Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kimlər unudulmadı ki...

Kimlər unudulmadı ki...

Date: 6 November 2016 21:47

Mənim üçün insanlar ilin fəsillərinə bənzəyirlər. Kimi yaza oxşayır, kimi yaya, kimi payiza... Hələ bir az da dərinə getsək, günün havasına, ovqatına da bənzədirəm çoxlarını. Adam var yeni açmış tumurcuğa oxşayır, adam var payız yarpağına. Söhbət sözü ilə, yazıları ilə tanıdığım söz adamlarından gedir.
Payız fəsli mənim üçün bu baxımdan daha zəngindir. Ona görə zəngindir ki, bu fəsil yetkin, dünyanı sınayıb tanımış, yaxşını pisdən ayırmağı bacaran, gözləri üfüqə zillənmiş müdrik adama bənzəyir.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Məmməd Arazı da ən çox elə bu payız günlərində xatırlayıram. Uşaqlığımdan onun şeirlərini oxuyaraq böyümüşəm və yaşadığım duyğuların ən gözəlini onda görmüşəm. Amma hələ o uşaq ağlımla həmişə Məmməd Arazda bir qorxu sezmişəm, unudulmaq qorxusu. Təkcə Məmməd Arazda deyil, şeirdə iddiası olan hər kəsin canında vardı o qorxu həmin illərdə. "Dünya sənin, dünya mənim, dünya heç kimin" deyəndə, "Bu dünya mənimlə başlamamışdı, Bu dünya mənimlə qurtarmayacaq" təsəllisi ilə ovunanda, "Çoban, salamat qal, sağ-salamta qal" kövrəkliyi ilə pıçıldayanda da həmin o qorxu burulğanından keçirmiş.
Adı unudulmuş, qarşısına ildə bir dəfə də olsun çiçək gəlməyən heykəllər sahibsiz məzar kimi qalır meydanlarda, parklarda. Bir gün də gəlib yerini boş görürsən. Boş deyəndə ki, sadəcə yerində ləklər düzəldib çiçək əkiblər. Heykəllərlə çiçəkləri düşünürsən. Kim deyir ki, heykəllər çiçəklərdən daha uzun ömürlü olur? - Mən inanmıram. Bütün heykəllər qısırdır, bütün çiçəklərsə doğub-törəyir. Heykəllərə baxanda sevinmirlər, bəzən söyürlər də, amma çiçəklərə baxanda adamın ürəyi açılır.
İllər uzunu Məmməd Arazı hər gün oxudum. Bəlkə də yüzə yaxın şeirini əzbər bilirdim. Hər dəfə də düşünürdüm ki, Məmməd Araz əsarətindən nə qədər tez qurtulsam, o qədər yaxşı olar. Amma onu da bilirdim ki, şairlər yüz illər boyunca Füzulinin əlindən dad ediblər ki, hara baxsaq, onu görürük, onu görəndə də qələm əlimizdən düşür. Çünki başqalarının kölgəsindən çıxanda azad olur, önündə aşılmış üfüqlərə qanad açır.
Zaman dəyişdi, həyatımız təlatümlü dənizə döndü, meydanları yaşadıq, müharibədən keçdik və bütün bu illər ərzində istəsək də, istəməsək də şeirdən uzaq düşdük. Tale elə gətirdi ki, Məmməd Arazla eyni binada, hətta eyni mərtəbədə işləməli olduq. Tez-tez ziyarət edir, çətinliklə anlaşılan, qırıq-qırıq sözlərini dinləyirdim. Bir dəfə ona "sizin yazı üslubunuz Mehmet Akifin üslubuna çox bənzəyir" deyəndə sanki sıçradı, diqqətlə üzümə baxdı və "bu sözü bir türk də mənə deyib" dedi. Sonra da xahiş elədi ki, Mehmet Akifin kitabını tapıb gətirim. Bu istək mənim üçün çətin bir şey deyildi və dostların imkanından istifadə edərək iki gün ərzində "Səfahat"ın iki cildini Məmməd əminin (o zaman mən ona "Məmməd əmi" deyirdim) masasına qoya bildim.
Son görüşlərimizdə mən onun gözlərində bir kədər görürdüm, deyəsən içindəki qorxu, unudulmaq qorxusu boy verib bir yarpaq da ucalmışdı Məmməd əminin.
***
Bu unudulmaq qorxusu nədirsə, hər kəs ondan qorxur, haqqı olan da olmayan da. Sovet hakimiyyətinin ən rahat illərində, ötən əsrin yetmişinci illərində qəhrəmanlar vardı, hamısı da zəhmət adamları. Əslində bir çoxu zəhmət adamı kimi meydana çıxmış, sonra iclas, qurultay qəhrəmanları olmuşdular. Ağız dolu qızıl diş, yaxa dolu qızıl medal. Ordan vurub, bundan çıxırdılar, burdan vurub ordan çıxırdılar. Hər gün qəzetlərdə şəkilləri, televizorda söhbətləri verilirdi. Çoxunun mandatı da vardı, yəni deputat idi. Özləri zəhməti, tarlanı çoxdan unutmuş olsalar da, hər yərdə zəhmətdən, alın tərinin bərəkətindən danışırdılar. Hətta bir çoban deputat da vardı ki, onun aqibəti əsl ibrət dastanıdır.
Elə bil onları sovet hökuməti doğmuşdu, yıxılanda da hamısını özü ilə apardı. Adları da unuduldu, özləri də.
***
Gözünün yaşına baxmaq olmur. İçin-için ağlayır, ağladıqca da yumaq kimi çözələnir, yaşıl ağlayır, yəni gözünün altına çəkdiyi yaşıl rəng yanağı boyunca süzülüb gedir. Aparıcı da elə bil ki, onun ürəyinin yarasını deşməyə fürsət gəzir, daha çox kövrəltmək, daha bərk ağlatmaq istəyir. Gözündən dodağına qədər çəkdiyi bütün rənglər ağzının kənarındakı qırışlarda bir-birinə qarışıb adını bilmədiyimiz rəng alınıb. Hiss olunur ki, daha özünü idarə eləmək də istəmir, elə əlinə fürsət düşmüşkən millətin gözü qarşısında bütün keçmişini, itirdiklərini, qaçırdığı imkanları bircə dəfəliyə ağlayıb ürəyini boşaltmaq, rahat olmaq istəyir. Daha arzusu qalmayıb, tək istədiyi heç olmasa Əməkdar artist adı ilə ölməkdir. Onun bu halı elə aparıcının da ürəyindəndir, niyə olmasın axı, verilişi gül kimi gedir, baxan ayrıla bilmir. Bir zamanların məşhur ünvanı indi onun qarşısında oturub bütün dərdlərini sayıb-tökür, insanın ən yaxınına söyləməyə çəkindiklərini onunla paylaşır. Bu mənzərəyə baxa-baxa bir daha əmin oluram ki, dünyada təsəlli verməkdən asan şey yoxdur.
***
"Unudulacaq bütün sevdalar!" Yaşıl köynəyini sevdiyim Vaqif Bayatlı deyib bunu. Görüb-götürüb deyib! Kimlər unudulmadı ki?! Unudulmaqdan qorxanlar, unudulmamaq üçün çırpınanlar tarixin dalğaları arasında görünməz oldular. Adı unudulmuş, qarşısına ildə bir dəfə də olsun çiçək gəlməyən heykəllər sahibsiz məzar kimi qalır meydanlarda, parklarda. Bir gün də gəlib yerini boş görürsən. Boş deyəndə ki, sadəcə yerində ləklər düzəldib çiçək əkiblər. Heykəllərlə çiçəkləri düşünürsən. Kim deyir ki, heykəllər çiçəklərdən daha uzun ömürlü olur? - Mən inanmıram. Bütün heykəllər qısırdır, bütün çiçəklərsə doğub-törəyir. Bütün heykəllərə baxanda sevinmirlər, bəzən söyürlər də, amma bütün çiçəklərə baxanda adamın ürəyi açılır.
***
Unudulacaq bütün sevdalar. Heç bilirsinizmi, sevda sözünün öz bətnində bir qəm var, kədər var, şiddətdən, ifrat ehtirasdan əmələ gələn qaralıq var, qaranlıq var, həsrət var... Sevda dediyin ümidsiz sevgidir, ölü doğulmuş körpə kimidir.
Şöhrət sevdasına tutulmaq da ağır xəstəliklərdən sayılır. Şöhrət - altında oturduğun bulud kölgəsi, uçurum başında asılıb xilas olmaq istədiyin buz salı kimidir. Bulud keçəcək, buz əriyəcək və sən o acı həqiqətlə, göz-gözə qalacaqsan. Şöhrət - dünyanın üzünə yapışmaq cəhdidir. Bəlkə də bir müddət baş tutur da, amma bir gün bu fırlanan dünya üzünə yapışmışları kainatın hansı döngəsindəsə bir boşluğa buraxıb yoluna davam edir.
Bir vaxtlar sovet ideyası deyilən məntiqsiz bir nəzəriyyə və o nəzəriyyə üzərində qurulmuş ədalətsiz bir dünya vardı. Yıxıldı, xaraba qaldı, dünya hər yıxılanda da neçə-neçə məşhurları altında əzib yoxa çıxarır. Dünya tez-bazar yır-yığış elədikcə bəzən heç yaxşını pisdən ayırmadan böyük bir tarix dilimini məzara gömürlər.
Bir vaxtlar ədəbiyyatımızda məlum bir siyahı vardı, politbüro üzvlərinin siyahısı kimi bu siyahı da hələm-hələm dəyişməzdi. İndi o siyahıda yer alanların çoxu çoxdan unudulub. Özü də o siyahı o qədər möhkəm, o qədər pozulmaz hesab olunurdu ki, sözün hər mənasında şair olan Musa Yaqub "Həmişə adıma növbə çatanda Bir söz eşitmişəm: və başqaları" deyib gileylənməkdən başqa çarə tapmamışdı. Dünya dəyişdi, hər şey ələndi, yeni siyahılar meydana çıxdı. Bu dəfə də Musa muəllimin adını siyahının başına yazmaq istədilər, amma şair ürəyinə boylənıb gördü ki, daha heç bir siyahıya adının yazılmasını ürəyi istəmir.
Unudulacaq bütün sevdalar. Unudulacaq tarixin yaddaşına yük olan ünvanlar, unudulacaq gördüyünüz nə varsa...
Unudulacaq, hər şey unudulacaq. Kimlər unudulmadı ki...
Milli.Az


Tags:  Kimlər unudulmadı

RƏYLƏR


Top news