Qoxunun anatomiyası

Qoxunun anatomiyası
23:23 6 Noyabr 2016
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

1985-ci ildə İsveçrədə çap olunmaqla alman dilli ədəbiyyatın zirvəsinə çevrilən Patrik Zyuskindin bestsellerə çevrilmiş romanı əsasında "Konstantinfilm” kinostudiyasının 2007-ci ildə istehsalı olub triller janrında çəkilmiş "Əttar” ("Parfümer”) filmində (ssenari müəllifləri Andri Birkin, Bernd Eicninqer, Tom Tükver, quruluşçu rejissor və bəstəkar Tom Tükver) XVIII əsr Fransanın ən müəmmalı fiquru sayılan Jan Batist Qrenuyun doğuşundan ölümünə qədər izlənilən tarixçəsi təqdim olunur.

Romanın ilk epizodunda: "O dövrün şəhərlərində bizim müasirlərimizin təsəvvür edə bilməyəcəyi üfunət, küçələrdəki peyin, həyətlərdəki sidik, pillələrdəki çürümüş taxta və siçovul nəcisi, mət-bəxlərin kəsif kömür qoyun piyi, yataq otaqlarının çirkli mələfə, nəm tük və gecə qarşoklarından buxarlanan nəcis qoxusu” natural təsvir edilsə də, film mahiyyət daşıyıcısına çevrilən obrazdan başlanır.

İlk kadrdan iri planda görünən burun sahibinin əl-ayaqları qandallanmış Jan Batist Qrenuyun (Ben Uişou) yarımqaranlıq dəhlizlərdən keçirilib eyvana çıxarılmaqla şəhər meydanındakı hiddətli kütlənin qarşısında ölüm hökmünün elan edilməsi gərginliyi təmin edir. Ədəbi əsərdən parçalar oxuyan diktorun mətni altında ən üfunətli şəhər olması romanda ustalıqla canlandırılan Parisin kəskin iyli balıq bazarında 17 iyul 1738-ci ildə doğulduğu bildirilən Qrenuyun dünyaya gəlişi sərt boyalarla göstərilir. Hündürdən ağlamaqla beşinci uşağının da göbəyini balıq təmizlədiyi bıçaqla kəsib içalatlarla birgə zibilliyə atmaq istəyən "podaqradan, siflisdən başqa ciddi xəstəliyi olmayan qadının” (s.9) edam olunmasına rəvac verən Qrenuyun ilk andan ətrafın kəskin üfunətini qoxla-ması filmin yeni ünsiyyət vasitəsini önə çəkməsini vurğulayır.

Madam Qayarın kimsəsiz körpələr evində ona uzadılan barmağı "gözü ilə deyil, burnu ilə görən canavar balası kimi” (s.12) havada tutub qoxlamaqla heyrətləndirdiyi, uşaqlar tərəfindən öldürül-məyə cəhd edilən Qrenuy beş yaşına qədər danışmasa da, qarşısına çıxan otu, yarpağı, budağı, ağacı, meyvəni, daşı, suyu, ölü siçovulu, qurbağanı, qaynaşan qurdları qoxlamaqla məişət dilinin onun daxili təəssüratlarını açmaqda, ifadələndirməkdə çətinlik çəkdiyini hiss edir. On üç yaşında onu dəri aşılayan dabbağa on beş franka satıb pulunu alsa da, həmən öldürülən madam Qayarın ömrü bitsə də, indiki ağır işdə qarayaraya tutulmaqla beş ildən artıq dözməyən digər uşaqlardan fərqli olaraq Qrenuyun illərdən sonra nəhayət, gön-dəri satmağa apardığı şəhərdə gəzə-gəzə burun pərlərini oynatmaqla minlərlə ecazkar qoxulardan keçərək ətriyyat dükanına gəlməsi onun həyatı-nı dəyişir. Küçədə qoxusunu seçərək ardınca getdiyi çilli, qızılı saçlı, firuzəyi gözlü gavalı satan qızı təşvişə düşərək qışqırdığına görə qətlə yetirib "bircə damcı belə qoxusunu itirməkdən qorxa-qorxa” (s.27) ətrini yığmağa çalışdıqca gücsüzlüyü üzə çıxan Qrenuyun gözəlliyin ömrünü uzatmaq, qorumaq naminə qoxunu saxlamaq üsulunu öyrənməyi həyat məqsədinə çevirməsi əsas dramaturji hadisəni nizamlayır.

Diktor mətnində otuz il əvvəl İtaliyadan gəlib Parisdə ətriyyat dükanı açmaqla qazandığı müştərilərini tədricən itirən əttar Cüzeppe Baldininin (Dastin Xofman) sifariş etdiyi keçi dərilərini gətirən Qrenuy qoxunu qoruyub saxlamağın sirrini öyrənmək məqsədi güdür. Daha çox müştəri qazanmış rəqibin icad etdiyi, adında ehtiras və qəlb barədə yunan mifologiyasını daşıyan «Amur və Psixeya» ətrinin tərkibini asanlıqla taparaq daha da mükəmməlləşdirməklə, əvvəlki şöhrətini qaytarmaq istəyən Cüzeppe Baldini və onun sahibkar dabbağa ödədiyi əlli frank hesabına əttar şagirdi olmaq imkanı qazanan Qrenuy durmadan bu sirrə yiyələnmək imkanı qazanır. Körpüdən keçən faytonun vurub çaya saldığı sərxoş dabbaq dünyasını dəyişsə də, Qrenuyun zəngin ətriyyat laboratoriyasındakı təcrübələri səmərəli nəticələr verir.

Əfsanəyə görə Firounun məqbərəsindən tapılmaqla ətrafdakıları sanki cənnətə salan möcüzəli ətirin on iki tərkibi tapılsa da, son on üçüncünün müəammalı qalmasını öyrənən Qrenuyun bu sirrə sahib olmaq niyyəti qarşısıalınmaz məqsədə çevrilir. Misi, dəmiri, şüşəni, canlı it-pişiyi belə buxar qazanına atıb distillə etməklə qoxunu saxlamağın mümkünsüzlüyünü dərk edərək ölüm yatağına düşən Qrenuyun yüzlərlə hazır formulun müqabilində ustadından aldığı zəmanət məktubu hesabına Qrasa yollanması da, əsas məqsədə xidmət edir. Cüzeppe Baldini arvadı Tereza və uçub çaya tökülən körpü üzərindəki evi, dükanı ilə birgə məhv olsa da, təbiət qoynundan keçərək hər hansı bir iyin olmadığı dağ zirvəsinə çataraq yorulub mürgüləyən Qrenuyun gavalı satan qızın qoruyub saxlaya bilmədiyi qoxusunu xatırlaması əsas hadisəni gündəmdə saxlayır.

On gün əvvəl yediyi kalbasanın iyini belə paltarında hiss edən Qrenuyun özünün hər hansı bir qoxuya malik olmadığını dərk etməsi onun ətraf üçün yoxluğunun simvoluna çevrilir. Və tənhalığa çəkilməklə gələcək ömür yolunu müəyyən edərək varlığını, əhəmiyyətini, tarixi missiyasını təsdiqləməyi arzulayan Qrenuyun faytonla keçən zəngin Antuan Rişinin gözəl qızı Lauranın qoxusunu tutmaqla gəldiyi Qrasda Madam Arnulfinin ətriyyat müəssisəsinə işə düzəlməsi növbəti dramatik mərhələni əks etdirir. Möcüzəli ətirin əsas ünsürünü daşıyan gözəl qadınların ecazkar qoxularını bir yerə toplamaq istəyən Qrenuyun onların xoş rahiyəsini pis iyə çevirən qorxunu aradan qaldırmaq naminə öldürməsi şəhərdə qalmaqal yaradır.

Şəhərdə çaxnaşma salan, kommersiya fəaliyyətinə mane olan komendant saatı elan edilməsinə baxmayaraq küt alətlə arxadan vurmaqla kilsədə belə qətlə yetirdiyi gözəllərin ətrini piy sürtülmüş keçi dərisinə hopduran Qrenuyun tələb olunan on üçüncü qoxunun daşıyıcısı, gözəl Lauranı təqib etməsi sapsens və maneələri dəf etmək yolu ilə həll edilir. Kilsə tərəfindən iblis, şeytan elan edilən Qrenuyun hələlik adadakı monastra, sonra isə sevmədiyi qraf de Monteskeyə ərə vermək istəyən Antuan Rişinin şəhərdən uzaqlaşdırdığı qızı Lauranın qoxusunu uzaq məsafədən belə təqib etməklə qətlə yetirməsi qətllərin son akkorduna çevrilir. Ecazkar ətrin yaranmasında vacib olan on üçüncü ünsürü Lauranın qoxusunu da distillə edib istədiyinə nail olan Qrenuyun onu təqib edən silahlı əsgərlərə tabe olaraq həbsxanaya düşməsi tamaşaçını filmin əvvəlinə qaytarır. Cəzalandırılmaq üçün meydana gətirilərkən yaratdığı ecazkar ətirdən istifadə edən Jan Batist Qrenuyun qarşı-sında diz çökən cəllad müsyö Paponun: "Bu adam körpə kimi günahsızdır!" sözləri yayılan qoxu ilə birgə bütün meydana sirayət edir.

Ədəbi əsərə nisbətən filmdə zahirən daha insaniləşən Qrenuyun ətirləyərək havaya atdığı dəsmal uçduqca aralarında: "Bu insan deyil, mələkdir!” deyən yepiskop da olmaqla özlərini cənnətdə hiss edərək soyunub eyş-işrətə başlayan kütlənin eyforiyası qələbənin təntənəsinə çevrilir. Lüt-üryan insanlar arasında aşıb çevrilən gavalı səbətini görməklə ilk qurbanını xatırlayan Qrenuyun axan göz yaşları ona ülvi sevgi hissindən məhrumluğunu xatırlatdığı məqamda xəncərlə üzərinə gələn Antuan Rişini bağrına basaraq ram etməsi kütlə ilə münasibətin son akkorduna çevrilir.

Ədəbi əsərin diktor mətni tədricən özünə gələn kütlənin bu əxlaqa zidd hadisəni unutmağa calışdığını, madam Arnulfinin dal həyətində öldürülmüş qızların saçları, paltarları tapılmaqla onun aşnası Dominik Dryonun işgəncə nəticəsində cinayətləri boynuna alaraq asılmasını söyləməklə süjet xəttini qapadır. Əlində hələ dünyanın fəthinə bəs edəcək, puldan, terrordan, ölümdən güclü ecaz-kar ətir qaldığı halda sevgidən uzaqlığını duyan Qrenuyun 25 iyun 1766-cı ildə axşam saat on birdə Parisin vaxtilə doğulduğu guşəsinə çatdığı vurğulanır. Papaya bir ətirli məktub göndərməklə yeni Moisey adlandırıla biləcək Qrenuyun saçlarına tökdüyü ətirin təsirilə ona üz tutanların arasında yox olması və filmin ayaqlar altında qalan ətir şüşəsindən düşən son damla ilə bitməsi mövzunu obrazlı tamamlayır. Beləliklə, fransızların nəinki imicinin, hətta iqtisadiyyatının da formalaş-masında müstəsna yer tutan ətriyyat haqqındakı dəyərli roman əsasındakı film qoxu hissinin audiovizual həllinin tapılmasında da müstəsna addıma çevrilir.

Aydın Dadaşov

Professor


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR