Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millət vəkili: "Kredit bürolarının yaranması Azərbaycana investisiya cəlb olunması baxımından əhəmiyyətlidir

Millət vəkili: "Kredit bürolarının yaranması Azərbaycana investisiya cəlb olunması baxımından əhəmiyyətlidir

Date: 7 November 2016 14:48

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olan deputat Aydın Hüseynovun Publika.az-a müsahibəsi:

- Milli Məclisin son plenar iclasında “Kredit büroları haqqında” qanun II və III oxunuşda qəbul edilib. Bu qanunun əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiz ki, Milli Məclis tərəfindən artıq “Kredit büroları haqqında” qanun qəbul olunub. Doğrudan da Azərbaycanda maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var idi. Bu qanunun qəbul edilməsinin əsas məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Əminəm ki, sözügedən sənəd Azərbaycanda bankların kredit risklərini kəskin şəkildə azaldacaq. Eyni zamanda, qanunvericiliyin icazə verdiyi formada kredit bürolarında çox zəngin məlumat bazası toplanacaq. Hüquqi və fiziki şəxslərə kredit verəcək banklar isə həmin məlumat bazasından yaralanacaqlar. Çünki banklar kredit verəcəkləri şəxslərin kredit vəsaitini ödəmək qabiliyyətini məhz həmin məlumat bazasından öyrənə biləcəklər. Bu baxımdan da hesab edirəm ki, bu qanun qəbul edildiyi üçün bank sektorunda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalacaq.

Məlumdur ki, hər bir bank ilk növbədə borcgötürənin vəziyyətini qiymətləndirir. Kredit bürolarının yaradılması isə bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Ona görə də kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinə olacaq, vətəndaşların banklara olan etimadını artıracaq.

Mən xüsusi olaraq bildirim ki, son dövrlərdə Azərbaycan banklarında sağlamlaşma prosesi gedir. Təbii ki, bütün bunların arxasında cənab Prezidentin bankların şəffalığı istiqamətində verdiyi son tapşırıqları və atılan müvafiq addımlar dayanır. Bu baxımdan da hesab edirəm ki, bankların sağlamlaşdırılması prosesi istiqamətində atılan müsbət addımlardan biri də məhz Azərbaycanda kredit bürolarının yaradılamsı ilə bağlıdır. “Kredit büroları haqqında” qanunun qəbulu da bankların daha çox sağlamlaşdırılmasına və iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.

Kredit bürolarının fəaliyyətə başlaması Azərbaycana investisiya cəlb olunması baxımından mühüm rol oynayacaq.

- Hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev məhkəmədə çıxışı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında bir sıra ittihamlar səsləndirib. Bu ittihamlara münasibətiniz necədir?

- Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparılıb və bununla bağlı məhkəmə prosesi başladılıb.

Eyni zamanda, məhkəmə Cahangir Hacıyevin əməllərinə hüquqi qiymət verərək, onun barəsində həbs qərarı çıxarıb. İnanıram ki, məhkəmə tərəfindən Cahangir Hacıyev barəsində çıxarılan qərar tam aqrumentlərə əsaslanıb. Bununla belə, onun öz əməllərinə haqq qazandırmaq və ayrı-ayrı arqumentlər gətirmək cəhdləri, hətta şantaja əl atması belə başadüşüləndir.

Keçmiş bankir Maliyyə Nazirliyini onun ittihamlarına cavab verməməkdə günahlandırır. Maliyyə Nazirliyi dövlətin ciddi qurumu olaraq bir müddət öncə onun ittihamlarına məntiqli və arqumentlərlə layiqli cavab verib.

Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğu da öz mövqeyini bildirərək, keçmiş bankirin Maliyyə Nazirliyinə qarşı ittihamlarının əsassız olduğunu bəyan edib. Daha bundan artıq nə cavab verilməlidir?!

- Cahangir Hacıyev məhkəmədə iddia edib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin indiki vəziyyəti qənaətbəxş deyil, bankın nüfuzu aşağı düşüb və sairə. Sizcə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yeni rəhbərliyi bankı düşdüyü böhrandan xilas edə biləcəkmi?

- Əslində, bütün bunlar cəfəngiyyatdır. Təkcə bir faktı deyim ki, bu yaxınlarda “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan Azərbaycan Beynəlxalq Bankının Moskva filialının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini iki pillə yüksək dəyərləndirib. Təşkilat Azərbaycanın güclü maliyyə institutlarından birinə çevrilən Beynəlxalq Bankın kapital artımı və aktivlərinin sağlamlaşdırılması ilə bağlı aparılan islahatların səmərəli nəticələr verdiyini, mənfəətliyin bərpa olunduğunu və bankın depozit reytinqinin yüksəlməkdə olduğunu proqnozlaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, “Azərbaycan Beynəlxalq Bankı” MMC-nin yeni rəhbərliyinin fəaliyyəti kifayət qədər uğurludur.

Xüsusilə qeyd etmək istərdim ki Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən, bankların sağlamlaşdırılması və maliyyə dayanıqlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib.

- Azərbaycanda 2017-ci il üçün iqtisadi artım tempini necə qiymətləndirirsiz?

- Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında 2016-ci il Azərbaycanda iqtisadi islahatlar ili kimi səciyyələnib. Əvvəklki illərdə olduğu kimi, bu ildə də bir sıra uğurlu iqtisadi sahəyə aid qanun layihələri hazırlanaraq qəbul edilib, bununla da qanunvericilik bazası daha da möhkəmlənib.

Bu il həm də Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində də lazımı və ciddi addımlar atılıb, yeni-yeni müəssisələr istifadəyə verilib. Bütün bunlar isə minlərlə yen iş yerinin yaradılmasına səbəb olub. Baxmayaraq ki, 2016-cı il dünyada ağır iqtisadi il kimi yadda qalıb, ancaq bu ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib. Bütün bunların nəticəsində əminəm ki, Azərbaycanda 2017-ci il daha da uğurlu olacaq. Mən gələn il üçün ölkəmizdə iqtisadi artımın daha da güclənəcəyinə inanıram.

Vasif Həsənli


Tags:  Millət vəkili Kredit bürolarının yaranması Azərbaycana investisiya cəlb olunması baxımından əhəmiyyətlidir

RƏYLƏR


Top news