Elzanın fındığı, Röyanın məmur oğlu sevgilisi, Yalçını saymamaq - HƏFTƏBECƏR

Elzanın fındığı, Röyanın məmur oğlu sevgilisi, Yalçını saymamaq - HƏFTƏBECƏR
09:32 7 Noyabr 2016
1079 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (99-cu say) təqdim edir.

Açıldı səhər,
Oyanın dostlar.
Açın interneti,
"Həftəbecər" var.

Bu, ötən həftə bank işçisi olan oxucumuzun layihəmizə həsr etdiyi sözlərdi. Deyirəm, bank işçisi olasan, bütün günü əlin pulla oynaya, üstəlik də şeir yazasan. Amma bank işçisi öz şeirini Elza Seyidcahanın şeirləriylə müqayisə etməkdə böyük yanlışa yol verib. Hörmətli bank işçisi, siz bundan sonra min misra şeir yazasınız, beş yüz beyt qəzəliniz olsa, Elzanın "qozum yoxdur, sındırıram fındığımı" adlı şeiri kimi tutarlı ədəbiyyat nümunəsi yarada bilməzsiniz. Görünür, elə bu səbəbdəndir ki, adınızı yox, peşənizi yazmısınız.

Sən demə, Röyanın belə yanıqlı oxumağı səbəbsiz deyilmiş. Ona görə deyirlər ki, yaradıcı adamın yazdıqları, oxuduqları öz içləri, daxili aləmləridir. Röya da canlı yayımda məmur oğlu olan keçmiş sevgilisi üçün ağlayıb. "Məndə heç vaxt darıxmaq hissi olmayıb. İndi başa düşürəm darıxmaq nədir. İndiki yaşımda darıxıram. O, mənim gözümün önündən heç vaxt getmir".

Aparıcı Emin Musəvi də deyib ki, əgər belə darıxırsansa, day nöşün ağlayırsan, zəng vur, denən ki, darıxmışam səəəçün. Röya da cavab verib ki, elənçik iş tuta bilmərəm. Elə bunu deyən kimi bir dənə də şıdırğı ağlamaq ağlayıb, gəl görəsən.

Gənc sənətçilərin soyunması dəbdən düşmüşdü. Ümumiyyətlə, soyunmaq çox strateji məsələdir. Əgər bir dəfə soyundunsa, ondan sonra tamaşaçı qarşısına lap bikinidə də çıxsan, maraqlı olmayacaq. Çünki o, səni ondan da betər formada görüb axı. Ona görə də çalışıb yavaş-yavaş soyunmaq lazımdır. Bu yaxınlarda hansısa gənc müğənni deyib ki, Tükiyədə 1 milyon qarşılığında soyunub. Əli Mirəliyev də eləmə tənbəllik, açıqlama verib ki, ala, heç ona 50 manat da verməzlər.

İlhamə Quliyeva vəfat edəndən sonra çox hadisələr baş verdi. Bir çoxlarında adam onun heç olmasa bir günlük sağ olmasını istəyərdi. Məsələn, bu yaxınlarda Rəqsanə İlhamə xanımın "Neylərsən mənə" adlı mahnısını bir toyda oxuyub. İnanın səmimiyyətimə ki, 39 nömrəli marşrutun konduktorlarının "İnşaatçılar", "Elmlər akademiyası", "Kaktus" qışqırıb müştəri çağırmağı həmin ifayla müqayisədə tonallığa daha çox uyğun gəlir. Heç olmasa o çağırışlarda həmin konduktorun peşəsinə hörmət etdiyini hiss edirsən.

Yeri gəlmişkən, mərhum sənətkar sağlığında Rəqsanəyə bu mahnını oxumağı qadağan etmişdi.

Dəfələrlə Yalçın Rzazadəylə müsahibələrim olub. Elə mənim kimi onlarla jurnalist sənətkarın səhhətindəki problemləri bir neçə dəfə ictimailəşdiir. Amma, görünür, Rzazadə yaşlandıqca uşaqlaşır və jurnalistlər onu əsəbləşdirirlər: "Zəng edirlər, bir balaca kövrələn kimi yazırlar, Yalçın Rzazadə ağladı. Bezmişəm belə jurnalistlərdən. Ona görə də bir daha danışmamağa qərar vermişəm. Sözümün üstündə dayanıram. Mən jurnalistləri saymıram".

Sənətkar hər şeyi doğru deyib, amma saymıram söhbəti bir az sərt alınıb. Şəxsən mənə görə Rzazadənin məni sayıb-saymamağı önəmli deyil. Heç məndən də soruşan yoxdur ki, Yalçın müəllimi sayırammı, saymırammı? Amma cavab verirəm ki, bu açıqlamadan sonra onu saymağa dəymir. Hər halda sənətkarın mətbuata belə münasibətdə olması yaxşı hal deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/486842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR