Еrməni əsgərə məktub

Еrməni əsgərə məktub
12:12 5 Noyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Savaşa başlamaq üçün bəzən bir həyat yetər. Savaşı dayandırmaq üçünsə bəzən on minlərlə həyat bəs etmir.

Bunu anlayırsanmı, erməni əsgər?

Ermənistanda dilimizi bilənlərin sayı həddən ziyadə. Və onların arasında yüzlərlə erməni gənc də indi Dağlıq Qarabağda, Qarabağın ətrafındakı rayonlardadır.

Onlardan biri də sənsən, adını bilmədiyim və çox yəqin ki, heç zaman bilməyəcəyim erməni əsgər. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana, erməni işğalında olan ərazilərə yolladığı minlərlə biçarədən biri.

Çarəsizsən, çünki əmr qulusan və o əmr də sənə səngərdə durmağın, işğaldakı ərazini özünə "doğma" saymağın üçün göstərişdir.

Halbuki bilirsən ki, indi ayaqladığın, yeridiyin torpaq sənin, dövlətinin, millətinin deyil.

Tarixçi olmasan da dərk edirsən ki, işğalla ələ keçirilmiş torpaq heç zaman vətən olmayıb. Bəşər övladının uzun tarixində bir dəfə də olsun, işğal doğmalaşma ilə bitməyib.

İlahi ədalət, düzən, məntiq, qayda var: zorla ələ keçirilən, zorla saxlanan bir gün mütləq əldən çıxasıdır.

İndi özünü "qalib" sayırsan, amma bəlkə də beyninin bir güşəsində gerçəkliyin qurdu neyronlarını gəmirir və bilirsən ki, günlərin birində qaçacaqsan.

Mümkün qədər sürətlə, bacardığın qədər tez. Ölümdən qurtulmaq üçün. Axı sən insansan, insanın şüuru isə instinktlər toplusudur.

Qəribədir - sənin arzuların həmişə fərqli olub.

Doğulanda mamaça səni vurdu ki, qışqırasan, sonra sevindilər ki, ağladın və Tanrı sənə Yer kürəsi boyda mükafat verdi.

Uşaqlığın qayğı, sevgi içində keçdi - yoxsul ailədə böysən belə, ac qaldığın günlər olsa da, səni sevən kiminsə olduğunu bildin.

Amma Ermənistanda doğulmaqla bəxtin gətirmədi. Nədən ki, bu ölkə artıq 25 ildir, sənin kimilərin məhv olunduğu, arzuların puç olduğu, səfalətin yaşam şərtinə döndüyü məkana çevrilib.

25 ildir ki, ölkənin rəhbərlərinin, siyasətçilərinin, yazarlarının gözlərini millətçilik, şovinizm, qəddarlıq dumanı örtüb.

İndi Qarabağın hansısa məkanında, səngərdəsən. Palçıqlı, soyuq yerdə, əlində köhnə "Kalaşnikov" sıxırsan, kamuflyajın tər, tüstü, qorxu iyi verir və düşünürsən: "Hamının canı cəhənnəmə - mən burada nə edirəm?!"

Axı sən o soyuq səngərdə, zökəmli vücudunun qızdırma içində titrədiyi halı istəmirdin, bunu arzulamırdın.

Bunu istəmirdin və bilirdin ki, ilk atəşdə qaçacaq komandirlərin sarsaq, mənasız çağırışlarına, dediklərinə aldanan deyilsən.

Aldandın.

Savaş Ermənistanda yaşayanların çoxunun şüurunu dəyişib, sənin də qavrama qabiliyyətini qüsurlu edib.

Səngərdə günlər yeknəsəq keçir, amma bir-birinə bənzəmir: hər an ölüm sənə baş çəkə bilər. Oxşar ölüm, bənzər keçinmə olmur. Hərə bir cür ölür.

Dağlıq Qarabağda savaşla sükut arasındakı qəfil dartınmalar köhnə paraşütlə atılmağa bənzəyir: yerə salamat çatacağına əsla əmin olmursan.

Hətta dualar da dəyişib sənin Ermənistanında. Təbil gurultusu, bağırtılar, çağırışlar, şüar təki beyni qurcalayan nahamvar kəlmələr - nə deyirsən de, amma dua deyil o səslənənlər.

Əsəblərin tarıma çəkilib, gecələr lap qorxursan: sağ əlinin şəhadət barmağı daim tətikdədir, aprelin əvvəlindəki "dördgünlük müharibə" başlananda sənin kimi erməni əsgərlərə "İrəli, hücum!" bağıran komandirlərə nifrət edirsən. O hücum darmadağınla, məğlubiyyətlə, rəzalətlə bitdi Ermənistanın üçün.

Azərbaycanın kəndlərini raketlərlə vurdunuz, silahsız, dinc insanları hədəfə aldınız, evləri viran qoydunuz - guya güclü, qəzəbli, qüdrətli olduğunuzu göstərmək üçün. Alınmadı - qaçdınız.

İndi səngərdə, barmağın tətikdə, qarşındakı kolun budaqlarının tərpənməsi belə, səni qorxudur. Koldan qəflətən quş pırıldayıb uçanda isə az qalır qorxudan ürəyin dayansın.

Gözlənti qorxudan daha pisdir. Səngərdə təlaşdan vurnuxursan, payız yağışlarının altında islanırsan, titrəyirsən, titrək barmaqlarında oynayan siqaret kötüyünü yandırmağa çalışırsan - bəlkə, bu lənətə gəlmiş həyat pis deyil?!

Savaş səni dəyişib. Səni səngərə yollayanlar Ermənistanda isti evdə yatır, yaxud gecə klubunda, restoranda əylənir, ya da kurortda dincəlir.

Sənsə köhnə avtomatı qucaqlayır, hisli kamuflayajında soyuqdan gizildəyən bədənini isitməyə çalışır, evi yada salıb rahatlanmaq istəyirsən.

"Böyük Ermənistan", "qalibiyyət savaşı" təki sarsaq şüarlar artıq beynindən silinir, çünki o bahalı kostyumlu, sifətlərindən yalan tökülən adamlar sənin kimilərin hesabına milyonlarla dollar qazanıblar.

Sənin üçün artıq savaş, cəsarət, qəhrəmanlıq qalmayıb. Əmrdən sonra açdığın atəşə cavab veriləndə ya qaçmalısan, ya da sink yatağa uzadılmalısan.

Qaçmaq istəmirsən? Onda qal olduğun yerdə və sənin üçün yad torpaqda öl, gübrəyə çevril - nə də olsa, Azərbaycana belə xeyrin dəyər.

Çürümüş sümük təki.

Səngərdə özün, ailən, ölkən, gələcəyin barədə düşünürsən - bu da sənə qorxunu gizlətmək üçün mənəviyyat görüntüsü.

Fəlsəfə əslində biliyə yönəlmiş şüur çırpıntısı deyil.

Sənin fəlsəfən indi ağrıdan, əzabdan qorunmaq üçün qorxulu vurnuxmadır.

Bilirsən ki, o palçıqlı səngərdə kimsəyə lazım olmayan adam təki durmusan.

Hər atəş səsi eşidəndə Pavlovun köpəyi təki başını reflektor olaraq aşağı salır, çiyinlərini qısırsan və sağ əlinin şəhadət barmağı tətiyə yapışır, qorxursan, aşağı çöməlirsən, torpağa qazınmaq istəyirsən, torpaqda, təhlükəsiz yerdə olan qurdlara və soxulcanlara həsəd aparırsan, imkan tapsan, saniyədə bir ölü sürətilə "savaşan" taqımının qaçan fərdlərindən birinə çevrilirsən.

Yalan və ümidsizlik gürzləri gicgahlarında küt ağrılar yaradır, gözlərinin qarşısında partlayışların rəngləri oynayır.

Komandirlər səni irəli yollamağa çalışır, qəhrəmanlıqdan dəm vururlar.

Ay zavallı - patetika, bəlağət yalnız kinolarda yaxşı təsir bağışlayır.

Savaşda isə yalnız atəş nöqtələri varsa, sənin kimi "ət"i hesaba alan kimdir?

Qarabağ savaşı sənin və millətinin şüur hədlərini pozub. Artıq anlayırsan ki, "Böyük Ermənistan" yalanı uğrunda Qarabağda, Qarabağın yanında işğal olunmuş Azərbaycan ərazilərində ölən erməni əsgərləri gəbərmiş köpək leşlərindən fərqlənmir - alışıbsan artıq.

Bəxtin gətirsə, yaralanacaqsan, hospitala aparılacaqsan və oradan özünü igidliyə vuraraq cəsarətdən şövqlə danşacaqsan, hərdən özün də sərsəm rəvayətlərinə inanacaqsan.

Gözləri kor olan, ayaqlarını itirən, qolları kəsilən səngər yoldaşlarınsa susacaqlar.

Nə danışasıdırlar ki...

Atanı, ananı xatırlayacaqsan. Üşənəcəksən ki, birdən ölərsən.

Axı ölü erməni əsgərlərin evə, ailəyə yolladıqları məktubları, qanla qorxu arasındakı sözləri, hər sətirdən ölüm xofunun boylandığı o kiçik mətnləri oxumaq asan deyil.

O da mümkündür ki, əyinlərində hərbi forma, üzlərində saxta təntənə olan adamlar evinə ölüm xəbərini aparsınlar və anan da doqqazda özünün kiçik, amma partlamış cəhənnəminin ağrılarına qovrularaq ağlasın, hıçqırsın.

Erməni əsgəri, bil, savaş zamanı çox qəribə şəkildə sürətləndirir.

Sən artıq ağlamırsan - hər qorxulu gecə səni qocaldır, böyüdür, yaşından artıq edir.

Ermənistandan Qarabağa göndəriləndə eşitdiklərinin əksərinə inanan gənc idinsə, indi həyatına heyfsilənən birisən.

Savaşda çoxları ölüm arayır, amma siz ermənilər arasında evə yol arayanlar daha tez, daha çox ölürlər.

Səninsə həyatında gördüyün son məqam bəbəklərini qırmızıya boyayan, sümüklərindən ağrıları ürəyinə sancan qəfillik olacaq.

Səs və süküt.

Ümid, gözlənti və niyyət qarışığının rəngləri sönən şüurunda yox olacaq.

Hər şey bitəcək.

Bir neçə an sonra isə gözlərini açacaq, ətrafına baxacaq və deyəcəksən: "Salam, ana!"

Fəqət səni kimsə görməyəcək, eşitməyəcək, hiss etməyəcək.

Sən ölüsən - ona görə.

Məktubu bu yerdə bitirirəm, erməni əsgəri.

Ölmək istəmirsənsə, gəldiyin yerə qayıt. Qaç, fərarlik et, qurtul.

Sağ qalmaq istəyirsənsə...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR