqla onu gəlib izləyirlər. Auditoriyanın 90 faizi gəlib səni orada açıq ürəklə qucaqlamaq istəyir. Konsertdən sonra da. Bakı çox çətindir. Çünki Bakıda dostlarımız da, maşallah, az deyil, qohumlarımız da var, bizi istəyən insanlar da var. Amma mən, bəzən Bakıda zaldan gələn o soyuq şüaları, arxamdan ox atanları çox yaxşı hiss edirəm.
 
...Mən bir şeyi öyrənmişəm artıq, bilmirəm, təcrübə ilə bağlıdır, ya yaşlanmışam... Onlar artıq mənə təsir etmir. Çünki bizim aramızda görünməyən bir divar var. Mən həmişə orkestrin üzvlərinə deyirəm ki, siz ifa edəndə zala baxmayın. Teatr başqadır. Teatrda zalda oturan tamaşaçı ilə bir kontakt olmalıdır. Amma simfonik orkestrdə bizim burada öz möcüzəmiz var. Zal bilməməlidir.  Ona görə musiqiçilər zala baxmamalıdırlar, çünki baxanda o pərdə qırılır. Mənim üçün, məsələn, fərqi yoxdur, zalda bir nəfər var, on nəfər var, ya yüz nəfər var. O qədər olub ki, 90-cı illərin əvvəllərində mən orkestrdə bədii rəhbər işləyəndə, zalda 10-20 nəfər olurdu. Biz yenə də bütün ustalığımızı ortaya qoyurduq. Dirijor məşqdənkənar vaxtlarda da çox işləyir. Gecələr partituranı öyrənirik.  Faktiki, demək olar ki, əzbər öyrənirik. Çünki partituranı öyrənməsək, bizim orkestrin qarşısına çıxmağa ixtiyarımız yoxdur. Hər yeni proqram,  hər konsert, hər tamaşa, hər opera bunu tələb edir. Və bu proses dayanmır, davam edir.
 
...Bizim bütün musiqi uğurlarımızın əsasında duran bizim muğamımızdır. Çünki muğam olmasaydı, bəstəkarlarımızın, demək olar ki, o şedevr əsərlərinin yaranması mümkün olmazdı.  Baxın, Fikrət Əmirovu muğamsız təsəvvür edə bilərsiniz? Üzeyir Hacıbəyovu demirəm, o, bizim atamızdır. Vasif müəllimin əsərləri... Hamısı muğam üzərindədir. Biz hiss etdik ki, təmiz muğamı duymaq üçün, onu yaşamaq üçün, ondan həyəcanlanmaq üçün gərək, mütləq, sənin damarlarında azərbaycanlı qanı olsun. Amma bizim məqsədimiz başqa idi. Biz bunu bütün dünyaya tanıtmaq istəyirdik. Mən fikir verdim ki, xarici dinləyici 5-10 dəqiqə Azərbaycan muğamını dinləyir, qavrayır, çalışır dinləsin. 10-15 dəqiqədən sonra yorulur. Hətta, məsələn,  pəsdən oxuyanda, dinləyirlər. Amma müğənni, muğam ifaçımız zilə keçəndə bəziləri elə bil ki, hürkürlər. Görürəm ki, bir az belə birtəhər baxırlar. 40-45 dəqiqə dəsgah gedir, onu oturub dinləmək üçün sən, gərək, bakılı olasan, qarabağlı olasan.  Sən, gərək, oturub dinləyəsən, bundan zövq alasan, bizim toy məclislərindəki kimi feyziyab olasan. Amma xarici bunu edə bilməz axı. Uşaqlıqdan bu mədəniyyətə hazırlıqlı deyil. Biz bu “Simfo-muğam” layihəsini ona görə fikirləşdik. Həm klassik simfonik musiqimizi- Fikrət Əmirovun, Niyazinin, Vasif müəllimin simfonik muğamlarını, onların içində də  orijinal trio şəklində olan muğamımızı təqdim etdik... Bu qarışdı, miks oldu, onda xarici tamaşaçılar bunları ayaqüstə alqışladılar. 20-yə qədər ölkədə biz bu “Simfo-muğam” layihəmizi təbliğ etmişik, ifa etmişik, artıq kompakt disklərimizi yazdırmışıq, İnşallah, bu yaxınlarda yüksək səviyyədə çıxmalıdır. O baxımdan Qarabağ triosu- Mənsum İbrahimov, Elçin, Elnur mənim yaxın sənət dostlarımdır və mən hər zaman fəxrlə deyirəm ki, onlar çox böyük işlər gördülər. Ondan əvvəl də biz İslam müəllimlə, Səkinə xanımla, Möhlət Müslümovla səhnəyə çıxmışdıq. Amma bu Qarabağ triosu ilə daha çox işlər gördük. Nəzər dəyməsin, bundan sonra da davam edəcək.
 
...Səhnədə, göz dəyməsin, bu vaxtacan gözlənilməz heç nə  olmayıb, 56 yaşa çatmışam, amma o fiaskonu yaşamamışam. Konsert gedə-gedə orkestr ifasını dayandırmayıb. Içəridə  kiçik nüanslar var, nöqsanlar var, onları heç kim duymur, onları biz bilirik. Amma uğurlarımız... Uğurlarımız deyəndə, çox möhtəşəm səhnələrə çıxmışıq, dünyanın aparıcı orkestrləri ilə ifa etmişik. Düzdür, getmədiyimiz ölkələr də var, səhnəyə çıxmadığımız zallar da var, amma hamısını birdən əhatə etmək olmur. Bizim məqsədimiz başqadır. Bizim istəyimiz, məqsədimiz, Azərbaycan musiqisinin çərçivəsini, mümkün olduğu qədər, daha da böyütmək, daha geniş tanıtmaqdır. Amma artıq tanıyırlar. İnişil Braziliyaya ilk dəfə gedəndə orada çox böyük uğur qazandıq. Amma Braziliyaya keçən il gedəndə artıq zalda yer yox idi. İfa etməyə qoymurdular, ifa gedə-gedə durub ayaqüstə alqışlayırdılar, imkan vermirdilər. Axırda məcbur oldum, dedim, bir az sakit olun, qoyun ifamızı edək, sonra alqışlayarsınız. Bizi orada o qədər sevir, tanıyır və gözləyirlər... İngiltərədə də neçə dəfə belə oldu... Qonşu ölkələrdə, yaxın ölkələrdə, Türkiyədə, daha bilirsiniz, türk dostlarımız, sənət dostlarımız Azərbaycan musiqisi qarşısında hər zaman böyük hörmətlə baş əyirlər. Bir Yaponiyada tanımırlar. Bir də, 20 ildir çalışıram, çox təəccüblüdür mənim üçün, amma  burdan-bura, məsələn, mənTəbrizə gedə bilmirəm.  Səbəbləri varsa da, bilirsiniz hansı səbəblərdir. Biz Meksikaya gedirik, Braziliyaya gedirik, Çinə gedirik, Londona gedirik, Romaya gedirik, amma Təbrizə gedə bilmirik.
 
...Maestro Niyazi dahi idi. Bu gün onu görmək mənə nəsib olsa idi, qarşısında baş əyib əlindən öpərdim...Bizim, ən azı, 3-4 operamız var və ən azı 3-4 balet tamaşamız var. Onlar artıq dünyanın aparıcı səhnələrinə çıxmaq haqqını qazanıblar. Biz onu edə bilmirik. Ediriksə, amma çox cüzi miqdarda edirik. Mən simfonik musiqimizi çox təbliğ etmişəm. Təkcə mən yox, mənim digər sənət dostlarım da... Amma məsələn, “1001 gecə”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Koroğlu”, “Sevil”- bunlar incilərdir. Biz bunları dünyaya tanıtmalıyıq və bunun üzərində çalışmalıyıq, çox çalışmalıyıq. İnanıram ki, bu günlər də olacaq...

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR