Gender əsaslı məişət zorakılığının qarşısının alınması
müasir dövrün əsas problemlərindən biridir.
Zorakılığın qurbanları əsasən qadınlardır. Mütəxəssislər belə
hadisələrin qanunvericilikdə olan boşluqlardan, əhali arasında
maarifləndirmə işinin aşağı olmasından, vətəndaşların öz
hüquqlarını zəif bilməsindən, nəzarət və monitorinq mexanizmlərinin
lazımi səviyyədə olmamasından irəli gəldiyini deyirlər.
Məişət zorakılığının və erkən nikahın qurbanı Könül Quliyeva
bizimyol-a bildirib ki, o, fiziki, psixoloji təzyiqlərə məruz
qalıb, o cümlədən təhdid, məcburi və əsassız azadlıqdan məhrum
edilib.
"Mən kiçik dağ rayonunda doğulub yaşamışam. Valideynlərimin böyük
övladıyam. Ağlım kəsəndən evimizdə daim problemlər olub. Anam və
atam bir-birini çox sevirdilər. Lakin ata nənəm evdə hüzur
qoymamışdı. Həmişə evimizdə söz-söhbət və göz yaşları var idi.
Problemlərə baxmayaraq valideynlərim təhsilimizə böyük önəm
verirdilər. Mən rayonumuzda orta məktəbi fərqlənmə ilə bitirib, ali
təhsil almaq üçün Bakıya gəldim. Birinci kursda oxuyarkən bizim
ailə toya dəvət edildi. O zaman mənim 17 yaşım yeni tamam olmuşdu.
Toy atamın uzaq qohumunun ailəsində idi. Biz qohum olsaq da,
Naxçıvanda yaşayan qohumlarımı tanımırdım. Toya mən də gedəsi
oldum. Toydan iki gün sonra başıma gələcəkləri və acınacaqlı bir
həyata qədəm qoyacağımı bilsəydim, yəqin ki, o məclisə getməzdim.
Məni qaçırdılar. Məni qaçıran toyuna getdiyim qızın qardaşı idi.
İlk zorakılığı həmin gün gördüm. Məni apardıqları evin sahibi bu
əməlinə görə onu danladı. Dörd gün həmin evdə qaldım. Soruşa
bilərsiniz ki, tanımadığın və sevmədiyin insanın gətirdiyi evdə
niyə qaldın? Balaca dağ rayonunun sakini olan qızın qaçırılma
xəbərindən sonra ata evinə qayıtmağı boş-boğaz şəxslərin dilini
açacağından və bilmədən danışacaqlarından qorxduğum üçün oturdum.
Sonradan mənə deyildi ki, qaçırıldığım xəbəri atama deyilən anda o,
"mənim uşağım bədbəxt oldu...” deyib.
Qayınanam yeni toy etdiklərini deyərək bizə toy etməyə razı olmadı.
Bütün qızların həsrətlə gözlədikləri ağ gəlinlik də qismətim
olmadı”,-deyə K.Quliyeva bildirir.
Zərərçəkən deyir ki, gəlini olduğu ailənin özünəməxsus qaydaları
olub: "Qayınanam ilk gündən bu qaydaları mənə çatdırdı. Dedi ki,
qayınatamın və ərimdən böyuk qayınlarımın yanında çörək yeməyim,
başı açıq gəzməyim, gələcəkdə övladım olarsa, ağlamaqdan çatlasa
belə onların yanında övladımı qucağıma almayım, evə gələn bütün
qonaqların ayaqqabılarını yuyub kremləyib yerinə qoyum.
Bunları eşitdiyimdə "Ay Allah mən hansı dövrə düşürmüsən” dedim.
Amma taleyimə boyun əydim. Məni qaçıran şəxslə aramızda dörd yaş
fərqi vardı. Demək olar ki, anasının diqtəsi ilə oturub dururdu.
Evliliyimizin ilk günlərində ərim qısqanclıq adı ilə məni
döyürdü.
Təsəvvür edin ki, ərim evdən işə gedəndə telefon xəttini aparatdan
ayırır və qapını bayırdan bağlayıb gedirdi. Məhkum həyatı
yaşayırdım. Onun icazəsi olmadan eyvana çıxmaq mənə qadağan
edilmişdi.
Ərim hərbçi zabit idi. Evdə də zabit kimi danışırdı. Sanki bir
əsgərə əmr verirdi. Hər hərəkətinə dözürdüm. Evliliyimizin üçüncü
ayında ərim xidmət zamanı kontuziya aldı və bu onun ağır
xarakterini daha da dərinləşdirdi. Bu azmış kimi o, spirtli içkiyə
aludə oldu”.
K.Quliyeva deyir ki, gəlin olduğu evdə onun yeganə müdafiəçisi olan
qayınatası evliliyin altıncı ayında vəfat edib: "Bundan sonra ərim
mənə xəyanət etməyə başladı. Bunu gizli deyil, açıq-aşkar edirdi.
Qadınlar evə qədər ayaq açmışdı. Ərim məni döyərək "əgər kiməsə
nəysə desən, qardaşını öldürəcəm” deyirdi. O zaman ondan qorxurdum,
elə bilirdim ondan güclüsü yoxdur. Çəkdiyim əzab-əziyyətlərdən
valideynlərim xəbərsiz idilər. Çünki demirdim. Bilirdim ki, desəm
atam mənə olan dözülməz münasibəti qəbul etməyəcək və mütləq məni
evimizə aparacaq.
Mən hamilə idim. Oğlum doğulandan sonra hər şeyin yaxşı olacağına
ümid edirdim. Lakin yanılmışdım. Ərim zaman keçdikcə daha da
azğınlaşırdı. 21 yaşımda artıq əsəblərim dözmədi və iflic oldum.
Uzun müddət xəstəxanada müalicə alıb evə dönəcəyim gündə atam
palataya daxil oldu. Həkim ona hər şeyi deymişdi. O təəcüblə mənə
dedi: "Sən bu olanlara nə üçün dözmüsən? Mən varam, sən özünü
qurban verməməlisən”. Atam ərimdən qorxduğumu bilmirdi. Atam israr
etsə də, mən ərimin yanına qayıtdım. Boşanmaq istəmədim. İstəmirdim
ki, kimsə məni göstərib "bu qadın boşanıb” desin. Bizim yaşadığımız
cəmiyyətdə boşanmış qadınlara arzuolunmaz münasibətin olduğunu
hamımız bilirik”.
Deyirlər ki, ötən günlərə bir də qayıtmaq olmur. Amma xəstəxanadan
əri evinə dönən 21 yaşlı K.Quliyeva isə əvvəlki günlərini yenidən
yaşamalı olub.
"Mən ana oldum, oğlum dünyaya gəldi. Ərim hansı rayona gedirdisə,
məni də özü ilə aparırdı. Qorxumdan heç nə soruşa bilmirdim. Guya
biz aylarla ezamiyyətdə oluruq və övladım yollarda qalmasın deyə
uşağı valideynlərimə verdim. Bir müddətdən sonra işgəncələrin növü
də dəyişdi. Əvvələr şilə-təpiklə döyürdüsə, indi zabit botinkası və
elektrik naqili ilə döyürdü məni. Məni qınamayın, sanki döyüldükcə
möhkəmlənirdim və ona nifrətim daha da artırdı. Bəzən gecələr o
yatandan sonra onu öldürməyi düşünürdüm. Çünki ona gücüm yalnız o
yatanda çata bilərdi”,-deyə K.Quliyeva bildirir.
Zərərçəkən deyir ki, ayrılıq da ölüm kimi xəbərsiz gəldi: "Necə
oldusa, atam qaldığımız yeri tapmışdı. O, mənə sadəcə "sənədlərini
götür, başqa heç nə” dedi. Zatən oğlum 8 aylığından atamgildə
qalırdı. Oğlum bu yaşam tərzində böyüməsin deyə onu anama
vermişdim. Atamgilə gələndən sonra evdə bir qadın və bir kişinin
olduğunu gördüm. Bu həyat yoldaşımın qayınanası və qaynı imiş.
Müzakirələrdən məlum oldu ki, ərim özü elçilik edib və nişanlanıb.
Elçi getdiyi ailəyə də mənim öldüyümü deyib. Nə isə... Çox düşündüm
və qərarımı verdim. Yetər bu qədər alçaldığım, qürurumu ailəmə,
övladıma görə əzdiyim”.
Boşandıqdan sonra K.Quliyevanın iş həyatı başlayıb. O, bir müddət
ixtisasına uyğun olaraq məktəblərin birində pedaqoji fəaliyyətlə
məşğul olur. 10 ilə yaxın isə sosial infrastruktur quruculuğu
sahəsində çalışan K.Quliyeva deyir ki, həmin illərdə kişilərin
qadınlara olan arzuolunmaz münasibətinin şahidi olub: "Kişilər
"qadın nədir, işləmək nədir” deyirlər. İşlədiyimə görə hətta mənim
özümü də təhqir edirdilər. Onların fikrincə, qadının işi yalnız ev
təmizləmək və ərinə qulluq etməkdir. Cəhalətin qorxduğu tək şey
təhsildir. Qadınların, eləcə də kişilərin təhsilli olması
arzuolunandır ki, onlar hüquqları bilsinlər”.
Hazırda "Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin gender
məsələləri üzrə təlimlərində təlimçi olaraq çıxış edən K.Quliyeva
deyir ki, gender əsaslı məişət zorakılığına qarşı mübarizəyə
başlayıb. O məişət zorakılığının qurbanlarının əsasən erkən nikaha
girən, təhsilsiz və hüququnu bilməyən qadınların olduğunu
deyir.
"Erkən nikaha daha çox əyalətlərdə rast gəlinir. Valideynlər "çörək
yeyənimin biri az olsun” məqsədi ilə qızlarını ərə verirlər. Onlar
övladını oda atır və bəzən həmin qızlar özü ilə bir-iki nəfərlə,
yəni övladları ilə ata evinə qayıdırlar”,-deyə K.Quliyeva
bildirir.
19 ildir oğlu ilə atasının yanında yaşayan K.Quliyeva yaxın
keçmişdə oğluna toy etdiyini, övladının ailəsinin xoşbəxt həyat
yaşadığını və buna görə özünün də şad olduğunu deyir.