Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğlu Eldəniz Zeynalovun GİZLİNLƏRİNİ AÇDI: “Öləndən sonra balışının altından...” - MÜSAHİBƏ/VİDEO

Oğlu Eldəniz Zeynalovun GİZLİNLƏRİNİ AÇDI: “Öləndən sonra balışının altından...” - MÜSAHİBƏ/VİDEO

Date: 5 November 2016 16:48

Onun kinoda ilk böyük rolu "Bir cənub şəhərində" filmindəki Tofiq obrazı olub. Elə yaratdığı obrazlar arasında ən çox sevdiyi də məhz Tofiq idi. Xalq artisti, sevilən aktyor Eldəniz Zeynalovu xatırlayacağıq xatirə günündə.

O "Əhməd haradadır?" musiqili kinokomediyasında rəngsaz Əhməd, "O qızı tapın"da Səyavuş, "Mən nəğmə qoşuram"da sədr, "Qızıl uçurum"da Nuru bəy, "Bizim Cəbiş müəllim"də alverçi Qulam, "Yeddi oğul istərəm"də kəndli Kazım, "Həyat bizi sınayır"da Məsi, "Yol əhvalatı"nda şikayətçi, "Babamın babasının babası"nda həkim kimi yadımızda qalıb.

Yaratdığı obrazlarla xatırladığımız aktyoru ölümündən 14 il sonra oğlu Elbrus Zeynalov necə xatırlayır?

Publika.az həmin müsahibəni təqdim edir.

- Hansı məqamlarda atanızın yoxluğunu daha çox hiss edirsiniz?

- Yaş üstünə yaş gəlsə də, övladın ataya həmişə ehtiyacı olur. Onun yoxluğunu hər addımda hiss edirəm. Atam çox zarafatcıl, yumoru sevən insan idi. Kədərini də zarafata çevirirdi. Münaqişə sevən adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü qalmasına imkan vermirdi. O qədər ailələr olub ki, ayrılmaq ərəfəsində atam onları barışdırıb.

- Bir ata, ailə başçısı, ər kimi necə idi - sərt, yoxsa mülayim?

- Bizə yaxşı ata və anama da gözəl həyat yoldaşı olub. Daxilən həlim insan idi, amma əsəbiləşməyi də vardı. Bir sözünü iki eləməyimizdən xoşu gəlmirdi. O dəqiqə hirslənirdi. Elə biz də onunla hər zaman pərdəli dolanırdıq. Tələbkar insan idi.

- Bir ata kimi sizə əsas nəsihəti nə olurdı?

- Deyirdi ki, hansı peşədə olursunuzsa-olun, amma pulunuzu halal yolla qazanın. Atam təmiz adam idi, haramı sevməzdi.

- İstədiyi, amma oynaya bilmədiyi rollar qaldı?

- Hamleti oynamaq istəyib, amma olmadı. Cavan yaşlarında qismət olmadı, sonra isə yaşı uyğun gəlmədi. Söz yox ki, yaşlı vaxtında Hamleti oynayan aktyorlarımız da olub.

- Bəs ən çox hansı rolunu sevirdi?

- "Bir cənub şəhərində" filmindəki Tofiqi. Həmişə o film haqqında ürəkdolusu danışırdı, çəkiliş zamanı başına gələn hadisələri nəql edib gülürdü.

- Bəlkə onun nəql elədiklərindən bizə də danışasınız…

- Deyirdi ki, o vaxtlar mentalitetə zidd olan hərəkətlər yaxşı qarşılanmayıb. "Bir cənub şəhərində" filminə çəkilərkən atam rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Amma aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda atam rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəfildən qucaqlayacam. Belə də ediblər. Atam işıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, atamın üstünə qışqırır.

- Bildiyimizə görə, Eldəniz Zeynalov at minməkdən qorxduğu üçün bir çox filmlərdən imtina edib...

- "Yeddi oğul istərəm" filmində Mirpaşa əvvəl ona həvalə edilmişdi. Rejissor atamın atdan qorxduğunu eşidəndə rolu başqasına verdi. Bir neçə filmdə də belə olub.

- Başqa hansı fobiyaları vardı?

- Fobiya deyəndə ki, ekstrimləri heç sevmirdi. Çətinə düşəcəyi filmlərdən imtina edirdi.

- Böyük aktyorlar həm də kaprizli olur. Eldəniz Zeynalov necə idi, rejissorun dediyini istəməsə də eləyirdi, yoxsa?

- Atam özünə hörmət edən adam idi, heç kimdən söz götürməzdi. Bu xasiyyətinə görə bir neçə filmi yarımçıq da qoymuşdu.

- Hansı filmləri?

- Məsələn, "Bağ mövsümü" filmində axıracan çəkilməyib.

- Niyə, nə xoşuna gəlməmişdi ki?

- O xoşlamırdı rejissor çəkiliş zamanı desin ki, burda yox, orda otur, yaxud da belə yox, elə elə. Sözü həmişə keçirdi, söz götürmürdü. Hətta bir müddət elə oldu ki, atam heç bir filmə çəkilmək istəmədi. Yadımdadır ki, dostları, rejissorlar ona zəng edirdilər ki, gəl filmə çəkil. Amma o etiraz edirdi. Elə buna görə də çox vaxt epizodlara çəkilirdi.

- Niyə çəkilmək istəmirdi ki?

- Nə bilim. Bir müddət belə oldu. Sonra inadı buraxıb dəvətləri qəbul etdi.

- Bəlkə kimdənsə incidiyi üçün belə edirdi?

- Ümumiyyətlə, o, tez inciyən adam idi, amma küsülü qalmazdı.

- Doğrudurmu ki, Eldənizin adını şair Səməd Vurğun qoyub?

- Bəli. Səməd Vurğun babamgillə qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni ilqabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram. Onu da deyim ki, atam məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında da dayısının təsiri vardı.

- Əyləncəsi, hobbisi vardımı?

- Əntiq əşyalar - kəhrəba təsbehlər, marka, müştük, brelok, suvenirlər toplayardı. İndi onların hamısını evdə saxlayırıq. Futbol azarkeşi idi. "Neftçi" komandasına azarkeşlik edirdi.

- Bəs geyim-kecimi xoşlayırdı?

- Bir dəfə də olsun, onun əynində ütüsüz paltar görməzdik. Atam səliqəli və şıq geyinirdi. Özü də evdə çöl-bayır paltarını geyinməzdi. Evə gəlib paltarını dəyişmədən süfrə arxasında oturmazdı.

- Evdə də elə şirin ləhcə ilə danışırdı?

- O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı. Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə "qədeş" kimi danışırdı.

- Həmkarları arasında onun paxıllığını çəkənlər vardı?

- Belə şeylərə fikir verməzdi. O, özünə dəyər verən adam idi. Əsl şəxsiyyət idi.

- Onu özündən nə çıxara bilərdi?

- Haqsızlıq. Tək özünə qarşı yox e, ətrafdakı insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə qalxırdı.

- Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyubmuş...

- Hə, bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm.

- Kimə yazmışdı?

- Yaxın dostu Telman Adıgözəlov və Mikayıl Mirzəyə.

- Dostları vəsiyyətinə əməl etdilər?

- Hərənin öz ailəsi vardı. Atam bizim taleyimizdən çox nigaran idi, ona görə belə yazıbmış.

- Hansı xəstəlikdən dünyasını dəyişdi?

- Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi başqa idi. Həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı. Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə yaşadı. Hətta huşumu da itirdim.

- Son anda nə dedi?

- Heç nə. Gecəyarısı onun yatdığı otaqdan səs-küy eşitdim. Otağa keçəndə gördüm ki, atam dünyasını dəyişib. O anı xatırlamaq mənə ağırdır. Atam ekstrimlərdən həmişə qaçırdı, amma elə yıxılaraq ölümünü tezləşdirdi.

- Heç yuxunuza girir?

- Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez girirdi.

- Yuxuda necə görürdünüz?

- Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.

- Arzuları vardı?

- Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri toya çağıracam. Qismət olmadı.

- Ölümündən sonra da olsa, arzuları reallaşdı?

- İki qardaşıq, bir bacımız var. Mən də, qardaşım da evlənmişik.

- Yəqin ki, ruhu şaddır…

Cəvahir Səlimqızı










Tags:  Oğlu Eldəniz Zeynalovun GİZLİNLƏRİNİ AÇDI Öləndən sonra balışının altından MÜSAHİBƏVİDEO


RƏYLƏR


Top news