Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ilk ordu marşı – VİDEO

Azərbaycanın ilk ordu marşı – VİDEO

Date: 5 November 2016 14:03

Səlman Əhmədlinin Nuru paşanın 1918-ci ildə Gəncəyə gəlməsinə həsr olunmuş şeirinə bəstələnən marş Azərbaycanın ilk ordu marşıdır.

Səlman Əhmədli 1902-ci ildə Gəncə şəhərində doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu "Difai" Milli təşkilatının üzvü idi və 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak olmuşdu. Anası Münəvvər Saleh bəy qızı, Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların silahdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, eləcə də Gəncədə Şeyxzamanlıların evində məskunlaşan Nuru paşanın, Hüsaməddin Tuğacın (gəncəlilər tərəfindən Sibir sürgünündən qaçırılmış bu türk ordusu polkovnikinin yaralarını Səlman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Səlmanın formalaşmasında dərin izlər buraxmışdı.

O, 1920-ci il bolşevik istilasının əzabını hər mənada öz üzərində hiss edənlərdən olub. Atasını, dayısı Məmmədbağır bəyi və digər yaxınlarının itirilməsi bir yana, özü də Gəncə üsyançılarına yemək apararkən, düşmən topunun mərmisinə tuş gəldi. Bədəninin sol tərəfi mərmi qəlpələri ilə dolu, ağır yaralı, huşunu itirmiş Səlmanı qaçhaqaç düşmüş küçələrdən çıxararaq məsçidə qoymaq mümkün oldu. Amma əsgərlər məscidə də soxuldular. Səlmanı xilas edən onun başının altına qoyulmuş "Quran" oldu. Bir tatar əsgər bu kitaba görə onu güllələnməyə qoymadı. Bir neçə gün məsciddə, daha 10-12 gün isə evdə huşsuz qaldıqdan sonra Səlmanda birdən-birə həyat əlamətləri hiss olundu. Ona damcı-damcı bəhməz verməyə başladılar. Məşhur gəncəli həkim Polyakov Səlmanın bədənindəki qəlpələrin bəzisini çıxardı. Amma bu mərmi parçalarının bir qismi Gəncə üsyanından yadigar kimi ömrünün sonunadək onun bədənində qaldı. Beləcə, Səlman Əhmədli həm hərfi, həm də məcazi mənada, ürək tərəfi "ovulmuş" halda Sovet dövrünə qədəm qoydu.

Səlman Əhmədli 1923-cü ildə Bakı Dövlət Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. Burada İsmayıl Hikmət, Bəkir Çobanzadə, Hüseyin Cavid və digər işıqlı zəkalardan dərs alır. 1926-cı ildə Türkiyyədən Bakıya, Birinci Türkoloji Qurultaya gələn və bir müddət universitetdə mühazirə oxuyan Əli bəy Hüseynzadə ilə tanışlıq yaradır. (Tələbə Səlman Əhmədli qurultayda iştirak etmək şərəfinə layiq görülür.) Əli bəy gənc Səlmanın Azərbaycan Cümhuriyətinin sabiq təhlükəsizlik naziri, mühacirətdən tanıdığı Nağı bəy Şeyxzamanlının bacısı oğlu olduğunu bildikdən sonra ona xüsusi rəğbət göstərir. Hətta Səlman böyük türkşünasın yaşadığı, Hüseyn Cavidin BDU-nin həyətində olan evində Əlibəy Hüseynzadə, İsmayıl Hikmət, eləcə də gənc şairlər Almas İldırım, Əmin Abid və başqalarının iştirak etdiyi görüşlərə də qatılır. Universitetdə "yad" ab-havanı duyan Sovet hökuməti Ə.Hüseynzadə və İ.Hikməti geriyə, Türkiyəyə göndərir, Universitet isə bir neçə yerə parçalanır. Ədəbiyyat fakultəsi də yeni yaradılmış Ali Pedaqoji İnstitutun tərkibinə qatılır. Buranı 1927-ci ildə bitirən Səlman Əhmədli Gəncə Pedaqoji Texnikumunda dərs deyir. Texnikumda Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun kimi şəxsiyyətlər bir müddət onunla həmkar olublar. 37--ci ildə sürgün olunan Səlman Əhmədli 1956-cı ildə Gəncəyə qayıdıb öz tədqiqatlarını davam etdirmişdi. O 1977-ci ildə vəfat etmişdi. Onun oğlu görkəmli sənətkar, xalq artisti Mobil Babayev öz ecazkar səsi ilə musiqili teatr səhnəsinin ulduzu olmuşdu.

Hərbi marşın bəstəkarı isə Məşədi Cəmil Əmirov olub. Məşədi Cəmil Əmirov Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli xidmətləri olan simalardan biridir. O, gözəl tarzən, istedadlı bəstəkar və mahir müğənni olmuşdur. M.C.Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Məşədi Cəmil kiçik yaşlarından Azərbaycan xalq musiqisinə, xüsusən də tara böyük maraq göstərir. Məşədi Cəmil Şuşa məclislərində ilk dəfə Qaragöz Zülfüqarla çalıb-oxumağa başlayır. Onun musiqiçi kimi yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük rolu olmuşdur. 1907-ci ildə Məşədi Cəmil o dövrdə Qafqazın ən böyük mədəni mərkəzlərindən biri olan Gəncə şəhərinə köçür. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə və Məşədi Cəmilin tarla şəklini dərc edir.

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota alanlardandır. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır və əsəri səhnələşdirmək üçün bir çox sənətkarları Gəncəyə dəvət edir. Operanın qəhrəmanlarından olan gənc Səadət xanımın rolunu oynamaq üçün incə səsli bir qız lazım idi. Lakin ifaçı tapılmırdı. Nəhayət, Bülbül bu rolu oynamaq üçün razılaşır. Opera Gəncədə iki dəfə oynanıldıqdan sonra Tiflisə dəvət alır və 1916-ci il 3 iyunda Tiflis Kozyanın teatrında (indiki Gürcüstan Dövlət Opera və Balet teatrı) səhnələşdirilir. Operanın quruluşçu rejissoru Sidqi Ruhulla olur. Tiflis səfərindən sonra opera İrəvanda səhnələşdirilir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Məşədi Cəmil muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır.

SSRİ qurulduqdan sonra Məşədi Cəmil Gəncədə dram truppası yaradır. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil, nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Fikrət Əmirov, Qənbər Hüseyinli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. Qeyd edək ki, Məşədi Cəmil Əmirov böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı şöhrət qazanmış "Sevil" operasının, "1001 gecə", "Nizami" baletlərinin, "Azərbaycan" kapriçiosunun, "Kürd ovşarı", "Şur" simfonik muğamlarının müəllifi Fikrət Əmirovun atasıdır.

Sözləri:

Gəncədə çalındı azadlıq suru,

Qovdu ürəklərdən zülməti, qoru,

Dağıt düşmən quran məkrli toru,

İrəli, irəli ər Paşam Nuru!

Çanaqqala – nurlu şəhidlik yolu,

Türk aslanlarının bükülməz qolu,

Allahım, sən özün onları qoru,

İrəli, irəli ər Paşam Nuru!

İstanbuldan gəldin Gəncəyə doğru,

Haydı, gavurlara anlat bu zoru,

Gəncədən Bakıya zəfərdir yolu,

İrəli, irəli ər Paşam Nuru!

Ər Paşam Nuru, Ər Paşam Nuru,

Turanın Aslanı, Nər Paşam Nuru!

Dilruba Vaqifzadə




Tags:  Azərbaycanın ilk ordu marşı VİDEO

RƏYLƏR


Top news