“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
ərazilərində yaradılmış qondarma rejimin adının “konstitusiya
dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək
“Artsax respublikası” adlandırılması cəhdi Ermənistanın məsələnin
mahiyyətindən yayınmaq və beynəlxalq ictimaiyyəti aldatmaq
siyasətinin növbəti nümunəsidir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Dağlıq Qarabağın adı dəyişdirilir"
Ermənistan Azərbaycanın işğal etdiyi "Dağlıq Qarabağ regionunun adını dəyişdirir".
O vurğulayıb ki, prezidentlərin Vyana və Sankt-Peterburq
görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların
atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri
ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər
vurmaq siyasətini yürüdür: “Bütün beynəlxalq ictimaiyyət Dağlıq
Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir
hissəsi kimi qəbul edir.
“Konstitusiya dəyişikliyi” adı altında Ermənistanın növbəti
oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan
ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür.
Həmçinin, bu hal sübut edir ki, rəsmi Yerevanın danışıqlarda
iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər
vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk
Qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun
dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə
çalışır”. (Report)