Xəsislik - Allaha güvənməmək, israf - nemətlərə qarşı nankorluqdur

Xəsislik - Allaha güvənməmək, israf - nemətlərə qarşı nankorluqdur
19:47 6 Noyabr 2016
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər şey öz ziddi, yəni qarşılığı ilə bilinər. Ağı qara ilə, gecəni gündüz ilə müqayisə edirlər. Qənaətin bir tərəfində israf var, bir tərəfində xəsislik, yəni sağı da, solu da uçurumdur. Doğru olan ortadakı qızıl xətti tuta bilməkdir. Bu məsələ bir növ Yer kürəsi ilə Günəş arasındakı məsafə kimidir: bir az yaxınlaşsa, yanar, uzaqlaşsa, donar. İlahi kitabda belə buyurulur: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan.
Xəsislik
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, heç sevilməyən keyfiyyətdir. Ürəksizlikdir, verilən nemətdən başqalarına pay ayırmamaqdır. Korluqdur, pərdənin o üzünü görə bilməməkdir. Özünü düşünmək, başqalarını unutmaqdır. Naşükürlüyün bir şəklidir. Beləsinin həmişə nəyi isə çatmır. Üzü-gözü büzüşük olar, canından bir şey çıxanda sızıltısı illərlə davam edər. Nəyin haradan gəldiyini düşünməz, bərəkətin hansı qapıdan girdiyini anlamaz. Allah-təalanın vədlərinə şübhə edər, şeytanın vəsvəsələrinə inanar. Xəsislik mənəvi xəstəlikdir. Bu xəstəlikdən qurtarmaq üçün sədəqə, zəkat vermək, qurban kəsmək, dara düşənlərə yardım etmək tövsiyə olunur.
Dövrünün ən zəngin insanalarından biri dəvənin belində yol gedə-gedə çörək yemək istəyirmiş, baxır ki, torbadan çıxardığı çörəyi ağzına aparana qədər külək sovuracaq. Ona görə də başını torbanın içinə salır və çörək qırıntılarını o vəziyyətdə yeyir ki, külək dağıtmasın. Bu, xəsislik deyil, qənaətdir. Quru çörəyin qədrini bilməkdir. Allah-Təalanın verdiyi neməti uca tutmaqdır, şükr etməkdir. Beləsinin evinin bərəkəti əskik olmaz, olsa da işin içində bir hikmət olduğunu anlar və yenə şükründən qalmaz.
İsrafçılıq
Xəsis bir cür bədbəxtdir, israf edən başqa cür. İsraf ölçüsüzlükdür, nemətin, sərvətin dəyərini bilməməkdir, nankorluqdur. Beləsinin bərəkəti olmaz. Amma bəzən eləsini görürsən ki, elə hey saçıb-sovurur, dağıdır, nemət də ki, tükənmir. Belələri çox olmur. Bir qism insanlar var ki, heç layiq olmadıqları halda Allah-Təala onların sərvətini artırır, cəmiyyətdə məqamlarını yüksəldir. Bu vəziyyətə klassik ədəbiyyatda istidrac deyirlər. Bu adamlar dünya nemətlərindən korluq görmürlər, istədikləri məqama çıxırlar, istədikləri qədər sərvətləri olur, hara istəsələr gedirlər... Elə bil ki, xüsusi imriyaz sahibidirlər. Və bəzən belələrinə baxan zəif ruhlu insanlar sarsılar, hər şeyin bir cəzasızlıq prinsipinə bağlandığını düşünər. Ömrünün sonuna qədər kef-damağ içində yaşayar istidrac, bir gündə bir restoranda dağıtdığı pullarla yüz acı doyurmaq olar. Bu dünyada möhləti uzundur beləsinin, həqiqi sərvət sahibi isə gözlər, gözlər və nəhayat bir gün ölüm adlı bir həqiqətlə qəflət yuxusundan oyadar eləsini.
Səxavət
Səxavət sahibinə comərd də deyilir. Çox sevilən keyfiyyətdir. Comərd adam təkcə özünü düşünməz, başqalarının halına acıyar. Öz acizliyini dərk edər, malın-mülkün, külli sərvətin sahibini tanıyar, Ona şükr edər. Qudurmaz, "mənəm-mənəmlik" xəstəliyinə tutulmaz. Kimsədən təşəkkür gözləmədən başını aşağı salıb işini görər. Reklam olunmağı istəməz. Danışanda da deyər ki, mən olsa-olsa əlin tutduğu çömçəyəm. Verən əlin sahibinə təşəkkür etmək lazımdır. Səxavətlə təvazö qardaş kimidir. Bir könüldə biri varsa, demək o biri də var. Həzrəti Muhamməd (s.ə.s.) belə buyurur: Səxavətli adam Allah-Təalaya yaxındır, xalqa yaxındır, Cənnətə yaxındır, Cəhənnəmdən uzaqdır; Xəsis isə Allah-Təaladan uzaqdır, xalqdan uzaqdır, Cənnətdən uzaqdır, Cəhənnəmə yaxındır.
Başqa bir yerdə də Allah Rəsulu, "Səxavətli adam cahil də olsa, Allah qatında ibadət edən xəsisdən daha sevimlidir"- buyurmuşdur.
Hər şeydə ölçü, hər işdə müvazinət
Sevimli Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) buyurur ki, müsəlman etidallı insandır. Etidal sözü taraz, ədalətli, hər şeyin yerini, zamanını bilən, nə xəsis, nə də israfçı olmaq anlamında işlənir. Dinimizin təşviq etdiyi, görmək istədiyi insan təşəbbüsçüdür, dürüstdür, ədalətlidir, çalışqandır, amma bütün bunların fövqündə könlündə dünyaya zərrə qədər də yer ayırmayan, yəni dünyaya sahib olsa da ona könül verməyən insandır. Acizlik, başqalarının arxasınca sürünmək müsəlmana yaraşmayan haldır.
Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış.
Elmlə helmin tərqi
Bu söz çox zaman "elm" sözü ilə yanaşı işlədilir. Kimisə tərifləmək üçün onun haqqında "elmi də var, helmi də" deyərlər. "Helm" sözünün ifadə elədiyi əsas mənalar yumşaq təbiətli olmaq, dözümlülük, səbr, təmkindir. Hətta bəzi mütəfəkkirlər belə deyiblər ki, helmi olmayanın elmi yarımçıqdır. Çünki elm və helm bir-birini tamamlayan anlayışlardır. Əgər birisi kiməsə bir şey öyrətmək istəyirsə, ancaq tez-tez əsəbiləşib özündən çıxırsa, demək heç istədiyini də öyrədə bilməyəcək.
Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz belə buyurmaqdadır: "Elmin zinətı elm sahıbının hilmidir."
"Helm" həm də qüvvətli və haqlı olanın bağışlamasıdır; zəif olsa da haqlının haqsıza müqavimət göstərməsidir.
Bir məqamı unutmaq olmaz ki, helmdə niyyət ancaq va ancaq Allah rizasıdır. Altında başqa niyyət dayanan dözüm, təmkin, yumşaq davranış helm deyil, ya qorxaqlıqdır, ya tamahgirlik, ya da hansısa ötəri istəkdir.
Əxlaq
Birisinə öz sevgisini, ehtiramını ifadə edərkən, sünilikdən, bayağılıqdan uzaq durmaq, hər şeyi olduğu kimi ifadə etmək çox əhəmiyyətlidir. Hər məsələdə olduğu kimi bu mövzuda yanılmaz və yanıltmaz rəhbərimiz olan Həzrəti Muhammədin (Ona Allahın salamı olsun!) bizə miras qoyduğu ölçülər var:
Bir səhabə Peyğəmbərimizin hüzurunda başqa bir səhabəni üzünə qarşı çox parlaq ifadələrlə mədh edir.
Rəsulullah o öyən şəxsə belə deyir:
- Sən dostunun boynunu qırdın.
Özü də Allah Rəsulu bu sözü üç dəfə təkrar edir, ardınca da belə buyurur:
- Əgər bir kimsə, illah da, müsəlman qardaşını öyəcəksə: "Mən filankəsin belə olduğunu zənn edirəm, ancaq işin iç üzünü, həqiqəti Allah bilir, mən heç bir kimsənin Allah qarşısında təmiz, günahsız olduğunu iddia edə bilmərəm, - desin.
Heç şübhəsiz, insanların yaxşı və pis, seviləcək və sevilməyəcək tərəfləri var. Tərifləyəndə gərək obyektivlik meyarını qaçırmayasan. Tənqid edəndə də məhv eləməyəsən.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR