Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Müğənnilərə məsləhət: "Onları qoçular vasitəsilə qorxutmaqdansa..."

Müğənnilərə məsləhət: "Onları qoçular vasitəsilə qorxutmaqdansa..."

Date: 6 November 2016 15:12

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir edən keçmiş "Nida"çı, hazırda YAP üzvü olan Elsevər Mürsəllinin həbs etdirməsi bir neçə gündür ki, maqazin gündəmində müzakirə olunur. 
Belə ki, ilyarım əvvəl Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Buna görə müğənni Mətanət Əsədova Elsevər Mürsəlli barəsində Xaçmaz Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. Bundan sonra E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci ( təhqir) maddəsi ilə cinayət işi başlanıb. Rayon məhkəməsi E.Mürsəllinin müğənnini təhqir etməsini təsdiqləyərək, onu 6 ay şərti cəzaya məhkum etmişdi. 
Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. 
Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli məhkəmə zalında həbs olunub. Vəkil C.Yusifov verilmiş qərarın əmələ adekvat olduğunu açıqlayıb. 

Müğənninin bu addımı mübahisələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri arasında müğənninin onu təhqir edən şəxsi bağışlamasını istəyənlər olsa da, bəzi istifadəçilər M.Əsədovanın doğru addım atdığını bildiriblər. Hətta müğənninin bəzi sənət adamları kimi şəbəkə istifadəçilərini təhqir etməyərək hüquqi yola baş vurmasını alqışlayıblar. 

Çünki şou-biznesin tanınmış simalarının çoxunun onu sosial şəbəkələrdə təhqir və tənqid edənlərə təhqirlə cavab verməsi adi hala çevrilib. Onlar arasında xalq artisti də, əməkdar artist də, adi müğənni də var. Yaxın keçmişə nəzər salsaq, görərik ki, xalq artisti Aygün Kazımova libasının açıq-saçıq olduğunu, ona yaraşmadığını yazan izləyicilərini "Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər. Oy, öldüm gülməkdən...", - ifadələri ilə təhqir etmişdi. A.Kazımovanın bu addımı uzun müddət müzakirələrə və tənqidlərə səbəb olmuşdu. 

Əməkdar artist Röya Ayxan isə təhqirə özünəməxsus çarə tapmışdı. O, İnstaqram-da onu təhqir etmiş Elnur adlı şəxsi görüşə çağırmış və özü isə görüşə tək getməmişdi. 
Röya həmin hadisənin görüntülərini sosial şəbəkədə yaymışdı: "Mənim əzizlərim, İnstaqram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq". 
Röyanın bu addımı qanun pozuntusu kimi qiymətləndirilmişdi. 

Müğənni Nadir Qafarzadə də paylaşdığı şəkilinin altında onu təhqir edən izləyicilərini sərt tənqid etmişdi: "Bütün Azərbaycana, salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz cahillərdir. Onların sevgisi də özləri kimi kalitəsizdir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və seçilmiş bəndəsiyəm. Nə, xoş mənə... Səhifəmə girib, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə".

Son olaraq isə, müğənni Səidə Sultan öz İnstaqram səhifəsində nənəsi ilə bağlı qalmaqala görə onu təhqir edənlərə təhqirlə cavab verib: "Baxıram sosial şəbəkələrdə mənə təhqir yazan ...! Siz xalq deyilsiz, siz xalqın "atxod"larısız! Mənim xalqım mehribandır, insan sevəndir. İki şey məni qıcıqlandırır. "Nənənin üzünə tüpürdü". Gəlin, məntiqlə fikirləşək. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın "atxod" insanlarının ağzına söz atırsa, o nənənin üzünə tüpürmək yox eee... Azərbaycandan deport etmək lazımdır. Mənə elə gəlir ki, nəinki mən, heç bir evdə elə ağsaqqalı arzu etməzlər. Kim ki, məni qınayır, Allah onun evinə elə ağsaqqal nəsib etsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Allah böyükdür. Çünki onlar soruşmamış, maraqlanmamış, xəbər verməmiş, namərdlik etdilər. Mən efirdə oynayacam, atdanıb-düşəcəm, əcəb edəcəm. "Tərbiyəsiz" deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar". 
Bəs, sənət adamları ilə şəbəkə istifadəçilərinin münasibətləri necə tənzimlənməlidir? 

Milli.Az xəbər verir ki, musavat.com məsələ ilə bağlı hüquqşünas Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb. Hüquqşünas bildirib ki, müğənnilər onları təhqir edənləri təhqir edərək, qanun pozuntusuna yol verməkdənsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər: "Mətanət Əsədovanın məsələsindən məlumatlıyam. O vaxt Mətanət xanımın məsələsini həmkarım Ceyhunla danışmışdıq. Belə qərara gəldik ki, istər tanınmış, istərsə də adi insanların başına belə hadisə gəlsə, onlara kömək edək. Hər kəs danışığına və yazdığına görə məsuliyyət daşıyır. Bir insanın təhqir olunması yolverilməzdir. Əksər hallarda müğənnilər, tanınmış şəxslər məsələnin hüquqi tərəfdən həllindən çəkinirlər. Mətanət Əsədova doğru addım atdı, hüquq-mühafizə orqanlarına müraciət edərək, onu təhqir edən şəxsi həbs etdirdi. Bu hadisə onu göstərdi ki, artıq söyüşə və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunma qanuni haldır. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan qanunvericiliyində mülki məsələdə mənəvi ziyan kimi istənilən təzminatlar bir az qanun tərəfindən zəif formada tənzimlənir. Çünki xaricdə bu kimi hallarda təzminat yüz minlərlə ABŞ dolları ilə tənzimlənirsə, bizdə hakimlərimiz bunu 10 min manata qədər təmin edir. Praktika göstərir ki, ən yüksək təzminat İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva qalmaqalında tələb olunub. O da 25 min manatdır. Qanunda təhqir, söyüşlərə görə cəzalar daha da sərtləşdirilsə, hər kəs öz dilinə yiyəlik edəcək və ən azından biləcək ki, ən yaxşı halda bir xeyli təzminat ödəyəcək və ya həbs olunacaq. Tanınmış səxslərə, müğənnilərə məsləhətim odur ki, heç nədən çəkinməsinlər. Onları təhqir edənləri kafeyə çağırmaq və hansısa qoçular vasitəsilə onları qorxutmaqdansa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər". 

Milli.Az


Tags:  Müğənnilərə məsləhət Onları qoçular vasitəsilə qorxutmaqdansa

RƏYLƏR


Top news