Əyildim, keçdim qapıdan

Əyildim, keçdim qapıdan
23:47 6 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Tale haqqında maraqli yozumlar irəli sürülür. Təbii ki, yanlış olanları da var, həqiqətə uyğun olanları da. Amma çoxluğun qəbul elədiyi belə bir qənaət var ki, tale, qismət dediyin seçimdir, Allah-Taalanın sənin önündə açdığı variantlardan birini seçmək. Təbii ki, hər kəs də öz seçimindən məsuldur və o seçimlə bir növ gələcəyini şəkilləndirmiş olur.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, tanınmış yazıçımız Anar müəllimin "Macal" povestində belə bir epizod var: Yenicə nişanlanmış, qarşısında planlaşdırılmış karyerası olan bir gənc gecə vaxtı tindən keçərkən görür ki, bir nəfəri zorla maşına basıb harasa aparırlar və o dava-şavada eşitdiklərindən belə anlayır ki, aparılan adamı öldürüləcək. O zavallının köməyinə yetişmək üçün bir addım atır və dayanır. Bir anlıq davaya müdaxilə edəcəyini və bəlkə də bir bıçaq zərbəsi ilə öldürüləcəyini düşünür, sonra da nişanlısının başqa biri ilə evləndiyini görür, unudulduğunu, onun üçün hazırlanmış kresloda bir başqasının yayxanığını göz önünə gətirir və dayanır. Əslində heç nəyi düşünmədən, nəticə necə olur-olsun münaqişəyə müdaxilə eləməli idi, çünkü atası onu elə tərbiyə eləmişdi. Amma getmir, durur, vicdanının, aldığı tərbiyənin sözündən çıxır və yolunu dəyişib gedir. Yolunu dəyişmək əslində gələcək taleyini seçmək idi. O bir taledən başqa bir taleyə qaçdı. Təbiiliyindən, özündən, xarakterindən, tərbiyəsindən yayınır, özündən gizlənir və tamam başqa bir adam olur. Atası kimi sərt, sözü qızıl-qırmızı üzə deyən birisi olmalı olduğu halda öz mühitinin, ictimai münasibətlərin bir parçasına çevrilir. Arada illər keçir, nişanlısı ilə evlənir, vəzifə pillələrini bir-bir dırmanır və günlərin bir günü heç gözləmədiyi halda yolu yenə həmin tindən düşür. Baxır, xatırlayır və hər şeyini buraxıb, göz qamaşdıran həyatını tərk edib yenidən özünə xəyanət elədiyi o qorxunc gecəyə qayıdır, amma nə gecə o gecədir, nə də o cəlladlar tutduqları o zavallı ilə dayanıb gözləyirlər. Hər şey çoxdan keçib, çox sular axıb durulub, amma bir həqiqət hər gecə və hər gündüz üçün keçərlidir və hər tinin başında durub gözləyir: Tale Yaradanın zorla bizim boynumuza keçirdiyi bir boyunduruq deyil, bizə verilmiş iradə ilə seçdiyimiz, seçəndən sonra da qəlibinə, standartlarına uyğunlaşdığımız bir variant, bir yoldur və əgər seçdiyimiz o yol xarakterimizə, əxlaqımıza uyğun deyilsə və biz o qərarı sadəcə lüks içində yaşamaq, kiminsə xatirinə və ya kiminsə acığına, kimdənsə bir baş yuxarı görünmək üçün qəbul eləmişiksə, qarşıda gözləyən hər faciəyə hazır olmalıyıq. Amma ömrün bir məqamında durub sonu görünməyən illər üçün verilmiş fərman hər zaman özünü doğrultmur, ürək deyilən, vicdan deyilən, xarakter deyilən bir güc hər şeyi dəyişə, hər işi sıfır nöqtəsinə qaytara bilir. Anar müəllimin bu təsbiti illər uzunu düşüncələrimi məşğul elədi və ola bilsin ki, özümdən xəbərsiz xarakterimdən hansısa cəhətin formalaşmasında mühüm rol oynadı. Hələ o əsərin çap olunduğu ilk ildə dönə dönə oxuyub anlamışdım ki, insan özünü inkar edəndə əzilir, deformasiyiya uğrayır, içi əyilir, vicdanı əliyir, başqalarının gözündə nə qədər şax görünsə də nə qədər əyri-üyrü, nə qədər qozbel, nə qədər eybəcər olduğunu özü hər kəsdən yaxşı bilir. Hələ milli şüurun oyanmadığı o illərdə mənim kimi minlərlə gəncin düşüncəsinə bu cür dəyərli material verən və o təsəvvürümüzdə formalaşdırdığı qənaət bu gün də zərrə qədər dəyişmədiyi, öz ilkinliyini qoruduğu üçün Anar müəllimə bir daha səmimi təşəkkürlərimi bildirirəm.
xxx
Sovet dövrü olanda nə olar, o illərdə də mərd, sözü üzə şax deyən, ləyaqətini qoruyan, qarşısına çıxan haqsızlığı aradan qaldırmaq üçün əlindən gələni edən və bütün imkanları tükənəndə də son çarə kimi işini-gücünü buraxan kişilər olub (indiki cavanların çoxu elə düşünür ki, sovət dövründə hamı yorğanı başına çəkib yatırmış). Kinomuzun inkişafında xüsusi mərhələ açan və çoxlarının da ən çox "Axırıncı aşırım" dakı Kərbəlayı obrazı ilə tanıdığı rejissor, aktyor Ədil İsgəndərov sərd desən, mərd, sərt desən sərt bir kişi olub. Bir dəfə Baksovetdən zəng edib tapşırırlar ki, bəs filan aktyoru kinoya çəksin. Ədil müəllim də belə cavab verir: "Qadam, bir həftədir üçüncü mikrorayonda su yoxdur, sən o işlə məşğul ol, kinoya kimi çəkməyi mən səndən yaxşı bilirəm (rəhmətlik hamıya "qadam" deyə müraciət etdiyi üçün çox zaman də elə onun özünə "qadam" deyərmişlər).
Yenə bir dəfə Baksovetdə bir yığıncaq varmış, kinostuduyadan da bir neçə gənc aktyorla birlikdə Ədil müəllim iclasa qatılıbmış. Baksovetdən birinin Ədil müəllimlə nəsə problemi varmış və söz alıb "qadam"a o ki var döşəyir. Hər kəs də maraqla gözləyir ki, indi çıxış qurtaracaq, sonra Ədil müəllim söz əlıb ona sataşan bu məmurun dərsini verəcək. Çıxış qurtarıq, başqaları tribunaya çıxıb danışır, sonra bir başqası, daha bir başqası... Nə qədər gözləsələr də Ədil müəllim nə söz istəyir, nə də ağzını açıb danışır. İclas qurtarır və kinostudiyaya dönərkən gənclər Ədil müəllimdən soruşurlar ki, niyə onun dərsini vermədi. Ədil müəllim də deyir ki, onun dərsini vermək bir məsələ deyil ee, amma iki balasının ev məsələsi stolun üstündə həllini gözləyir, qoy o işlər həll olsun, sonra qismət olsa, o borcu qaytarar. Həqiqətən də o iclasdan az sonra istedadlı aktyorlar Həsənağa Qırbanov və Şahmar Əkbərov Baksovetdən ev alırlar.
"Qadam"ın bu sükutu onu heç də tanıyanların gözündə alçaltmır, daha da ucaldır, sərt, mərd olduğu qədər də fədakar və bəlkə daha çox fədakar, xeyirxah insan olduğunu göstərir.
Amma bu gün sənət adamları rəhmətlik Ədil müəllimi sənəti ilə yanaşı və bəlkə də daha çox o mərdliyi, sözü üzə deməsi, dürüstlüyü və atmacalı cavabları ilə xatırlayır. Qısa, amma dümdüz boyu vardı, elə bil əyilməmək üçün hansı boyda qalmaq lazım idisə orda da qalmışdı. Allah rəhmət eləsin!
xxx
Ramiz Rövşəni də "sevirəm" deməli olduğu yerdə o sözü əsirgəyən və sevmədiyi halda nəyinsə, kiminsə xatirinə "sevirəm" deyənlərə "özünü öldürən adamlar" deyir. Xətirə, acığa yaşayanlar çox zaman büküm-büküm bükülürlər. Cavankən çiyninə götürdiyin yük illər keçdikcə səni əyir və bir də baxırsan ki, yeddi yerindən bükülmüsən. "İlan balası" da özü kimi düz "yerimir", özündən çox yoluna oxşayır, əyri-üyrü gedir hədəfinin üstünə. İnsan içini yaşamayanda əvvəlcə içi əyilir, sonra çölü.
İstəmədiyimiz halda boynumuza bağlayıb evdən çıxdığımız qalstuk dəyirman daşı kimi sallanıb əyir boyumuzu, xoş gəlmək üçün sifətimizdəki saxta gülüşlər əyir sifətimizini, danışdığımız yalan sözlər dilimizi əyir, qapdığımızı qapan kimi kimi cibimizə aparan əlmiz əyilir, yalana şahidlik edəndə gözümüz əyilir, başqalarının haqqını tapdalayanda ayaqlarımız əyilir, əyilə-əyilə gedirik ancaq düzlərin keçə biləcəyi körpülərə, qapılara...
xxx
Deyirlər ki, bizdə bir milyon dollardan imtina edə bilən bir adam var. Təsəvvür edəndə belə adamın gözləri bərəlir. Dəli də adlandırsanız, qəhrəman da desəniz, etiraz eləmərəm, amma məni daha çox o düşündürür ki, görəsən onun xanimi necə baxıb bu məsələyə, dinib-tərpənib başına qaxınc eləmir ki? Beş-on manata satılmaq üçün ora-bura vurnuxanların arasında özünü bu qədər dümdüz saxlaya bilmiş bu adamın heykəlini qoymaq lazımdır, həm də bilirsinizmi necə: ayağının altında pul paçkaları, özü də dimdik durub, ox kimi. Əslində bizim bu cür adamlara çox ehtiyacımız var. Bəlkə də heç belə olmayıb, amma hər kəs kimi biz də istədiyimizi özümüzdə görə bilməyəndə fantaziyamızı işə salırıq. Koroğlu, Babək... bu yanğının, bu ehtiyacın və bu fantaziyanın meyvələri deyilmi? Bu gün bizə Koroğludan daha çox bir milyon dollardan imtina etməyi bacaran qəhrəmanlar lazımdır və bu günün qəhrəmanlığı da elə imtina etməyi bacarmaqdır: oturduğun kreslodan, karyeradan, puldan, yalançı dostdan və təbii ki, puldan... İmtina etməyi bacaranlar dümdüz olurlar, əyilib başqalarının yolunu kəsmirlər, üstünə kölgə salmırlar...
Qəhrəmanlıq "mən eləməsəm də bir başqası edəcək" kimi şərəfsiz bir məntiqi tapdayıb keçə bilməkdir, "dünya dönsə də mən bu yoldan dönmərəm" deyib, dediyinə sadiq qalmaqdır. Əyri-üyrü yolları düz yeriməyi, əyri-üyrü qapıların qarşısında şax dayanmağı bacaranlara ehtiyacımız var. Əyilənlər kiçik təpələr kimi bir-birinin arxasında yoxa çıxır, dimdik dayananlar isə uca dağlar kimi dünyanın hər yerindən görünür.
Əyilməmək, əyri-üyrü hala düşməmək üçün imtina eləməyi bacarmaq lazımdır, imtina etməyi bacarsaydıq, heç Qarabağı da uduzmazdıq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR