Jurnalist ölümünü fayda sayanlar...

Jurnalist ölümünü fayda sayanlar...
14:12 5 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

UNESCO son 10 ildə həyatını itirmiş jurnalistlərlə bağlı hesabatını açıqladı. Hesabatın məhz bu həftə yayılmasının məntiqi izahı var. Noyabrın 2-si  "Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü" kimi beynəlxalq səviyyədə qeyd edilir. 2009-cu ilin noyabr ayında Filippində baş vermiş "Maqindanao qətliamı" (Maguindanao massacre) 32 jurnalistin və bir o qədər də mülki insanın həyatına son qoyub. Uzun illər ərzində qatilləri müəyyənləşdirib cəzalandırmaq mümkün olmayıb. Faciənin böyüklüyünü nəzərə alaraq, 32 jurnalistin qətlə yetirildiyi bu təqvim, yəni noyabr ayı, 2013-cü ildən başlayaraq, həm də qlobal səviyyədə "Mediada cəzasızlığa qarşı gün" kimi qeyd edilməyə başlayıb. Narahatlıq doğuran fakt budur ki, jurnalistləri qətlə yetirənlərin cəzasız qalması təkcə Filippin üçün xarakterik deyil. UNESCO ötən 10 ilin qlobal statistikasını hazırlayıb və məlum olub ki, hesabat dövründə 700-ə qədər jurnalist peşə fəaliyyətinə görə qurbana çevrilib, qətl hadisələrinin hər 10-dan 9-u açılmamış qalıb, yəni, cinayətkarlar cəzalandırılmayıblar.

Göründüyü kimi, problem qlobaldır və onun aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Özünü demokratik elan etmiş ölkələrin media ictimaiyyətləri, həmçinin, beynəlxalq təşkilatlar bu təqvimlə bağlı müxtəlif aksiyalar keçirərək, jurnalistlərə qarşı zorakılığı pisləyirlər, jurnalist qətliamına son qoyulmasını tələb edirlər. Bu aksiya jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığından, dəstək qazanır. Qeyri-adi görünən məqam isə, kampaniyanın kontekstdən çıxarılması, ondan ayrı-ayrı ölkələrin ləkələnməsi üçün istifadə edilməsinə cəhd göstərilməsidir.

Məsələn, beynəlxalq təşkilatlar elan edirlər ki, hazırda ən ağır durum Əfqanıstandadır. Burada təkcə son bir ildə 11 jurnalist qətlə yetirilib. Siyahıda ölkələrin sıralanması öldürülən jurnalistlərin sayına görə tərtib edilir: Meksikada son bir ildə öldürülən jurnalistlərin sayı 8, İraqda 7, Suriyada 5, Pakistanda 5, Braziliyada 3 və sairdir. Hesabat müəlliflərinə görə, "günahkar olmasalar da", Qərb dövlətləri də jurnalist ölümü faktlarından kənarda qalmayıblar. Amma hesabatı ilk ictimailəşdirən KİV-lərin və onlara istinad edən "media ekspertlərinin" açıqlamalarından belə nəticə çıxır ki, jurnalist ölümünə görə guya dünyada ən ağır durum yaşanan ölkələrdən biri də Azərbaycandır! "Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb" deyə "həyəcan təbili çalanlar" vurğunu peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlər və onları qətlə yetirənlər üzərinə deyil, Azərbaycandakı durum üzərinə salmaq istəyirlər. "2006-cı ildə Monitor jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov evinin qarşısında qətlə yetirilib. Yazıçı, jurnalist Rafiq Tağı isə evinə gedərkən yolda bıçaqlanıb, xəstəxanada keçinib. Ötən il isə jurnalist Rasim Əliyev futbolçu Cavid Qurbanov haqda Facebook-da yazdığı statusdan sonra futbolçunun yaxınları tərəfindən qətlə yetirilib".

Diqqətli yanaşanlar açıqlamadakı səhvi dərhal görürlər. Məsələ ondadır ki, mərhum jurnalist Elmar Hüseynov 2006-cı ildə deyil, 2005-ci ilin mart ayında qətlə yetirilib. Məsələni, bəlkə də texniki yanlışlıq kimi qeyd edib üzərindən keçmək də olardı. Amma eyni siyasi xəttin daşıyıcısı olan bir neçə KİV materialı olduğu kimi köçürərək, həmin "texniki yanlışı" düzəltmədən tirajlayıblar. Nəticə çıxır ki, bu "yanlışa" bilərəkdən yol verilib. Məqsəd, hansı yolla olursa-olsun, Azərbaycanda "jurnalist ölümü, həbsi, təqibi statistikasını" yüksəltmək, ölkənin adını "10 illik siyahı"da "layiq olduğu yerdə" qərarlaşdırmaqdır. Əgər Elmar Hüseynovun qətl tarixi saxtalaşdırılmayıb, olduğu kimi, 2005-ci il üzrə göstərilsəydi, son 10 ilin siyahısına (2006-2016) Azərbaycan 3 deyil, 2 jurnalistin ölüm faktı ilə düşərdi və təqribən ABŞ-la yan-yana durardı. Azərbaycanın siyahıdakı vəziyyətini qəlizləşdirmək üçün jurnalistin ölüm tarixi də saxtalaşdırılıb.

Əlbəttə, əgər jurnalist ölümü 3 yox, hətta 1 olsa belə, narahatlıq doğurmalı, pislənməlidir. Nəinki ölüm faktı, hətta xəsarət yetirilmə, təqib olunma, hədələnmə belə narahatlıq üçün əsasdır və dərhal ictimailəşdirilib qarşısı alınmalıdır. Amma bu yöndə mübarizə həm səmimi, həm də qanunamüvafiq olmalıdır. İndi "aparılan mübarizə" isə nəinki qanunamüvafiq deyil, həm də səmimiyyətdən çox uzaqdır. Yürüdülən siyasət jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi yolunda mübarizədən daha çox, jurnalist təhlükəsizliyi mövzusundan istifadə edib ayrı-ayrı ölkələrin şərlənməsi, nüfuzdan salınması kampaniyasına bənzəyir. "Jurnalist ölümü siyahılarından" istifadə edilərək hədəf seçilənlər, tənqid olunanlar jurnalist ölümlərinin yüksək sayla ifadə olunduğu ölkələr deyil, ABŞ və Avropanın cızdığı "maraq çərçivəsindən" kənara çıxanlardır, haqsız müharibələrə sürüklənən, dövlət çevrilişlərinə, demokratik hərəkat adı altında xarabalığa çevrilənlərdir. Bu kontekst "Sərhədsiz reportyorlar"ın (RSF) "mətbuatın düşmənləri" siyahısında və "mətbuat azadlığı üzrə reytinq cədvəli"ndə daha qabarıq görünür.

RSF-nin hazırladığı 35 nəfərlik "mətbuatın düşmənləri" siyahısına və UNESCO-nun "jurnalist ölümlərinin yüksək olduğu ölkələr" siyahısını müqaisə etsək, ciddi bir ziddiyyətin şahidi olmaq mümkündür. UNESCO-nun hazırladığı və real jurnalist ölüm faktları yüksək olan ölkələrin siyahısı bir başqa, RSF-nin "düşmən siyahısında" yer tutan ölkələr isə bir başqa. RSF-nin siyahısında türk, müsəlman və bir də ABŞ-ın hədəfində olan dövlətlərin yer tutduğunu görməmək mümkün deyil.

Təzad təkcə jurnalist ölümlərini göstərən siyahılarda deyil. Həbs olunan, təqib və təzyiqə məruz qalan jurnalistlərlə bağlı faktların əks edildiyi siyahılar da bu cür təzadlarla zəngindir. RSF siyahısının açıqlanmasından öncə, ictimai rəyin bu təzadlı hesabatı həzm etməsi üçün kampaniya aparıldı. Mövcud olmayan, yaxud fəaliyyəti dayandırılmış müxtəlif təşkilatlar adından Azərbaycanda "12 jurnalist və bloqçunun həbsdə olması" barədə informasiyalar yayıldı. Hansı ki, ciddi beynəlxalq təşkilatların siyahılarında bu rəqəm 12 deyil, 8 rəqəmi ilə ifadə olunur. Hətta 8 rəqəminin özü də mübahisəlidir və dəqiqləşdirilməsi üçün müzakirələr gedir. 8 rəqəmi ətrafında mübahisələr bitməmiş, 12 rəqəmi haradan çıxdı? Belə çıxır ki, ya "jurnalist kimdir" düsturunun yeni variantı tapılıb, ya da kimlərsə bu məsələ ətrafında manipulyasiya edirlər.

İkinci versiya daha inandırıcıdır və təsdiq edilməsi üçün əlavə çaba göstərməyə lüzum yox. Jurnalistika ilə bağlı hesabatların qondarma faktlarla zənginləşdirilməsi, rəqəmlərin şişirdilməsi və ya kiçildilməsi adi hala çevrilib. Bu hesabatlar jurnalistikanın inkişafı, təhlükəsizliyin təmin edilməsi üçün deyil, hansısa dövlətlərin imicinin yüksəldilməsi və ya nüfuzdan salınması üçün istifadə edilir. Əgər belə deyilsə, Sərhədsiz Reportyorların (RSF) "2016-cı il üzrə hesabatı"nı yarımçıq, tamamlanmamış, ilin bitməsinə 2 ay qalmış tələm-tələsik yaymasını necə şərh etmək olar?! Son hesabatların tələm-tələsik, sifarişə uyğun olaraq hazırladığını isbatlayan fakt təkcə onların il tamamlanmamış açıqlanması deyil. Saxtakarlıq hətta, yuxarıda qeyd etdiyimiz kimi, mərhum Elmar Hüseynovun ölüm tarixinin dəyişdirilməsi ilə də bitmir. Sifariş o qədər güclü olub ki, hesabat üzərində elementar redaktə işi aparılmayıb, faktları dəqiqləşdirilməyib, hətta insanların ad və soyadlarının yanlışlığına da fikir verilməyib. Mərhum jurnalist Rasim Əliyevin qətlinin səbəbkarı kimi tanınan futbolçu Cavid Hüseynov hesabatda Cavid Qurbanov kimi təqdim edilib.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR