ABŞ-da seçkilər: paradokslar və sistem nöqsanları fonunda

ABŞ-da seçkilər: paradokslar və sistem nöqsanları fonunda
15:52 4 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika cəmiyyəti prezident seçkisi marafonundan əməlli-başlı silkələnir. Cəmi iki namizədin mübarizə aparmasına baxmayaraq, ortaya o qədər utandırıcı məqamlar çıxıb ki, hətta ölkənin imici şübhə altına alınıb. Əsasən respublikaçı Donald Trampla bağlı əcaib faktlar açıqlanır.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, bunun fonunda isə Hillari Klinton tərəfdarları bəzi hallarda seçicilərə qəribə və əxlaqsız təkliflər edirlər. Belə təəssürat yaranır ki, Amerikada seçki təbliğatı çox qüsurlu gedir. Mütəxəssislər, eyni zamanda, ölkə qanunvericiliyindəki nöqsanlara da diqqət yönəldirlər. Onlar həmin çatışmazlıqların əsrlərdir mövcud olduğunu, heç kimin də onları yeniləşdirmək istəmədiyini vurğulayırlar. Lakin rəsmi Vaşinqton başqa dövlətlərə seçki ilə bağlı iradlar tutur, onları sanksiyalarla hədələyir. Bu paradoksal vəziyyət ABŞ-ın özünün imicinə ciddi zərbə vurur. Artıq ona etibar itib. Bütün bu reallıqların fonunda builki seçki demokratiya aspektində kifayət qədər ziddiyyətli təsir bağışlayır.

Səsvermə hüququ: Amerika təzadları

Dünyanın ən qüdrətli demokratiya ölkəsi sayılan ABŞ-da seçki günü yaxınlaşdıqca, meydana çoxlu sayda müəmmalı suallar çıxır. Seçki kampaniyasının aparılması qaydasından tutmuş namizədlərin mübarizə üsullarına qədər məsələlərin geniş dairəsinin demokratik prinsiplərlə uzlaşmadığı aydın olur. Başqa dövlətləri seçki məsələsində tənqid etməyə alışmış Amerikanın özündə prezident seçkisinin ciddi qüsurlarla müşayiət olunması ekspertlərə xeyli dərəcədə maraqlı görünür.

Mütəxəssislər, ümumiyyətlə, Amerikada seçki qanunvericiliyinin nöqsanlı olduğunu vurğulayırlar. Belə ki, elə hallar olur ki, xalqın daha çox səsini qazanmış namizəd deyil, məhdud sayda seçici kollegiyasının dəstəyini əldə edən qalib hesab olunur. Bu hal sonuncu dəfə Albert Qor-Corc Buş yarışmasında qeydə alınıb. O zaman Albert Qor xalqın səsini qazanıb, seçici kollegiyası və ABŞ qanunvericiliyi isə üstünlüyü ikinciyə verib. Bu, demokratiyanın kökündən pozulmasıdır. Hətta burada söhbət sifarişli seçkidən də gedə bilər. Belə ki, ölkə üzrə əhalinin səsinin çoxunu əldə edən adam hansısa "gizli əl"in onun yolunu seçki kollegiyasında kəsməyəcəyinə əmin deyildir. Görünür, bu kollegiya məsələsi də məhz həmin variant üçün "icad" edilib.

Baxın, normal demokratik cəmiyyətdə seçicinin rəyi əsas sayılmalıdır, çünki demokratiya termini elə məhz bunu ifadə edir. Ancaq buna rəğmən, əlavə olaraq bir komissiya da yaradılıb ki, daha "doğrusunu və ədalətlisini" o bilməlidir. Paradoksdur, deyilmi? Məhz bu kollegiyanın üstünlük verdiyi C.Buş Yaxın Şərqi qan çanağına döndərdi ki, indi də o bataqlıqda milyonlarla insan həyatını itirir. Deməli, Amerikada oliqarxların, gizli servislərin, silah tacirlərinin, mafioz qrupların, lobbi qruplarının marağının qorunmasına daha çox fikir verilir.

Məsələ bununla bitmir. Seçki qaydalarının özündə süni əngəllər yaradılıb. Deyək ki, ABŞ-da hər vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir - bu, uzun sürən çətin bir prosesdir. Nəticədə, milyonlarla amerikalı bu sənədsiz yaşayır. Seçki qanununda isə şəxsiyyət vəsiqəsi olmayanların səs verməsinə icazə yoxdur. Belə çıxır ki, hər bir seçkidə ölkənin milyonlarla seçicisinin hüquqları pozulur. Təbii ki, onların əksəriyyəti qaradərililərdir. Belə çıxır ki, əhalinin müəyyən qismi həmişə seçkidən kənarda saxlanılır. Hansı səbəblərdən? Başqa ölkələrdə seçki saxtakarlığı axtaran Amerika ən böyük saxtakarlığı öz vətəndaşlarına qarşı etmirmi? Dərisinin rənginə görə hüququ tapdalanan insan özünü nə dərəcədə tamhüquqlu vətəndaş hesab edə bilər?

Belə ayrı-seçkiliyi Vaşinqton nəyə görə edir? Qorxur ki, fərqli siyasi baxışları olan adamlar ölkənin bütövlüyünə zərər verər? Onda bəs hansı əsasla ABŞ dünyanın müxtəlif regionlarında ölkələrə göstəriş verir, milli azlıqların hüquqlarından bəhs edir, "siyasi məhbus" uydurması həyata keçirir? Onun özündə şəxsiyyət vəsiqəsinə görə səsvermədən kənarda qalmış milyonlarla insan əsl siyasi məhbuslar deyilmi?

Qarayaxma kampaniyaları və sistem: ABŞ-a olan etibar azalır

Görünür, məhz bu kimi gizli niyyətlər əsasında Amerikada yalnız iki partiya - demokratlar və respublikaçılar prezident seçkisində yarışa bilir. Əslində isə ölkədə 28 partiya qeydiyyatdan keçib. Bu məhdudluq, rəsmi dairələrin nəzarət edə bildiyi sərhədləri müəyyənləşdirmək üçündürmü? Elə deyilsə, nəyə görə başqa partiyalar dövlət başçılığına namizədlərini sona qədər müdafiə edə bilmirlər? Əgər onların sosial bazaları yoxdursa, hansı məntiqlə uzun illərdir ki, partiya formasında qala bilirlər? Deməli, çoxpartiyalılıq ABŞ-da gözdən pərdə asmaq üçündür. Reallıqda asanlıqla nəzarətdə saxlana biləcək iki partiya fəaliyyətdədir ki, onlar da mövcud sistemi saxlamaqla hakimiyyəti növbə ilə bir-birilərinə ötürürlər. Ancaq, deyəsən, bu dəfə ardıcıllıq pozula bilər.

Məsələ burasındadır ki, Amerikada müəyyən dairələr "dəli" Donald Trampın prezident seçilməməsi üçün əlindən gələni edir. Birincisi, bu "dəli"nin necə olub ki, böyük dövlətin prezidenti olaraq namizədliyini sona qədər respublikaçılar dəstəkləyiblər? Yəni Amerikada adamın dəli olduğunu yalnız son məqamda bilirlər? İkincisi, yox, əgər o dəli deyilsə, niyə onun seçki hüququnu məhdudlaşdırırlar? Bu cəmiyyət o dərəcədə mənəvi olaraq pozulub ki, məşhur müğənnilər D.Trampa səs verməmələri üçün seçicilərə ən əxlaqsız təklifləri belə edirlər. Məsələn, hamının tanıdığı Madonna!

Bundan başqa, Hillari Klintonun seçki tezislərini təbliğ etmək əvəzinə demokratlar cəbhəsindən D.Trampı daha çox qaralamaq kampaniyasına üstünlük verirlər. Açığı, elə respublikaçılar da həmin mövqedədirlər. Onlar da Klintonun həyatından daha çox danışırlar. Nəticədə, seçki kampaniyası namizədlərin bir-birini qaralama həngaməsinə çevrilib. Buyurun, dünyaca məşhur "The Washington Post" qəzeti manşetə belə bir cümlə çıxarır: "Tramp nəinki donuzdur, hətta yırtıcıdır"!

Əcəba, Amerikada donuzlar, eşşəklər (demokratların rəmzi), fillər (respublikaçıların simvolu), yırtıcılar və sair heyvanlar dövlət başçılığına namizəd ola bilirlər? Özü də son məqama qədər həmin yerə iddialı olurlar? Burada çox qəribə bir gerçəklik var. Görünür, həm siyasi liderlikdə ölkədə bir kasadlıq vardır - normal insanlar sırasından prezident seçmək imkanı yoxdur, həm də cəmiyyətdə mənəvi mühit tamam korlanıb. Hətta KİV belə etiket qaydalarına əməl etmir. Baxın, bir müğənni televiziya ekranlarından milyonlarla insana əxlaqsız təkliflər edir, ona mane olmurlar, başqa halda qəzet prezidentliyə namizədi açıqca təhqir edir, ona da söz deyən yoxdur. Hamı D.Trampın qarşısını kəsməyə çalışır. Bunun üçün də bütün vasitələrdən istifadə edilir. Bütün bu iyrəncliklərin adını isə demokratiya qoyurlar.

Əsla belə deyildir. Bunlar rəsmi Vaşinqtonun xarici siyasətdə istifadə etdiyi metodlara bənzəyir. Onlar bütün vasitələrdən istifadə edib, kimlərisə qaralamağa, digər layiqsizləri isə başa çıxarmağa çalışırlar. Sözdə isə insan haqlarından, ədalətdən, demokratiyadan dəm vururlar.

İndi bütün dünya ABŞ-da gedən bu proseslərə baxır. Onlar görürlər ki, bu ölkə heç də demokratiyanın beşiyi deyil. Orada dövlətin başına keçmək istəyən qüvvələr bir-birinə qarşı ən yaramaz üsuldan belə istifadə edir, başqalarının həyatlarına müdaxilə etməkdən çəkinmirlər. Onların hətta ailələrini belə dağıdırlar. Təsəvvür edin ki, bir çox qanunsuz intim olaylarında adları hallanan D.Tramp, yaxud H.Klinton ABŞ-ın prezidenti olacaq. Hansı nümunə ilə? Onlara baxan gənc amerikalı hansı əxlaq sahibi ola bilər? Bu suallara cavab tapmaq çox çətindir.

Bunlar bir yana dursun, heç seçkinin müşahidə edilməsi məsələsində belə Amerika beynəlxalq qaydalara tam əməl etmir. Məsələn, ATƏT-in seçki müşahidəçilərini Texas ştatında seçki qutusuna yaxın buraxmamışdılar. Onlara xəbərdarlıq edilibmiş ki, 30 metrdən yaxına getsələr, cinayət işi açılacaq. Səbəbi isə çox sadə olub - "biz belə istəyirik, siz başqa cür fikirləşə bilərsiniz"!

Belə çıxır ki, məsələ Amerikada kimin prezident seçilməsində deyil. Bu ölkədə demokratiya qaydaları kobud surətdə pozulur. Hakimiyyət uğrunda mübarizədə istədikləri vasitələrdən yararlanırlar. Bir-birilərinə böhtan atırlar. Sübut etməyə çalışırlar ki, rəqib çox keyfiyyətsiz adamdır, hətta "heyvandır". Ancaq birdən həmin "heyvan" dövlətin başına keçir. Onda seçici, görəsən, ona necə baxır - adam kimi, yoxsa...?

Başqa tərəfdən, belə görünür ki, ABŞ-da seçki qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac yaranıb. Müasir dövrün tələblərinə zidd olan müddəalar çoxdur. Onların dəyişməsinə olan ehtiyacdan hər kəs danışır, lakin real addım atılmır.

Nəhayət, Amerika siyasi mühiti üçün daha vacib olan bir çatışmazlıq da özünü göstərməkdədir. Məsələ ondan ibarətdir ki, D.Tramp və H.Klintonun prezident olmaq üçün apardıqları mübarizə göstərir ki, ABŞ siyasi mühiti əsl lider yetişdirə bilmir. Meydanda olanlardan vətəndaşlar bezib. Onlar simaların dəyişməsini istəyirlər. Ancaq D.Trampın timsalında isteblişment sübut edir ki, məhdud dairədən kənarda olanlar "dəlidirlər"! Bu, cəmiyyətin tarixi paradoksu, tənəzzülün başlanğıcıdır!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR