Bakıda oğrular qəsəbəsi, köhnə “vorlar” və YENİ PLAN

Bakıda oğrular qəsəbəsi, köhnə “vorlar” və YENİ PLAN
10:13 5 Noyabr 2016
1624 Ölkə
Ölkə mətbuatı
A- A+

Sovet rejiminin dağılması digər sahələrdə olduğu kimi, Bakının ərazi quruluşunun və inzibati ərazi bölgüsündə bir sıra dəyişikliklərin aparılması məsələsini gündəmə gətirdi. Bolşevik cəlladlarının adının əbədiləşdirildiyi rayon və qəsəbələrin əvvəlki adları özlərinə qaytarıldı. Lakin bu sahədə görülməli olan işlər hələ də kifayət qədərdir. O cümlədən Bakının mikrorayonları, onların idarə edilməsi, ərazi quruluşu, inzibati ərazi bölgülərinin adlarındakı qəribəliklər və s.

Publika.az xəbər verir ki, respublikamızın ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin hüquqi əsaslarını, eləcə də ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev ilk öncə paytaxtın Binəqədi rayonundakı inzibati ərazi vahidlərinin idarəçilik formasına toxunaraq qeyd etdi ki, mikrorayonlar icra hakimiyyəti tərəfindən müəyyən edilmiş ərazi icra nümayəndələri tərəfindən idarə olunur: “Yeri gəlmişkən qeyd edim ki, onların hətta bəzilərinin, o cümlədən qəsəbələrin bələdiyyəsi də var. Habelə Rəsulzadə, Xocahəsən, Biləcəri və digər qəsəbələrin yerli özünüidarəetmə orqanları mövcuddur.

Lakin təəssüf ki, bu məsələlərdə müəyyən boşluqlar var. Məsələn, altıncı mikrorayonun ərazisindəki “Vorovski” qəsəbəsinin rəsmi adı yoxdur. Bir vaxtlar həmin ərazi oğruların kütləvi toplaşdığı yer olub. Əvvəllər kriminal ünsürlər burada bir araya gələrək, “razborka” aparardılar. Buna görə də qəsəbəyə şərti olaraq “vor” adını veriblər. Əfsuslar olsun ki, elə indi də həmin yer “Vorovski” adlanır”.

O ki qaldı adının xoşagəlməzliyi ilə diqqət çəkən “Vorovski”nin idarəçiliynə, bura altıncı mikrorayonun ərazi nümayəndəsi tərəfindən idarə edilir: “Bununla yanaşı, mikrorayonların əksəriyyəti həm də Binəqədi bələdiyyəsi tərəfindən idarə olunur. O cümlədən yeddinci və səkkizinci mikrorayonlar da həmin bələdiyyənin ərazi vahidinə daxildir. Mikrorayonlar da icra hakimiyyəti tərəfindən təyin edilmiş ərazi icra nümayəndəlikləri, həm Binəqədi bələdiyyəsi tərəfindən idarə edilir.

Mikrorayonlar sovet dövründə bu cür inzibati ərazi vahidləri kimi bölünüb. Lakin 2000-ci ilin 13 iyununda qüvvəyə minmiş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onların statusu bir daha bu şəkildə təsbit edildi. Hesab edirəm ki, burada dəyişikliyə lüzum yoxdur. Mikrorayonların adlarının dəyişilməsinə, eləcə də digər əlavələrə ehtiyac görmürəm. O ki qaldı mikrorayonların birləşdirilməsinə, yaxud digər dəyişikliklərə, hesab edirəm bununla bağlı qanuna baxmaq lazımdır. Əgər qanun buna icazə verirsə, mikrorayonların ərazi vahidlərində hansısa dəyişikliklər edilə bilər”.

O ki qaldı mikrorayonların sərhədlərinə bu inzibati ərazi vahidlərinin girişinə onların nömrələri yazılıb. Buna görə də yerli idarəetmə orqanları öz ərazilərinin sərhədlərini bilirlər. Onlara idarəçiliklər bələdiyyələr və ərazi nümayəndələri tərəfindən həyata keçirilir.

İdarəçilikdə ərazi normasının mövcudluğunu vurğulayan ekspert qeyd etdi ki, hər hansı idarəçi yalnız müəyyən sahəyə və əhaliyə malik ərazini idarə edə bilər: “Məmuru bundan artıq norma ilə yükləmək doğru deyil. Bu, bir sıra nöqsanların ortaya çıxmasına səbəb olur.

Fürsətdən istifadə edərək bir məqama toxunmaq istəyirəm. Bizim bir çox qəsəbələrimizə rayon statusu verməyin zamanı çatıb. Bəzi qəsəbələrimiz bu mənada yetişib. Məsələn, Maştağa, Hövsan, Biləcəri və digərləri. Bu qəsəbələri 2-3 adam idarə edir deyə, idarəçilik çətindir. Əgər qəsəbələrimizə rayon statusu verilsə, onların idarəçiliyi da asanlaşar. Ola bilsin bu məsələyə yaxın vaxtlarda baxılsın. Mən bununla bağlı təkliflər səsləndirmişəm.

Bir neçə il bundan bir sıra rayonların adlarının dəyişdirilməsi təqdirəlayiq oldu. Məsələn Kirov Rəsulzadə qəsəbəsi və digərləri milli adlarla adlandırıldı. Amma hesab edirəm ki, Sabunçu rayonunun da adı dəyişdirilməli, ona yeni ad verilməlidir. Onun ərazisində Pirşağı, Kürdəxanı, Ramana, Balaxanı, Bakıxanov kimi kəndlər, qəsəbələr ola-ola, bu boyda rayonun Sabunçu adlandırılması doğru deyil. Vaxtilə bu rayonda sabun bişirənlərin olub-olmayıb – bunu Allah bilir. Bəlkə də 2-3 nəfər nə isə edib. Onun ayrı-ayrı qəsəbələrində Azərbaycanın dahi şəxsiyyətləri yetişib. Lakin rayonun adına baxın – Sabunçu”.

Ekspert vurğuladı ki, hazırda Bakıda bələdiyyələri olmayan qəsəbələr demək olar qalmayıb: “Bütün qəsəbələrdə yerli özünüidarəetmə orqanları yaradılıb. Hətta Binəqədi rayonunun bir qədər uzaq 28 May qəsəbəsinin də bələdiyyəsi mövcuddur. Düzdür, əvvəllər kiçik qəsəbələrin bələdiyyələri yox idi. Lakin sonradan onları birləşdirdilər və bələdiyyələr yaratdılar. Çünki kiçik qəsəbələrin xərci borcunu ödəmirdi”.

Cahangir Qocayevin sözlərinə görə, idarəetmə normasına uyğun olaraq bölgülərə yenidən baxmaq lazımdır: “Məsələn, Ələt qəsəbəsi Bakıdan ayrılmalı, ayrıca loqistik şəhər olmalıdır. Fikir verin, şəhər statusunun verildiyi Xırdalan paytaxta yaxındır. Amma görün Ələt haradadır! Məsafənin uzaqlığı bir yana, orada ticarət mərkəzi də var. Hətta cənab prezident həmin ərazidə müstəqil iqtisadi zonanın yaradılması haqda sərəncam imzalayıb”.

Eləcə də bir sıra qəsəbələrimiz var ki, onların əhalisinin sayı rayon əhalisindən çoxdur: “Həmin səbəbdən də artıq bu qəsəbələri idarə etmək çətinləşib. Rayon səviyyəli iri qəsəbələr cəmi 2-3 nəfərin idarəsinə buraxılıb. Lakin onlar da bu işin öhdəsindən gələ bilmirlər. Ona görə də idarəçilik istiqamətində bir sıra dəyişikliklərə ehtiyac var. Məsələn, Hövsan qəsəbəsinin özünə rayon statusu verilməlidir. Bu qəsəbənin əhalisi 90 minə yaxındır. Əgər burada daimi yaşayan, amma qeydiyyatda olmayan sakinləri də nəzərə alsaq, Hövsanda 100 minə yaxın əhalinin olduğunu söyləmək mümkündür. Bu cür qəsəbələrin sayı bir neçədir. Belə isə onlara rayon statusu verilməlidir”.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR