Azərbaycanda bir çox dərmanlar yoxa çıxdı, əvəzedicilər isə effekt vermir

Azərbaycanda bir çox dərmanlar yoxa çıxdı, əvəzedicilər isə effekt vermir
20:32 5 Noyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Dərmanların qiyməti dövlət tərəfindən tənzimlənəndən sonra bəzi dərmanlar yoxa çıxıb, bəziləri isə var, ancaq tapmaq üçün şəhərin müxtəlif istiqamətlərindəki aptekləri gəzmək lazım gəlir. Hətta ağrıkəsicilər, qızdırma əleyhinə zəruri və ucuz dərmanları da almaq müşkülə çevrilib. Göz xəstəliklərinin müalicəsində istifadə edilən bəzi iynələr, iltihab əleyhinə məlhəmlər də "yoxa çıxan" dərmanlar sıyahısındadır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, dərman qıtlığının həllini tapmayıb. Xüsusilə də, Bakıətrafı kənd və qəsəbələrdə apteklər boşalıb.

Aptek satıcıları ucuzlaşmadan sonra bir çox dərmanların satışa verilmədiyini söyləyiblər.

Göz damcıları niyə gətirilmir?

"Bu ilin əvvəlindən "Emoksipin" iynələri, göz damcıları gətirilmir. Bu dərmanın əvəzinə "Emoksi-optik" damcıları təklif edirik. Amma xəstələr narazı qalır, deyirlər ki, həmin effekti vermir. Daha bu dərmanlardan gətirilmir", - Səbayel rayonu, Zərifə Əliyeva küçəsindəki aptekin satıcısı Aqşin Məmmədov bildirib.

Onun sözlərinə görə, "Talfun" damcısı da bəzən olur, bəzən isə tapılmır. Çünki ucuzlaşmadan sonra firmalar daha çox əvəzləyici gətirirlər. Xəstələr isə həkimin təyin etdiyi dərmanları tələb edirlər. Nəticədə, narazılıq yaranır: "Xeyli vaxtdır "Nurofen" həbləri də satışa verilmir. Bəzən ürəkbulanmasına qarşı adi "Serukal" iynəsini də vaxtlı-vaxtında gətirilmirlər".

Oynaq ağrılarının müalicəsində istifadə edilən məlhəmlər də indi hər aptekdə satılmır. Məsələn, metronun "28 May" stansiyasının yaxınlığındakı depo-aptekdə "Thyme ceam", "Kapsizol" məlhəmindən satışda yoxdur. Bu aptek dərmanları "Avromed" şirkətindən alır. Bir qədər axtarıb, "Zeytun farm" şirkətinin bəzi apteklərində bu məlhəmlərdən tapmaq olar. "Amaril M 500" həbləri də uzun müddətdir satışda yoxdur.

"Əvəzləyicilərini alın"

"Bütün dərmanların əvəzediciləri var. Biz tapılmayan dərmanların əvəzedicilərini təklif edirik. Kimi almaq istəyir, kimi də narazı qalıb başqa aptekə üz tutur". Bunu metronun "Əhmədli" stansiyasının yaxınlığındakı "Zəfəran" aptekinin satıcısı deyir.

Amma alıcılardan biri onun sözünün tamamlamasına imkan vermir. "Betaserk", "Stugeron" həblərinin əvəzedicisini verirlər. Türkiyə istehsallı "Betaserk"lərin heç bir təsiri yoxdur. "Stugeron" həbləri isə yalnız yuxu gətirir, başqa nəticəsini görmürəm", - deyir.

Başqa bir alıcı "Kardilopin", "Driptan", "Tempalgin" həblərini istəyir və "yox" cavabı aldıqdan sonra deyinə-deyinə aptekdən çıxır.

Tapılmayan dərmanlar

Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən apteklərdə isə "Aloe" iynəsini tapmaq mümkün deyil. Saytın əməkdaşı əvvəllər 1-2 manata satılan bu iynəni şəhərin müxtəlif istiqamətlərində 5-dən çox aptekdən soruşub.

Bəzi apteklərdə "Kevindol", "Gepatalak", "Duyufalak" şüşə flakonlardakı iynələr də yoxdur. Məsələn, metronun "Xalqlar Dostluğu" yaxınlığındakı apteklərdə bu dərmanları istəyən alıcılar "yox" cavabı alırdılar. Satıcılar ya "bu yaxınlarda olacaq", ya da "əvvəlcədən sifariş edin" kimi cavablar verirlər.

"Beklagen" məlhəmini almaq üçün də əvvəlcədən sifariş vermək lazım imiş.

"Nazoneks", "Rinza" spreyi isə satışda var, amma bu dərmanları almaq istəyənlər bir qədər gəzib axtarmalıdırlar.

Mədə xəstəliyinin müalicəsində istifadə olunan "Nexium" həblərinin qiyməti artıb, bunun üçün də bütün apteklərdə tapmaq mümkün deyil.

"Dərmanlar daha təsir etmir"

"Həkim deyir ki, son bir ildə gətirilən dərmanlar yaxşı təsir etmir. Mənə "alman apteki"ndən dərman almağı məsləhət görürlər. Hətta "vitamin C" də təsir etmir", - bunu isə əlində resept aptekləri gəzən Gülnar Axundova söyləyir.

Onun sözlərinə görə, uşaqları üçün balıq yağı belə almağa tərəddüd edir. "Əvvəl Rusiya istehsalı olan balıq yağları alırdım. İndi müxtəlif ölkələrdən gətirilən vitaminlər təklif edilir. Mən heç bir nəticəsini görmürəm", - G.Axundova narazılıq edir.

Digər alıcılar da əvəzedicilərin effektliyinə şübhə ilə yanaşırlar.

"Omez" mənim bütün mədə narahatlığımı götürürdü. İndi başqa firmanın bu adda dərmanından alıram, heç bir təsiri yoxdur. Qiymət ucuzlaşdı, ancaq bir nəticəsi yoxdur. Əvvəlki firmanın dərmanını isə tapa bilmirəm", - Səməd Nəcəfov adlı alıcı şikayətlənir.

Beləliklə, aptek satıcıları dərmanların eyni tərkibli olduğunu, alıcılar isə əksini söyləyirlər.

İqtisadiyyat və Səhiyyə nazirlikləri isə ölkədə dərman qıtlığı ilə bağlı iddiaları qəbul etmir. "Bütün dərmanların əvəzediciləri var. Dərmanlar ölkəyə gətirilərkən keyfiyyətindən tutmuş təhlükəsizliyinə qədər bütün məsələlər araşdırılır. Dərmanların keyfiyyətinə şübhə yoxdur", - Səhiyyə Nazirliyindən bildirirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR