Canı canan diləmiş...

Canı canan diləmiş...
21:12 6 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Sevmək sevdiyinə təslim olmaqdır, sevdiyində ərimək, sevdiyində yox olmaqdır, özündən imtina etməkdir, başqalaşmaqdır, sevdiyinin istədiyi şəklə, qəlibə girməkdir. Nağıllarda buta verilər, badə içirilər aşiqlərə. Badə içənin köksü od qapıb atəşlənər, dünya dadını, rahatlığını itirər. Sevmək yerindən-yurdundan olmaqdır, sevgi qəlbin hicrətidir, hər şeydən qurtulub sevdiyinə yüksəlməsidir. Sevmək eşq badəsini başına çəkib hər kəsin gözündə başqalaşmaqdır. Əgər çoxluq Qibləsini yanılıbsa, dünya pərdəsi gözləri tutub, könülləri örtüb basdırıbsa, o zaman sevgi badəsi sərxoşluqdur pərdəli gözlərdə:
Sofular haram demişlər bu eşqin badəsinə,
Mən doldurur, mən içərəm, günah mənim, kimə nə?
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Şərqdə hər böyük alimin bir şair bənzəri var. Toplumun gözündə fərqli görünmək, adamların qəzəbini üstünə çəkməkdə alim Muhiddin Ərəbi ilə şair İmadəddin Nəsimi ruh qardaşlarıydılar sanki. Bu iki misra Nəsiminin öz mühitinə üsyanıydı. Neyləyəsən axı, hamının dəli olduğu yerdə ağıllı olmaq özü dəlilikdir. Sən gördüyün kimi tanıyırsan, tanıdığın kimi sevirsən, deyirlər olmaz. Niyə?- heç özləri də bilmirlər, sadəcə belə deyirlər, vəssalam. Dəli dedilər Ərəbiyə, qovdular məclislərdən. O da gedib bir təpəyə çıxdı, ayağı ilə yeri döyüb dedi ki, sizin tapındığınız mənim ayağımın altındadır. Bir belə, iki belə, axırda o qədər vurdular ki, üz-gözünün qanı qurumamış ruhu tən qəfəsindən uçub getdi. O adamların əlləri başlarından yeyin işlədi, ağıl deyilən o nemətin bərəkətindən faydalanmadılar, niyə belə deyir, niyə hər dəfə eyni yerə çıxıb ayağını yerə döyür, niyə bizim kimi olmur və olmaq da istəmir?... Düşünmədilər ki... Düşünə bilmədilər ki... Ruhsuz təni bir peyinlikdə basdırdılar və rahat nəfəs aldılar. Vəssalam, elə bildilər ki, daha qurtardılar. Bəlkə də qurtardılar, amma müvəqqəti, ölüm adlı o keçid məntəqəsinə qədər.
Yüz illər keçdi aradan və Şamı alan Sultan Səlim o böyük alimin peyinlikdəki məzarını açdı, hələ qanı qurumamış, xoşbəxtlik nurunun əks olunduğu o nurlu çöhrəni göstərdi hər kəsə. Ayağını döydüyü yeri qazdılar, buyurun, bu da sizin qızıl-gümüş sevginiz.
Sevgi var nəfsin istəyidir, sevgi var ruhun istəyi. Hər sevginin də öz iqlimi, öz ünvanı. Hərəsi bir yerə aparır. Amma yol işarələrində hər şey aydın görünür. Nəfsin istəyi keçmişə, yəni dünyaya, ruhun istəyi isə irəliyə, yəni gedəcəyin yerə çağırır.
"Hamı necə, sən də elə" qılıncı asılmışdı Ərəbinin də, Nəsiminin də başının üstündən. Hamı kimi olmaq istəməyənin səsi də, sözü də başqa cür əks-səda vərirdi insanların qulaqlarında. Toplum fərqli səsdən narahat olanda çarə axtarır, həm də ən qaba, ən haqsız yollarla.
Qoca Mövlana deyir ki, sevmək - şəkərin suda əridiyi kimi sevdiyində əriyib yox olmaq, özündən keçmək, görünməz olmaqdır. Sevdiyinə qovuşmaq da elə budur. Özündə özündən heç nə saxlamırsan, özünü saxlamırsan, özündən imtina edirsən. Bir söz var, deyilir ki, Allahla sənin aranda bircə maneə var, o maneə sənin özünsən, onu aşa bilsən, Haqqa qovuşmağın dadını ruhunda yaşayarsan. Şərq fəlsəfəsində buna "fənafillah", yəni Allahda yox olmaq deyirlər.
Məcnun haqqında bir söhbət var. Deyirlər ki, səhrada Leyli ilə görüşmək üçün Məcnun dəvəsinə minib yola çıxır. Dəvənin də evdə bir neçə günlük balası varmış. Evdə bala qoyan dəvə bir qədər gedəndən sonra yolu dolandırıb yenidən qapıya dönür. Bütün xəlayı Leylisinin yanında qalan Məcnun da hər dəfə gözünü açır ki, yenə qapıdadır, dəvə də balasını yalayır. Axır aşırılıb dəvənin belindən düşür: "Mənim leylim səhrada, sənin balan qapıda olduğu müddətcə bizim yoldaşlığımız baş tutmaz", - deyir və payi-piyada səhranın yolunu tutur.
Füzuli də deyir ki, "Canı canan diləmiş", sonra da deyir ki, "canı verməmək olmaz, çünki o, əmanətdir, nə sənindir, nə də mənim", daha sonra da deyir ki, "Biz bu can əmanətini verək, əgər canan qəbul edərsə, canımıza minnət". Can bizə Cananın əmanətidir. Canı Onun uğrunda vermək ən böyük ticarətdir. Allahın verdiyini yenə Onun özünə sata bilmək bu dünya bazarının ən böyük qazancıdır.
Bir döyüşdən geri qayıdarkən Rəsulullah "Kiçik cihaddan böyük cihada dönürük" - buyurur. Səhabələr təəccüb edirlər:"Hansı böyük cihad?" Rəsulullahın cavabı bəşəriyyətin bütün zaman və məkan ölçülərinə şamil edələcək və hər kəsi heyrətləndirəcək qədər möhtəşəmdi:
"Ən böyük cihad nəfsi ilə müharibədir." Həm də elə bir müharibə, elə bir mübarizə ki, ölüncəyə qədər bitməz. Durduğun, arxayın olduğun an fəlakətin balanğıcıdır. Bitib-tükənməyən bir savaş, doğumla başlayıb ölümlə tamamlanan bir mücadilə... Molla Pənah Vaqif bu dünya sevgisini "cifə"adlandırır, yəni iylənmiş, xarab olmuş, murdar ət:
Cifeyi-dünyayadır hər ehtiyacü iştiyaq,
Munca kim etdim təmaşa, sözlərə asdım qulaq
Kizbü böhtandan savayı bir hekayət görmədim
Bu da Molla Pənahın üsyanı idi öz müasirinə. Nəsimi də gileyliydi, Füzuli də, Vaqif də, sonradan gələnlər də...
Allah-Təala bizi şahid olmağa çağırır. Şəhid olmaq üçün öncə şahid olmaq gərək. Şahid olmadan şəhid olmaq olmaz. Şəhidlik təkcə döyüş meydanında öldürülmək deyil, Allah yolunda atılmış hər addımda şəhidlik var. Gözlərinlə şahid olmaq, qulaqlarınla, əllərinlə, ayaqlarınla, dilinlə şahid olmaq, bütün varlığınla ruhunla hüceyrələrinlə, istisnasız olaraq şahid olmaq:- bunu istəyir Rəbbimiz bəndələrindən. Onun Təkliyinə, şəriyi, bənzəri olmadığına, hər şeyi bildiyinə, gördüyünə, eşitdiyinə, hər şeyin sahibi olduğuna, hər şeyə gücü yetdiyinə, istədiyinə istədiyi kimi davrana bildiyinə, ən ədalətli, ən mərhəmətli olduğuna şahid olmamızı istəyir. İnsan layiq olduğu kimi şahid ola bilərsə, Allah-Təala onun görən gözü, tutan əli, danışan dili olar. Yəni o gözlər Allahın istədiyindən başqa bir şeyə baxmaz; o dil Allah rizasına uyğun olmayan bir söz söyləməz; o əl ancaq xeyirə uzanar... Sən belə ola bilsən, bütün həyatın cihad olar, cihad da bu mənada dirini öldürmək deyil, ölülərin dirilməyinə səbəb ola bilməkdir, yən, insanın cəhalatdən qurtulub Haqqa qovuşmasına, zülmətdən çıxıb nura bürünməsinə səbəb olmaq. Ona görə "səbəb olmaq" deyirik ki, hidayət ancaq Allahdan gəlir, biz istəsək də bunu bacarmarıq.
Əslində hər sevgi yoldur gedənə. Hər kəs də bir yolun yolçusu, bir ünvanın aşiqidir. Hər kəsin yolu onun niyyətində başlar, niyyətində bitər. Ona görə də niyyətlər əməllərdən öndə gəlir. Əsilnə qalanda hər kəsin yolu da, boyu da elə niyyəti qədərdir. Niyyət sevginin yoludur, varmaq istədiyin son ünvandır.
Kimi Allahı sevər, kimi dünyanı, kimi keçmişə baxar, kimi gələcəyə, kimi faniyə bağlanar, kimi Əzəli və Əbədi olana. Amma bir həqiqət də var ki, hər kəs gec-tez öz sevdikləri ilə birlikdə olacaq. Nə böyük və böyük olduğu qədər də xoş bir müjdə, xoş bir həqiqət: "Hər kəs öz sevdikləri ilə birlikdə olacaq". Amma varmi qəlbimizdə o cənnət toxumu, o ilahi sevgi? Sevmek təslim olmaqdırsa, nə qədər təslim ola bilmişik ilahi əmrlərə? Həyatımızı o istiqamətdə qura, o rəngə boyana bilmişikmi? Quru-quru "sevirəm" deməklə kim aldadırıq axı? Allahı və Rəsulunu sevə bilmək Allahın bizlərə çox böyük bir lütfüdür. Amma lütfə layiq ola bilmək üçün də bizim görə biləcəyimiz işlər var. Əlindəki tək loxmanı paylaşa bilirsənmi? Gecənin qaranlığında isti yatağından qalxıb dua-dua "Məni sevgindən məhrun eləmə!"- deyib yalvara bilirsənmi? ; "Könlümü dünyadan ayır, Özündən başqasının məskəni eləmə!"- deyib o təmənnada buluna bilrsənmi? İstəyə bilməyi bacarsaq, doğru istəyimizdə israr göstərə bilsək, O əsirgəməz. Çünki O :"İstəyin, bərəkətimi artırın; istəyin, dərdlərinizə çarə edim; siz istəyin, mən də verim"- buyurur.
Hər kəsin dəyəri duasında olduğu kimi aqibəti də sevgisində boy atıb böyüyür.
Sən kimin aşiqisən, kimin xoşuna gəlmək, sevgisini qazanmaq, kimi razı salmaq istəyirsən, bir söylə, dəyərini anlayaq
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR