Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda təbii qazın tarifləri endirilir

Ermənistanda təbii qazın tarifləri endirilir

Date: 4 November 2016 20:17

Qazprom-Armeniya hesab edir ki, qazın ucuzlaşması tələbatın artmasına gətirərək gəlirlərin də artmasına xidmət edər
Bu il Ermənistanda ikinci dəfə təbii qaz tariflərinin endirilməsi bəyan edilib.
"Qazprom-Armeniya" şirkəti Ermənistan istehlakçılarına satılan təbii qazın tariflərini dəyişmək təklifi ilə ölkə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət etdyini bildirib.
Qaz tariflərinin yenidən nəzərdən keçirilməsi sentyabr ayında Ermənistan baş naziri vəzifəsinə təyin olunmuş Karen Karapetyanın ilk sərəncamlarındandır.

Yeni baş nazir ölkə istehlakçılarını "statuslarına" görə qruplara bölərək, hər qrup üçün ayrıca tarif təyin etməyi təklif edir.
İndiyədək tariflər ay ərzində 10 min kub metrdən az ya çox təbii qaz işlədən istehlakçılar üzrə hesablanırdısa, yeni qaydaya əsasən, ailə yaxud sosial müavinəti alan istehlakçılar, istixana təsərrüfatları və emaletmə müəssisələri üçün ayrı-ayrı tariflər təyin edilməlidir.
Ayda 10 min kub metrədək təbii qaz istifadə edən istehlakçılar 1 min kub metr qaz üçün əvvəlki 146 700 dram (308 dollar) əvəzinə 139 000 dram (292 dollar) ödəyərlər.

Ailə və yaxud sosial müavinəti alan istehlakçılar üçün qazın qiyməti bundan da ucuz - 1 min kub metri 100 000 drama (təxminən 210 dollar) başa gələr, lakin bu sosial qrupun aylıq qaz istehlakının həcmi 50 kub metrdən artıq olmamaq şərti ilə.
İstixana təsərrüfatları və emaletmə müəssisələri üçün qazın tarifi 10 faizədək endirilərək təxminən 212 dollar təşkil edə bilər.
Hazırda ayda 1 min kub metr üçün 257 dollar ödəyən 10 min kub metrdən artıq qaz istifadə edən istehlakçılar üçün eyni həcmdə sərf edilmiş yanacaq 242 dollara başa gələcək.
Tariflərin dəyişməsi ərizəsinin baxılması üçün 3 ay vaxt verilir. Bundan başqa, qanuna əsasən, yeni tariflər mövcud tariflərin qüvvəyə minməsi gündən 6 ay sonra elan oluna bilər.

Müxalif siyasətçilər hesab edirlər ki, Karen Karapetyanın baş nazir təyin olunması parlament seçkiləri ilə bağlıdır
Son dəfə Ermənistanda təbii qazın tarifləri 2016-cı il iyulun 1-də dəyişilib. Rəsmi məlumata görə, bu, aprelin 1-dən Rusiyanın Ermənistana ötürülən qazın qiymətini 165 dollardan 150 dollara endirməsi nəticəsində mümkün olub.
"Sosial yox, siyasi tədbir"
Ekspertlər ehtimal edirlər ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası "Qazprom-Armeniya" şirkətinin müraciətinə müsbət cavab verəcək və Ermənistan istehlakçıları üçün Rusiya qazının azı 5 faiz ucuzlaşması haqqında ilin sonunadək elan ediləcək.
Müxalif siyasətçilər hesab edirlər ki, qazın ucuzlaşması və ümumiyyətlə Karen Karapetyanın baş nazir təyin olunması gələn ilin aprelində gözlənilən parlament seçkiləri ilə bağlıdır.
Bu ilin iyul ayında Yerevanda bir qrup silahlının polis patrul-keşikçi alayını ələ keçirib iki həftəyə yaxın orada girov saxlaması güclü ictimai dəstək alıb.
Müxalif Erməni Milli Konqresi (EMK) parlament fraksiyasının katibi Aram Manukyan sual edib ki, "Qazprom-Armeniya" şirkətinin qaz tariflərini aşağı salmaq imkanları var idisə, nə üçün bunu ötən illər ərzində etmirdi?

Kimin hesabına?

"Sual olunur: əgər bu resurs varsa, nə üçün İctimai Xidmətləri Tənzimləyən Komissiya yaxud hökumət bu gözəl təkliflə bu günədək çıxış etmirdi? Aydın deyilmi ki, burada sosial məsələ yox, tamam başqa məsələ həll olunur?" - millət vəkili Yerevan Media Mərkəzində təşkil olunmuş müzakirə zamanı deyib.
İstixana Təsərrüfatları Assosiasiyasının sədri Poğos Gevorqyanın təbirincə təbii qazın qiyməti endirilib bir neçə il artırılmasa, Ermənistanda yeni istixanaların açılmasına gətirər. Hazırda, onun sözlərinə görə, 950 istixana təxminən 18 min insanı işlə təmin edir.
"İsrail öz qumlu torpaqlarında ildə tək 500 milyon ton tərəvəz yetişdirib Avropaya ixrac edir. Biz isə bu gün Türkiyədən Ermənistana gətirib, qutulara doldurub Rusiyaya göndəririk", - Poğos Gevorqyan deyir.
İqtisadçı Artak Manukyan isə deyir ki, ucuz tariflərin ömrü çox qısa olar - "seçkilər keçdikdən sonra ən uzunu 2017-ci ilin ortalarınadək qüvvədə qalar".
Sosial təminatsız ailələrin müavinəti isə, onun sözlərinə görə, "Qazprom-Armeniya"nın deyil, Ermənistan dövlət büdcəsi hesabına ödəniləcək.


"Aydındır ki, Ermənistan öz cüzi büdcəsi ilə bu taktikasını uzun davam edə bilməz və hətta yanvar ayınadək yeni tariflər qüvvəyə minsə, onun mənfi təsiri iyuladək özünü büruzə verər", - o deyir.
Müxalif millət vəkili Aram Manukyan qazın həqiqətən ucuzlaşacağına inanmır və məsələ ətrafında qaldırılan "hay-küyü" seçkiqabağı PR aksiya hesab edir.
"Bunun hamısı "Qazprom"un gəliri hesabına, onun itkilərinin azaldılması, maaşlarının azaldılması hesabına və yaxud sərhəddə qazın qiymətinin aşağı salınması hesabına deyil, büdcə hesabına ediləcək", - Manukyan deyir.
"Haykakan jamanak" ("Erməni zamanı") qəzetin iqtisadi məsələlər üzrə icmalçısı Hayk Gevorqyan qaz tariflərinin nəyin hesabına endirilməsi məsələsinə diqqət çəkir.
"Rusiya Ermənistana ixrac edilən qazın qiymətini aşağı salmırsa, "Qazprom-Armenia" tarifləri nəyin hesabına aşağı salır? Bir halda ki, şirkət 2015-ci illik hesabatında 10 milyard dram (təxminən 21 milyon dollar) həcmində zərər çəkdiyini göstərib. Tariflərin endirilməsi nəticəsində isə şirkətin itkisinin həcmi ən azı daha 5 faiz artar", o deyir.
Ekspertin sözlərinə görə, əgər "Qazprom-Armeniya" indi daha aşağı tariflərlə işləyə bilir, deməli, əvvəlki illərdə də bu tariflərlə işləyə bilərdi.
"İqtisadçılar da həmişə deyirdilər ki, qazın qiyməti həddən şişirdilmişdi", deyə cənab Gevorqyan əlavə edir.

"Qazprom-Armeniya" izah edir

Ermənistan istehlakçılarını təbii qazla təmin edən "Qazprom-Armeniya" tariflərin aşağı salınması nəticəsində itikilər yox, əksinə, gəlir əldə ediləcəyini ehtimal edir.
Şirkət hesab edir ki, qazın ucuzlaşması tələbatın artmasına gətirərək gəlirlərin də artmasına xidmət edər.
Təriflərin nəyin hesabına endiriləcəyinə gəldikdə, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Robert Nazaryan bəyan edib ki, bu, həmçinin Rusiya qazının Gürcüstan ərazisi üzərindən tranziti qiymətinin də aşağı salınması hesabına təmin ediləcək.
Cənab Nazaryan "Qazprom-Armeniya şirkətinin qazın ucuzlaşdırılması nəticəsində itkilərin hansı mənbələrdən maliyyələşdiriləcəyini də göstərdiyini bildirib.
"İlk növbədə bu, Gürcüstan ərazisində tranzit haqqının aşağı salınmasıdır. Hazırda Rusiyanın "Qazeksport", Ermənistan hökuməti və Gürcüstan tərəfi arasında danışıqlar aparılır. Bu gün bu tarif çox yüksəkdir, heç bir yerdə belə baha - 10 faiz - tranzit qiyməti yoxdur", - Robert Nazaryan jurnalistlərə deyib.
Bundan başqa, onun sözlərinə görə, "Qazprom-Armeniya" tariflərin enməsi nəticəsində tələbatın artmasına və müvafiq olaraq şirkətin gəlirlərinin artmasına ümid edir.
"Lakin əgər maliyyələşdirmə mənbələri məsələnin həlli üçün yetərli olmasa, Rusiyanın "Qazprom" şirkəti kəsiri ləğv etmək üçün Ermənistandakı bala-şirkətinə əlavə maliyyə ayırmağa boyun olub", - tənzimləmə komissiyasının rəhbəri deyib.
O, Rusiya şirkətinin Gürcüstan-Ermənistan sərhədinə çatdırılan qazın qiymətinin də aşağı salınacağı ehtimalın istisna etmir.

Milli.Az


Tags:  Ermənistanda təbii qazın tarifləri endirilir

RƏYLƏR


Top news