Dost seçməyin meyarları. Həqiqi dost necə olur?

Dost seçməyin meyarları. Həqiqi dost necə olur?
08:52 5 Noyabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyatın ən böyük zəruriyyətlərindən biri - başqaları ilə dost olmağa ehtiyac duymaqdır. İslam dini də dostluğa xüsusi əhəmiyyət verir. Yaxşı dost seçmək üçün bəzi tövsiyələr vermişdir. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Kimin ki, dostu yoxdur, bədəninin mühüm üzvünü itirmiş insan kimi olar". Həzrət (ə) başqa yerdə buyurur: "İnsanların ən gücsüzü o insandır ki, özü üçün dost seçə bilməz. Ya da əldə etdiyi dostunu əldən verər".
Dost seçməyin də öz meyarları vardır. O zaman ki, iki nəfər Allaha xatir və bir-birinə xidmət etmək üçün bir-birinin əlini sıxar və dost olarlarsa, dostluqları günü-gündən güclənəcək və möhkəm olacaqdır.
Ancaq o zaman ki, insanlar şəxsi mənafelərinə xatir dost olarlarsa, dostluq əlaqələri süst və zəif olar. İmam Əli (ə) buyurur: "Dost odur ki, səni canı ilə qoruyar, səni malından, övladlarından və qohumlarından üstün tutar". Həzrət (ə) başqa yerdə buyurur: "Yaxşı dost ehtiyacı olan zaman hətta öləndən sonra belə dostuna kömək edən və onun sirrini qoruyandır".
Yaxşı dost insanın ən güclü və həm də zəif cəhətlərini üzünə deməlidir. Zəif cəhətlərini gücləndirsin və güclüləri də daha inkişaf etdirsin deyə. O dost ki, rəfiqinin səhvlərini üzünə demir, onu getdiyi səhv yoldan çəkindirməz. Bu, heç də yaxşı dost deyildir.
Həmçinin o dost ki, insanın yaxşı cəhətlərini olduğundan da çox şişirdirsə, dostunu təkəbbürə sövq edər. Belə bir dostluğa yenidən nəzər salmaq lazımdır. İmam Əli (ə) buyurur: "Sənin dostun səni pislikdən saxlamalıdır".
"Hər kim eyblərini aşkar edərsə, sənin dostundur".
"Dostunu daima öyüdlə nəsihət et, istər yaxşı olsun, istərsə də çirkin".
Dostluğun öz qanunları vardır. Bu qanunlara riayət edən zaman dostluq davamlı olar. Dostluq gərək mötədil olsun, yəni nə ifrat edəsən və nə də təfrit. Biri ilə əlaqəni kəsən zaman arxanda olan bütüb körpüləri xarab etmək lazım deyildir. Qayıtmaq üçün də yol qoymaq lazımdır. Bəzən səhv nəticə çıxartdığın və hisslərinə məğlub olduğun üçün hadisəni düzgün dəyərləndirmirsən. Ona görə də İmam Əli (ə) İmam Həsənə (ə) belə buyurur: "Əgər qardaşınla əlaqəni kəsmək istəyirsənsə, öz yanında onun dostluğu üçün yer saxla. Əgər bir gün qayıtmaq istəsən bu yolla qayıda bilərsən".
İmam (ə) başqa yerdə buyurur: "Dostu o qədər sev ki, ola bilsin bir gün düşmənin olar. Düşmənini də mehribanlıqla düşmən bil ki, ola bilsin bir gün dostun olsun".
İmam (ə) yenə buyurur: "Səninlə kobud rəftar edən kəsi yumşalt". İnsan öz rabitəsinə o qədər diqqət etməlidir ki, səhv etməsin. Bu yolla da dostuna bəhanə vermiş olar.
Dostluğun davamlı olması üçün dostunu imtahana çək. Bu, dostluq üçün zəruri bir məsələdir və hədislərimizin çoxunda da bu mövzu xüsusi vurğulanmışdır. İmam Əli (ə) bu haqda buyurur: "İmtahan etməmişdən qabaq hansısa bir insana etimad etmək ağlın azlığındandır". Hər bir insanın öz dostu qarşısında vəzifəsi vardır. Bu vəzifələri yerinə yetirməklə dostluğu möhkəmləndirmək olar. İmam (ə) buyurur: "O zaman ki, qardaşın paxıllıq edər, sən bəxşişi əsirgəmə".
"Dostun səndən uzaqlaşan zaman ona yaxın olmalısan".
İmam (ə) dost ilə yumşaq və mehriban olmağı həmişə tövsiyə etmişdir. O, bu işə əmr edərək, buyurur: "Dostun səninlə sərtlik edəndə sən yumşaqlıq et". Yeri gələndə dostundan üzr istəmək, nəsihəti ixlasla etmək, dostuna hüsnü-zənn bəsləmək, ona etimad etmək, dostunun qohumları ölən zaman başsağlığı vermək, dostlarının hədiyyələrini qəbul etmək, dostuna vəfadar olmaq, dostuna pislik etməmək və haqqını zay etməmək - dostuluğun mühüm vəzifələrindəndir.
İmam Əli (ə) dostluğa vəfadarlıq haqqında buyurur: "Həqiqi dost o kəsdir ki, dostluq və qardaşlığına üç halda riayət edər: çətinlikdə və bəlada olan zaman, olmadığı müddətdə və ölüm zamanı".
Beləliklə insan öz dostuna çətinliyi olan zaman canı və malı ilə dəstək olmalı, özü olmayan zaman arxasınca deyilən sözlərdən onu qorumalı və ölən zaman da dua və istiğfarla onu yada salmalıdır.
Başqalarını sevindirmək İslam dininin bəyəndiyi əməllərdəndir.
Dostluğumuzun qədrini bilək və özümüzə saleh dostlar seçə bilək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR