Məşhur diktor: “Mərkəzi Komitədən zəng edib dedilər ki, onu ordan rədd edin” - FOTO

Məşhur diktor: “Mərkəzi Komitədən zəng edib dedilər ki, onu ordan rədd edin” - FOTO
18:43 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur.

Publika.az yubiley ərəfəsində məşhur diktorların xatirələrini təqdim edir.

Xalq artisti Sabir Ələsgərov:

- Azərbaycanda SSRİ Ali Sovetindən 3-4 nəfərə sosialist əməyi qəhrəmanı adı vermişdilər, onlardan biri də erməni idi. Roza Cəlilova ilə aparırdıq verilişi. Onda da verilişlər canlı yayımlanırdı. Bu erməni qəfildən qayıtdı ki, Roza xanım, necə danışdım, necə görünürəm? Mən də stolun altından ayağımla onu vururam ki, özünü yığışdırsın, canlı efirdəyik. Vəziyyətdən çıxmaq üçün ona dedim ki, çox sağ olun, yaxşı danışdınız. İndi də o biri qonaqlara söz verək. Erməni yenə də başladı ki, doğrudan, yaxşı görünürəm, Sabir müəllim, danışıb qurtardımsa, onda mən çıxım gedim. Qaş-göz elədim ki, hara gedirsiniz, hələ verilişimiz davam edir. Bunu deyəndə bizi gülmək tutdu. Bir dəfə də mən, Roza xanım və həmkarım Davud axşam olacaq verilişin məşqini edirdik. Rejissorumuz da Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva idi. Məşədi Əzizbəyovdan söhbət gedirdi. Davud da pafosla danışırdı axı. Qayıtdı ki, o, bir səməndər quşu idi. Bunu deyəndə mən də dedim ki, yox bir, Hamlet Xanızadə idi. Solmaz da güldü ki, axşam da bunu desəniz, aləm olar. Axşam veriliş başladı, Davud pafosla deyəndə ki, o, bir səməndər quşu idi, bizi qəfildən gülmək tutdu. Solmaz ordan operatora qışqırdı ki, ə, Davudu götür, Davudu götür, biabır olduq. Sonra Məşədi Əzizbəyovun qızı, ya nəvəsi - yadımda deyil, zəng edib mənə dedi ki, o nə hərəkətdir, Moskvadan "Pravda” qəzetinin müxbirləri verilişə baxıb deyir bu nə biabırçılıqdır? Mən sədrinizə zəng edib səni işdən çıxartdıracağam. Yalandan dedim ki, sədrə zəng eləmək lazım deyil, töhmətimi almışam və işdən də çıxaracaqlar. Qorxdum ki, sədrə zəng eləyər, hamı duyuq düşər.

Əvvəllər verilişə qonaq gələn müğənnilərə qonorar yazırdılar. Bir dəfə Şövkət Ələkbərova, Sara Qədimova, yazıçı Mirzə İbrahimov qonaq idilər. Mirzə İbrahimov da onda Ali Sovetin sədri idi. Veriliş qurtardı, rejissor köməkçisi gəldi ki, qonorar üçün qonaqlara qol çəkdirsin. Bir-bir hamısına dedi ki, Şövkət xanım, Sara xanım qol çəkin. Mirzə müəllimə çatanda çaşıb dedi ki, Mirzə xanım qol çəkin. O da özünü sındırmadı, qayıtdı ki, düz deyirsən, a qızım, mənim elə xanım olan vaxtımdır. Belə maraqlı hadisələr çox olub.

Xalq artisti Rafiq Hüseynov:

- 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxıram. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxudum ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib dedilər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Məni o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas etdi və dedi ki, "bu oğlanın gələcəyi var". Ondan sonra məni Moskvaya diktor kimi dəvət etdilər. Amma mən razılıq vermədim.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR