Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan özəlləşdirmə prosesinə "PwC" şirkətini cəlb edir

Azərbaycan özəlləşdirmə prosesinə "PwC" şirkətini cəlb edir

Date: 7 November 2016 10:37

Əmlak Məsələləri Dövlət Komitəsi ilə "PricewaterhouseCoopers" (PwC) şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Milli.Az bildirir ki, komitədən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesinə potensial investorların cəlb edilməsi istiqamətində növbəti mühüm addım atıb. Bu məqsədlə Komitə ilə dünya reytinqində "Böyük dördlük" şirkətlərindən biri kimi tanınan "PricewaterhouseCoopers" (PwC) beynəlxalq şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bildirilir ki, ilin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən "PwC" ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb. Professional xidmətləri ilə dünyada öz sözünü demiş "PwC" şirkəti Azərbaycanda start götürən özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış memoranduma əsasən PwC ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirmə ilə bağlı investisiya konfransları və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda Komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanıb. Dəyirmi masaların təşkili və intensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır. Məqsəd bu sahədə yerli və xarici iş adamlarının marağını cəlb etmək, onların gözləntilərini nəzərə almaqdır. Özəlləşdirmə prosesində beynəlxalq təcrübəyə əsasən müasir yanaşmaların və innovasiyaların tətbiqi isə prosesin effektivliyini daha da artıracaq.

Qeyd olunduğu kimi, komitə tərəfindən belə əməkdaşlıqların digər beynəlxalq nüfuzlu məsləhətçi şirkətlər ilə də qurulması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə özəlləşdirməyə açılan sahələr və müəssisələrə xarici investisiyaların yatırılması onların daha kompleksli və əsaslı fəaliyyətinə yeni imkanlar açır. Özəlləşmiş müəssisələrdə rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların istehsalına şərait yaradır. Bu isə öz növbəsində ixrac potensialının gücləndirilməsinə və "Made in Azerbaijan" brendinin dünyada tanınması prosesinə dəstək verəcək. Yekunda dövlət büdcəsinə daxilolmalar artacaq, regionların iqtisadi potensialı güclənəcək və ölkədə biznes mühiti daha da yaxşılaşacaq. Bu isə son nəticədə ölkədə iqtisadi aktivliyi və büdcə yükünün azaldılmasını təmin edəcək.

Milli.Az


Tags:  Azərbaycan özəlləşdirmə prosesinə PwC şirkətini cəlb edir

RƏYLƏR


Top news