Moskvada sifarişli qətl törədən killer Moskva-Bakı reysi
ilə uçan təyyarədə Azərbaycana qaçmaq istəyib.
Virtualaz.org xəbər verir ki, Moskva şəhəri üzrə baş polis
idarəsinin əməliyyatçıları killerin təyyarədə olduğunu
dəqiqləşdirdikdən sonra reys Domodedovo aeroportuna geri
qaytarılıb.
“Saxlanılan şəxs Dağıstan sakinidir. Moskvann cənub-qərbində,
“Belyayevo” ticarət mərkəzinin avtoparkında qətl törədib.
Biznesmeni güllələdikdən dərhal sonra Moskvadan Azərbaycana bilet
alıb və artıq təyyarəyə oturmağa imkan tapıb. Əməliyyatçılar
killeri yaxalamaq üçün təyyarəni aeroporta geri qaytarmalı
olublar”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Əməliyyatçılar təyyarənin geri qaytarılmasını onunla izah ediblər
ki, killeri Azərbaycan ərazisində həbs etmək mümkün olmaya
bilərdi.
Qətl hadisəsi noyabrın 6-da axşam Mikluxo-Maklay küçəsində baş
verib. Naməlum şəxs 33 yaşlı biznesmeni güllələyib. Onun kimliyi
açıqlanmır. Biznesmenin cəsədi ona məxsus “Ford Mondeo”
avtomobilinin yanında aşkar edilib. Qatili yaxalamaq üçün Moskva
polisi əməliyyat başladıb.