Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Suriya fəlakəti sürətlə silahlanmaya təkan verib

Suriya fəlakəti sürətlə silahlanmaya təkan verib

Date: 5 November 2016 21:12

Suriya və İraq ətrafında baş verən son hadisələr və bu müstəvidə də Hələb və Mosul uğrunda gedən döyüşlər beynəlxalq aləmdə gözlənilən düşmən təhlükəsini ortaya çıxararaq əksər dövlətləri hərbi xərcləri artırmağa məcbur etməkdədir. İş orasındadır ki, İraq və Suriyada təsir dairəsi uğrunda mübarizə aparan ölkələr üçün bu amil taleyüklü önəm daşıyır. Bu qarşıdurmada qalib gələn tərəf supergüc olduğunu təsdiq etmiş olacaq. Ona görə də, ABŞ və onun müttəfiqləri ilə Rusıya arasında İraq və Suriyada baş verən qarşıdurma faktiki olaraq soyuq müharibə dövrünü xatırladır. Suriya lideri Əsədə dəstək verərək onu son anda məğlubiyyətdən xilas edən Rusiya ötən ilin sentyabr ayından başlayaraq bölgədə hərbi hava əməliyyatlarını genişləndirib. Son günlər strateji baxımdan önəm daşıyan Hələbi aramsız olaraq bombardman edən və nəticədə minlərlə dinc insanın ölümünə səbəb olan Rusiya Qərb üçün SSRİ dövründə olduğundan daha təhlükəli düşmənə çevrilməyə başlayıb.

Bunu oktyabr ayının əvvəllərində Rusiya Müdafiə Nazirliyi tərəfindən Suriyada S-300 B4 zenit-raket komplekslərinin dislokasiyasının başa çatdırılması da sübut etməkdədir. Bu, "S-300" zenit-raket komplekslərinin modifikasiya olunmuş versiyasıdır və ilk dəfədir ki, Rusiya onu ölkə hüdudlarından kənarda dislokasiya edir. S-300 B4 kompleksləri 400 kilometrə qədər məsafədə istənilən hava hədəflərini, o cümlədən qanadlı və ballistik raketləri vura bilir. Rusiya bu raketlərin Suriyada yerləşdirilməsini ABŞ-ın Bəşər Əsəd qüvvələrinə raket zərbələri endirmək barədə müzakirələr aparmasına cavab olaraq həyata keçirmişdi.

Rusiyanın "S-300 B4" komplekslərini Suriyada yerləşdirməsi bölgədə hava əməliyyatları həyata keçirən Qərb ölkələrini, o cümlədən İsraili ciddi narahat edir. İş orasındadır ki, bundan bir az əvvəl isə Rusiya Suriyadakı Hmeymim aviabazasında "S-400" zenit-raket komplekslərini yerləşdirmişdi."S-300 B4" kompleksləri öz göstəricilərinə görə "S-400" komplekslərinə yaxındır, ancaq tırtıllı şassi üzərində yerləşir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən İsrail mətbuatı yazır ki, Rusiyanın Suriyada yerləşdirdiyi zenit-raket kompleksləri nəinki bu ölkənin hava məkanını tamamilə nəzarətdə saxlamağa imkan verir, eyni zamanda İsrailin hava məkanının dərinliklərində də istənilən hava hədəfini neytrallaşdıra bilər.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, daha əvvələr Rusiya Suriya ordusunun sərəncamına "S-300" kompleksləri də verib. Həmin komplekslər 200 kilometrə qədər məsafədə hədəfləri vura bilir, onu döyüşə hazırlamaq üçün cəmi 5 dəqiqə kifayətdir. Kompleks eyni zamanda 100-ə qədər hədəfi izləyib onların 35-ə qədərini vurmaq imkanındadır. "S-300" kompleksləri həm çox böyük hündürlüklərdə, həm aşağıda uçan təyyarələri vura bilir.

"S-300" kompleskləri Suriya ordusunun sərəncamında olsa da onları rusiyalı operatorlar idarə edirlər. Xarici mənbələr isə əvvəllər xəbər vermişdi ki, İsrail təyyarəçiləri Yunanıstanda keçirilən birgə təlimlər zamanı "S-300" raketlərinə qarşı mübarizənin yolunu öyrəniblər.

Lakin "S-300 B4" kompleksləri daha mükəmməldir və Rusiya onları Tartus limanı sahillərində yerləşdirib. Nəzəri olaraq bu komplekslər ABŞ-ın Bəşər Əsəd qüvvələrinin bazalarına "Tomoqavk" qanadlı raketləri ilə vurmasını istisna edir. Doğrudur, ABŞ-ın "B-2" strateji bombardmançıları və "F-22 Raptor" qırıcıları istənilən zenit-raket komplekslərinin zərbəsindən yayına bilər.

Buna paralel olaraq Rusiya Suriyadakı Əsəd rejiminə qarşı əlavə hərbi qüvvələr göndərməkdədir. Bu məqsədlə 30 hərbi gəmidən ibarət Rusiya hərbi donanması Suriya sahillərinə doğru istiqamət götürüb. Necə deyərlər, qarşıdurma təhlükəli həddə keçməkdədir. Bu müstəvidə də hazırda çoxsaylı milli, etnik, ərazi münaqişələrinin beynəlxalq hüquq normaları çərçivəsində deyil, hərbi gücdən istifadə yolu ilə həllinə edilən cəhdlər hər bir ölkənin özünü müdafiə üçün yollar axtarmasına gətirib çıxarıb. Xüsusilə, Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayaraq Ukraynaya məxsus Krımı işğal etməsi, buna paralel olaraq Donbasda və Luqanskda separatizmi körükləyərək yeni ərazilər işğal etmək niyyətində olduğunu nümayiş etdirməsi və Suriyada Qərbə meydan oxuması Qərbin müvafiq cavab tədbirləri görməsinə və bununla əlaqədar yenidən sürətlə silahlanmanı önə çıxarmasına yol açıb.

Məsələyə diqqəti cəlb edən Londondakı Beynəlxalq Təhlükəsilik problemlərinin tədqiqi üzrə Beynəlxalq İnstitut əməkdaşları sürətlə silahlanmaya ayrılan xərclərin bəşəriyyəti yeni fəlakətlər təhlükəsi qarşısında qoyduğunu bildirirlər. Beynəlxalq Təhlükəsilik problemlərinin tədqiqi üzrə Beynəlxalq İnstitut əməkdaşlarının hesablamalarına görə 2015-ci ildə hərbi xərclərə ümumilikdə 1,5 trilyon dollar xərclənib. 2016-cı ildə isə hərbi xərclərin 2 trilyon olacaq.

Silahlanmanı zəruri edən səbəblər

Rusiyadan gələn təhlükə ABŞ-ı hər il sürətlə silahlanmaya milyardlarla dollar ayırmağa məcbur edir. Məsələn, ABŞ-ın hərbi büdcəsi 2016-cı ildə 580 milyard dollar təşkil edib. 2017-ci ildə isə ABŞ hərbi xərcləri daha da artırmaq niyyətindədir. Bu çərçivədə də gələn il ABŞ-ın hərbi xərclərinin 585-590 milyar dollar olacağı proqnozlaşdırılıb. Lakin beynəlxalq aləmdə baş verən hadisələrə uyğun olaraq ABŞ hərbi xərclərini daha da artıracaq. Zərurət yaranacağı təqdirdə ABŞ hərbi xərclərini 625-630 milyard dollar səviyyəsinə kimi artıra biləcək. Artıq bunun üçün ehtiyat maliyyə fondu da müəyyən edilib.

Rusiyanın hərbi xərcləri isə 2016-cı il üçün 66,4 milyard dollardır. Bu 2015-ci ildəkindən 7,5 faiz çoxdur. Rusiya müəyyən iqtisadi problemlər yaşamasına baxmayaraq 2017-ci ildə hərbi xərcləri 70-75 milyard dollara qədər artırmaq niyyətindədir. Rusiyanı hərbi xərcləri artırmağa məcbur edən əsas amil Əsəd rejiminə ildən-ilə daha çox hərbi yardım göstərməyə məcbur olması ilə bağlıdır. Buna paralel olaraq Rusiya qondarma Donbas və Luqansk respublikalarındakı hərbi birləşmələrinə də kifayət qədər hərbi yardım göstərir. Bu isə hərbi xərclərin artırılmasını qaçılmaz etməkdədir.

Qeyd edək ki, Rusiyanın dövlət büdcəsinin demək olar 25-30 faizi hərbi xərclər üçün nəzərdə tutulub. Xatırladaq ki, Rusiyanın 2016-cı il üçün dövlət büdcəsi 247,4 milyard dollar həcmində nəzərdə tutulub. Amma lazım gələcəyi təqdirdə Rusiya da hərbi xərcləri daha 15-20 milyard dollar və ya daha çox artırmağı planlaşdırıb. 2017-ci ildə isə Rusiya hərbi xərcləri 80 milyard dollara qədər artırmaq niyyətindədir. Rusiya eyni zamanda yeni hərbi silahların da istehsalını sürətləndirib.

Hazırda Rusiyanın "Almaz Antey" korporasiyası "S-500" zenit-raket komplekslərinin üzərində işləyir. Bu komplekslər qitələrarası ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub, 600 kilometr mənzilə malikdir. Qərbdə "S-500" raketləri ciddi narahatlıq doğurur, ancaq hələ onların silahlanmaya qəbul edildiyi haqda məlumat yoxdur.

ABŞ və Rusiyaya paralel olaraq digər dövlətlər də sürətlə silahlanmaqdadırlar. Məsələn, 2016-cı ildə Səudiyyə Ərəbistanının hərbi xərcləri 87,5 milyard, Çinin hərbi xərcləri isə 215 milyard dollar təşkil edir.

Rusiya təhlükəsi digər ölkələri də silahlanmaya vadar edir

ABŞ-ın NATO üzrə müttəfiqləri də sürətlə silahlanmaqda davam edirlər. Bu müstəvidə də Rusiyadan gələn təhlükə qarşışında qalan NATO-ya üzv 26 ölkə arasında ən çox hərbi xərcləri artıran Polşadır. Polşa 2015-ci ildə ümumdaxili məhsulun 2 faizini hərbi xərclərə ayırıb. 2016-cı ildə isə Polşanın hərbi xərcləri 8,7 milyard həcmində planlaşdırılıb. 2017-ci ildə isə Polşanın hərbi xərcləri 10,5-11 milyard dollar nəzərdə tutulub. Qeyd etdiyimiz kimi Polşanın hərbi xərcləri ildən-ilə artırmasının arxasında Rusiyadan gələn təhlükə dayanır. Vaxtı ilə Rusiyanın işğalı altında inləyən və öz azadlığı yolunda yüz minləlrə insan qurban verən Polşa üçün Rusiya ən böyük təhlükə mənbəyidir. Yenidən Rusiyanın əsarəti altına düşməmək və keçmişdə buraxılan səhvləri təkrar etməmək üçün çıxış yolunu Polşa silahlanmaqda görür. Rusiyadan gələn hərbi təhlükəyə qarşı təcavüzə məruz qalan Ukraynanı özünün müttəfiqi hesab edən Polşa öz qonşusuna da hərbi yardım əli uzatmaqdadır. Bu baxımdan da Polşa hərbi xərcləri artırmaqla bərabər, bölgədə həm Ukrayananın, həm də Latviya, EstoniyaLitvanın simasında Rusiyaya qarşı yeni hərbi blok formalaşdırmağa cəhd edir.

Polşaya paralel olaraq Latviya, Litva və Estoniya da Rusiyadan gələn təhlükəyə qarşı hərbi xərcləri artırmaqdadırlar. Məsələn, Latviya ötən illə müqayisədə hərbi xərcləri 60, Litva 35, Estoniya isə 9 faiz artırıb.

Eyni sözləri Yunanıstan, Böyük Britaniya, Latviya və Litva barəsində də demək olar. NATO-ya üzv digər ölkələrin hərbi xərcləri isə ümumdaxili məhsulun yalnız 1,7 faizini təşkil edib.

Bir sözlə Suriya və İraq böhranı sürətlə silahlanmaya təkan verərək yenidən soyuq müharibə dövrünün təkrarlanmasına yol açıb. ABŞ və onun müttəfiqləri ilə Rusiya arasında soyuq savaşın yenidən dürçəldilməsi isə dünyanı sonu bilinməyən dəhşətli fəlakətlərə sürükləməkdədir.

Milli.Az


Tags:  Suriya fəlakəti sürətlə silahlanmaya təkan verib

RƏYLƏR


Top news