"Repetitorluq xəstəliyi"

"Repetitorluq xəstəliyi"
23:22 4 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir. Repetitorluq hətta uşaq bağçaları da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir.

Ekspertlərin fikrincə, şagird lazımi bilikləri təhsil müəssisəsində almalı və dərsdən sonra yenidən savad almaq üçün müəllim yanına getməməlidir. Repetitorluğa ehtiyac təhsilimizin "baş bəlası"na çevrilib və bunun qarşısı alınmalıdır.

Valideyn Gülnar Rəhimovanın sözlərinə görə, övladı 5-ci sinifdə təhsil alsa da, ona əlavə müəllim tutmaq məcburiyyətində qalıb: "Oğlum hər gün məktəbə getsə də, lazımi bilikləri almır. Müəllimin özü də deyir ki, dərsdən sonra yanıma gəlsin, onu əlavə hazırlaşdırım. İndi əksər valideynlər, hətta məktəbəqədər təhsil müəssisələrindən başlayaraq, uşaqlarını əlavə hazırlığa aparır. Məktəb lazımi biliyi vermirsə, dərsdən sonra uşaqlar yenə də müəllim yanına getməli olursa, onları hər gün məkətəbə niyə göndəririk?"

Milli.Az xəbər verir ki, təhsil sahəsi üzrə ekspert Nadir İsrafilovun "Ekspress"ə bildirdiyinə görə, normal dərs keçilən məktəbdə şagird repetitorsuz da keçinə bilir: "Repetitorluq heç də dünənin, bu günün məsələsi olmayıb, ümumiyyətlə, daim cəmiyyəti maraqlandıran, düşündürən və eyni zamanda, birmənalı qarşılanmayan bir problemdir. İnsanların bir qismi hesab edir ki, əgər təhsilimiz repetitorların ümidinə qalıbsa, əgər bu "repetitorluq xəstəliyi" sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni "repetitor" biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlərsə, bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıqsa, bu, təhsilimizin böyük problemidir. Digərləri isə düşünür ki, repetitorluğun aradan qaldırılması üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: təhsilin keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir, müəllim-valideyn əlaqələri genişləndirilməlidir" deyən müsahibimizə görə, bu problemlər aradan qaldırılmadan repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür.

N.İsrafilov hesab edir ki, ümumiyyətlə götürdükdə, Azərbaycanda repititorluq ənənəsi 1992-ci ildə test üsulunun tətbiqindən sonra daha geniş vüsət almağa başlayıb: "Orta məktəblərdə təhsilin keyfiyyətsizliyini görən valideynlər övladlarının ali məktəbə qəbul olması üçün əlavə imkanlardan, yəni repititorluqdan istifadə zərurəti qarşısında qaldılar. Həmin narahatlıq hətta bağçayaşlı uşaqların valideynlərinə də sirayət etməyə başladı".

Ekspertin dediyinə görə, son 15-20 ildə pedaqoji dəyərlərimiz xeyli aşınıb: "Təhsil məmurlarımız repetitorluğa dağıdıcı "anti-məktəb prosesi" kimi yox, "məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi" kimi baxıblar və təhsil qanunvericiliyi bir yana, adi məntiqə belə əhəmiyyət verməyiblər ki, məktəb kompleks təlim-tərbiyə müəssisəsidir və təhsil alanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər vermək məhz məktəbin borcudur".

İsrafilov qeyd edib ki, ölkə konstitusiyasına və qanunlarına görə Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır və hətta dini təhsil də daxil olmaqla dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz: "Xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir. Təəssüf ki, məhz rəsmi təhsilin səmərəsizliyi ucbatından şagirdlərimiz istər-istəməz öz uşaqlıq dövrünü normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur və repetitorluğa üz tutmağa məcbur qalırlar. Təhsildə yaranmış bu acınacaqlı vəziyyəti necə qəbul etmək olar ki, şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnirsə, dərsdən sonra qalan vaxtının bir hissəsini öz inkişafının başqa istiqamətlərinə sərf etməyib, hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri-rəsmi məktəbə-repetitor yanına qaçmalıdır?"

Onun sözlərinə görə, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbi ifadə - repetitor latıncadan tərcümədə sadəcə olaraq "təkrarlayıcı", "təkrar edən"( rus dilində bu daha aydın və səlis səslənir- " tot, kto povtoryayet") anlamına gəlir: "Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfindən də yerinə yetirilə bilərdi".

Həmsöhbətimizə görə, bundan başqa, sadəni qoyub, mürəkkəbə doğru getmişik. "Ən başlıca səbəb isə dərslik siyasətində sapınmalara yol vermişik. Başqa sözlə, dərslik qalıb kölgədə, əlavə vəsaitlər olan "İş dəftərləri", "Test kitabçaları" keçib önə. Çünki imtahan prosesində dərslikdən daha çox bu "Əlavələrə" önəm verilir".

N.İsrafilov hesab edir ki, dərsliyə, müəllimə, qarşı biganəlik, qeyri-rəsmi fəaliyyət sahəsi olan repetitorluğa rəğbət hissi formalaşdırır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR