Balakəndə Məhsul bayramı - FOTOREPORTAJ

Balakəndə Məhsul bayramı - FOTOREPORTAJ
17:52 5 Noyabr 2016
312 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə "Məhsul bolluğu bayramı"nın keçirilməsi artıq ənənəyə çevrilib. Hər il payızın ortalarında keçirilən bu bayram rayonun iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları bir daha təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ənənəvi "Məhsul bolluğu bayramı" keçirilib.

Balakənlilər artıq beşinci dəfə qeyd olunan "Məhsul bolluğu bayramı"nı böyük ruh yüksəkliyi ilə, aqrar sahədə qazanılan yüksək nailiyyətlərlə qeyd ediblər. Bolluq və firavanlıq bu torpağın köksünə alın təri, böyük zəhmət hesabına yazılıb. Tərəvəzi, xurması, meyvəsi, qoz-fındığı ilə məşhur olan Balakən rayonu indi özünün ən gözəl günlərini yaşayır. Cari ilin doqquz ayında rayonda 51,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Rayon qarğıdalı bitkisinin əkin sahəsinə, eyni zamanda, istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini yenə də qoruyub saxlayıb. Cari mövsümdə balakənli fermerlər qarğıdalı əkilmiş 7244,5 hektar sahədən rekord miqdarda - 45 min tona yaxın məhsul əldə ediblər. Bu, ötən ildəkindən 5 min ton çoxdur. Digər növ kənd təsərrüfatı məhsulları istehsalı da əvvəlki illərlə müqayisədə xeyli artıb.

Bayram tədbirinin iştirakçıları parkda təşkil olunan kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olub, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, ayrı-ayrı kəndlərin hazırladıqları bayram süfrələrinə qonaq olub, Balakən mətbəxinə aid təamlardan dadıblar.

Sərgilərdə nümayiş etdirilən arıçılıq, ət, süd, tərəvəz məhsulları, rayon üçün xarakterik olan xurma, qoz, fındıq və digər meyvələr, "Azəryemsənaye" MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar bayram iştirakçılarının marağına səbəb olub.

Folklor və rəqs kollektivlərinin çıxışları bayram ab-havasına xüsusi rəng qatıb. İştirakçılar Balakən mətbəxi üçün xarakterik olan maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyib, bu gün də rayonun kəndlərində keçirilən ənənəvi qarğıdalı təmizlənməsi və yun daranması iməcilikləri ilə əyani şəkildə tanış olublar.

Deyirlər, əmək insanı ucaldır, ona şan-şöhrət gətirir. Balakəndə də öz halal əməyi, alın təri ilə ad qazanan xeyli sayda əmək qəhrəmanı var. Onlardan biri də rayonun Gərəkli kəndində fəaliyyət göstərən fermer təsərrüfatının rəhbəri İslam Muradovdur. Fermer AZƏRTAC-a müsahibəsində bildirib ki, bu il 100 hektar sahədə qarğıdalı əkib, 600 tona yaxın məhsul əldə edib. Eyni zamanda, balakənli fermer bu il təsərüfatında 140 hektar sahədə buğda da becərib, hər hektardan orta hesabla 30 sentner məhsul götürüb. Dövlətin məhsul istehsalçılarına göstərdiyi dəstəkdən yetərincə bəhrələnən fermer gələn il əkin sahələrini daha da artırmağı planlaşdırır.

Talalar kəndindən olan fermer Nüsrət Əsgərov isə bu il 150 hektar sahədə qarğıdalı yetişdirməklə yanaşı, ilk dəfə olaraq, 5 hektar sahədə tütün də əkib, 50 tona yaxın yaşıl tütün yarpağı əldə edib. Fermer gələn il tütün əkini sahələrini bir az da genişləndirməyi düşünür.

Balakəndə keçirilən "Məhsul bolluğu bayramı" respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatıb.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR