"BakuBus"dan nümunəvi addım - FOTO

"BakuBus"dan nümunəvi addım - FOTO
14:22 5 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, bu gün "BakuBus"  Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə "Gələcəyin sərnişinləri" adlı yeni maarifləndirici layihəyə start verib.

Layihənin həyata keçirilməsində əsas məqsəd  məktəblilərə  ictimai nəqliyyatdan, "BakuBus" avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətməklə yanaşı,  onlara nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır. 
    
Əvvəlcə şagirdlərə Sürücü-Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictimai nəqliyyat vasitələri haqqında ətraflı məlumatlar verilib, onlara əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub.

Daha sonra şagird və müəllimlər "BakuBus" avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda  şagirdlərə ictimai nəqliyyatdan istifadə  qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piada keçidləri və s. haqqında geniş məlumatlar verilib. Yol boyu şagirdlər avtobusun keçdiyi şəhərimizin tarixi memarlıq abidələri ilə bağlı məlumatlandırılıb və onlara milli-mənəvi dəyərlərimiz, ictimai nəqliyyatda etik davranış qaydaları haqqında bilgilər çatdırılıb. Dövlət Bayrağı Meydanı ilə yaxından tanış olan şagirdlər Azərbaycan bayrağına həsr olunmuş şeirlər səslədirib  və  xatirə şəkilləri çəkdiriblər.

Sonda tədbirdə iştirak etmiş məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa yazıb "BakuBus"ın elektron ünvanına göndərmələri tövsiyə olunub. Bu yazılardan üç ən yaxşısının seçilərək müəlliflərinə xüsusi mükafatların təqdim olunacağı bildirilib.

Qeyd edək ki, gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək "BakuBus"un "Gələcəyin sərnişinləri" adlı layihəsi mütəmadi xarakter daşıyacaq.

İlkin İzzət
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR