Görünən və görünməyən əlillik

Görünən və görünməyən əlillik
22:17 6 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Hamı kimi adi adamdır, heç nəyi ilə başqalarından fərqlənmir, əlində əsasını yerə vura-vura bu küçədən o küçəyə keçir, mağazadan ərzaq alıb evinə aparır, dayanıb qarşısındakı adama diqqətlə qulaq asır, nəvələrini başına yığıb şirin-şirin söhbət edir, hərdən astadan gülməyi də var, qəmlənəndə qaşları çatılır... Eynən bizim kimi görünür, amma eynən bizim kimi deyil. Kiminsə dərdinə çarə ola bilməyəndə gedib yol ayrıcında durur ki, bəlkə mənzil soruşan, yol azan olar, yolun düzünü göstərsin. Gözü sağında, solundadır, harda bir dərd, bir yara görsə, o ağrını ürəyinin başında hiss edər. Bir də ki, hər ehtiyaca, hər ağrıya dərd desən, onunku ətrafında hamıdan çoxdur. Erkən gəncliyində dizdən aşağı sağ ayağını itirsə də heç zaman əlillik pulu almayıb. Deyir ki, əlilliyindən faydalanmaq hər mənada əlil olmaq üçün dua eləməkdir. "Əlil" sözündən də heç xoşu gəlmir. Deyir ki, əli, ayağı kəsilmiş də olsan, özünü hiss elədiyin kimisən. Deyir ki, əlillik düşüncə ilə, dünyagörüşü ilə bağlı haldır. Adam var əli, ayağı, üzü, gözü, hər şeyi yerində olsa da əlildir. Çünki onurğası yoxdur. "Onurğası yoxdur"u da rəmzi mənada deyirdi, yəni öz ayaqları üstündə dura bilmir, hər zaman kimə isə yük olur, kimdənsə asılır, sarmaşıq kimidir. Nə olsun ki, ayağımın biri kəsilib, özüm deməsəm, heç çoxları bunu bilmir də. Dost-tanışın "get özünə pensiya düzəlt" israrını da bu qulağından alıb o qulağından ötürürdü.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, kənddə çox adamın ayaması, ləqəbi vardı: Mayif Qoşqar, Donqa Ələmqulu, Kar İsmayıl, Dəli Qəhrəman, Altıbarmaq Qəşəm, Topal Fərəməz... Əslində fiziki əlamətinə görə kiməsə lağ eləmək ədəbə, əxlaqa uyğun hal deyil. Amma qəribədir ki, o adamlar da o halları ilə yanaşı elə adları ilə də barışırdılar və kimsə o cür müraciətdən incimirdi də.
Amma bir nəfər də olsun ürək eləyib bu yazımızın qəhrəmanına "şikəst İsmayıl", ya "əlil İsmayıl" deyə bilmirdi, çünki yaraşmırdı, camaat bu adi ona yaraşdıra bilmirdi. Əgər yaraşsaydı, yaraşdıra bilsəydilər, həmən adını basardılar kürəyinə, amma insaf deyilən bir güc var ki, buna imkan vermirdi.
Qonşusunun əlindəki dəryazın sapının əyri, köntöy olduğunu görsə, gedib ən möhkəm ağacdan qəşəng bir sap düzəldər, qonşusu həyətin o üzündə görünəndə sapı gərəksiz bir şey kimi ona tərəf tolazlayıb deyər:
-Ay qonşu, bu qalıb buralarda, əl-ayağıma dolaşır. Al, bəlkə bir şeyə yaradı.
***
Adidən adi, sadədən sadədir. Nəvələrini başına yığıb söhbət edirdi. Birdən "Bir az gözləyin, namaz qılıb gəlirəm" deyib çəliyini götürdü, ağır addımlarla qapıdan çıxdı. Bu dəfə namazı uzun çəkmədi, nəvələrinə də dedi ki, onları intizarda saxlamamaq üçün tez qurtardı. Nəvələri namazı soruşdular, soruşdular ki, niyə səhər-axşam ibadətlə məşğul olur. Gülümsündü, dedi ki, namaz qılmaq Allahın çağırışına getməkdir, onun görüşünə tələsməkdir. Tərsini desək də belə çıxır ki, namaz qılmamaq Allahın çağırışından, dəvətindən imtina eləməkdir. Səni bir böyüyün, ağsaqqalın çağıranda sən onun üzünə baxa-baxa arxanı çevirib gedirsənsə, əlbəttə o, sənə hirslənər, ən azı inciyər səndən. İndi bu ayaqdan özünüz düşünün ki, mən o Gözəgörünməzin dəvətini can-başla qəbul edib görüşünə tələsirəmsə, ümidim var ki, O da məndən razı qalır. Elə bil, nəvələr bu fürsəti gözləyirdilər: "Bəs ayağına noolub, ay baba?" Baba gülümsündü, bu sualın deyiliş tərzindən onun arxasında başqa mətləblərin dayandığını da o saat anladı, amma söhbəti çürütməyi, sözü sonuna qədər açıb-ağartmağı, urvatdan salmağı heç sevməzdi. Yəni nəvələri ondan soruşurdular ki, bir halda ki, sən Allahı bu qədər sevirsən, bəs O niyə sənin bir ayağını alıb, səni şikəst qoyub? Təbii ki, baba bunları ürəyindən keçirdi, dilinə gətirmədi. Amma fürsəti dəyərləndirməkdə baba nəvələrdən də usta idi. Ona görə də bu fürsətdən istifadə edib balalarına çox şeylər deyəcəkdi. Əvvəlcə elə ayağından başladı: Bir çətən külfət idik, ata yox, ana xəstə, mən də evin böyüyü. On-on bir yaşım olardı, ya yox. Girmədiyim iş qalmırdı. Bir qapıda odun doğrayırdım, bir evin qoyununu otarırdım, bir başqasına yük daşıyırdım, ot biçirdim, daş daşıyırdım, kol qırırdım... Zarafat deyil, ailə saxlayırdım. O çətin illərdə sanki bir qüvvə məni qoruyub saxlayırdı, nə xəstələnirdim, nə də yıxılırdım, yıxılsam da əzilmirdim. Camaat şər qovuşanda dağdan yığışardı, mən gecə-gündüz demədən dağları, dərələri dolaşardım. İçimdə bir güvən vardi, sanki kimsə mənə pıçıldayırdı ki, qorxma, sənə bir şey olmaz, mən də o pıçıltıya çox inanır, çox güvənirdim. İllər keçdi, yavaş-yavaş böyüdük, böyüdükcə çiynimizdəki yük yavaş-yavaş yüngülləşir, yük yüngülləşdikcə də o pıçıltı sanki seyrəlir, get-gedə zəifləyirdi. Bircə dəfə ehtiyatsız davrandım, əvəzini ayağımla ödədim. Aylarla xəstə yatdım, ayağa qalxanda anladım ki, artıq ailə mənsiz də özünü dolandıra bilir, artıq balacalar böyüyüblər. Oturub düşündüm ki, əgər mən o çətin illərdə yıxılıb ayağımı itirsəydim, görəsən ailənin aqibəti necə olardı. Görünür, bunda da bir hikmət varmış. Nə isə, bunları qoyaq bir tərəfə. Elə əlillər var ki, mən onların yanında toya getməliyəm. Bir də ki, mənim nəyim var axı? Əlhəmdulillah, hər işimi özüm görürəm, bu yaşımda belə kimsəyə möhtac deyiləm. Daha bundan artıq insana nə lazımdır ki? Əsl əlil dünyanı anlamayandır, hər şeyi əyri görəndir, ehtiyaclarını bilməyəndir, doğru yolu tapmayandır, şükürsüz-səbirsiz olandır... Nə isə, bunları qoyaq bir tərəfə. İstəyirsinizsə, bu məsələ ilə bağlı sizə bir hadisə danışım, olarmı?
***
Nəvələr dinmədilər və İsmayıl dayı da onların bu sükutunu razılıq əlaməti bilib sözünə davam elədi:
- Peyğəmbərimiz Həzrəti Muhammədin (Allahın salamı Onun üzərinə olsun!) səhabələrindən birinin sifətində anadangəlmə bir qüsur vardı və həmin səhabə insanların ona baxanda ürpərəcəklərindən çox narahat idi. Ona görə də çox zaman üzünə örtük tuturdu. Bir dəfə Rəsulullah Mədinə bazarında o səhəbəni bazarlıq edərkən görür. Səhabin başı ticarətə qarışdığından örtüyün üzündən düşməsindən xəbərsiz idi. Rəsulullah arxadan ona yaxınlaşdı və əlləri ilə onun gözlərini tutdu. O dövrdə bu cür zarafatlar geniş yayılmışdı. Səhabə Rəsulullahın o ətirli qoxusunu alan kimi:
- Anam, atam sənə fəda olsun, sən Rəsulullahsan.- deyərək qışqırmağa başladı.
İnsanlar bir andaca onları dövrəyə aldılar. Rəsulullah bu xoş zarafatını davam etdirdi:
- Kölə satıram, köləm var, istəyən varmı?- deyib çağırdı.
Gözləri yumulu səhabə:
- Sənə canım fəda, ey Allahın Rəsulu, beş quruşa dəyməyən bu zavallını kim alar Səndən, bu misginə kim dəyər verər?- dedi. Rəsulullah onu buraxdı, keçib qarşısında dayandı və tam ciddiyyətlə belə buyurdu:
- And içərəm ki, Allah və Rəsulunun yanında sənin dəyərin çox-çox yüksəkdir.
Həmin an o səhabə dünyanın ən bəxtəvər adamı oldu və ömrünün axırına qədər də həmin duyğu və düşüncə onu tərk eləmədi.
İsmayıl dayı sözünü bitirib evdən çıxdı. Kənd meydanına tərəf getdi ki, köhnə dostlardan kiminləsə hal-əhval tuta, dərdləşə bilsin.
***
İsmayıl dayının dediyi kimi, şikəstlik hər şeydən əvvəl dünyagörüşüdür, iradə işidir, əxlaq məsələsidir. Bu yazımızın qəhrəmanı ayağını itirməyində də özünü günahkar bilir. Deyir ki, tədbiri əldən verməsəydi, bu iş də başına gəlməzdi. Başına ir iş gəldimi, ilk növbədə təqsiri özündə görməyə çalışmaq, nə halda olursan-ol, o halın verdiyi imkanlar çərçivəsində çalışmaq, başqalarından fayda gözləmədən başqalarına fayda vermək üçün çırpınmaq, yük olmamaq əsl insana xas olan xüsusiyyətlərdir.
İnsan var, əl-ayağı, boy-buxunu, hər şeyi yerindədir, hələ baxanda "maşallah" da deyirsən, amma təfəkküründə şikəstdir, dünyaya baxışında əlildir. Adam da var ki, bir tərəfi yoxdur, amma o yarım canı ilə kimsədən geri qalmır, kimsəyə yük olmur. Bu gün dünyaya çox sayda lal, kar, kor insan var ki, normal insanlar kimi çalışır, ailə saxlayırlar. "Necə?", "niyə?" deyə sual verməyin, istəyəndə hər şeyin bir yolu tapılır, sadəcə bunun üçün əzmli olmaq və imkanları sonuna qədər açmaq lazımdır.
Sözümüzün canı odur ki, şikəstlik fiziki əlamətdən daha çox mənəvi kateqoriyadır, Allah bizi o cür əlli-ayaqlı, gözlü-qulaqlı əlil olmaqdan qorusun. Vəssalam.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR