Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Papaq altında yatan azərbaycanlı Zukerberq və Bill Qeyts: Hədər olan yüz minlər

Papaq altında yatan azərbaycanlı Zukerberq və Bill Qeyts: Hədər olan yüz minlər

Date: 7 November 2016 15:28

“Twitter”in qurucusu və CEO-su Cek Dorsi, “Facebook”qurucusu Mark Zukerberq, “Microsoft”un yaradıcısı Bill Qeyts… Onların yerində olmağı kim istəməz?

İstəyənlər çoxdur. Elə ölkəmizdə də. Amma hər istəyən Zukerberq, Qeyts ya da Dorsi ola bilmir. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi müsabiqədən qalib olanların sonrakı taleləri bir daha təsdiq edir.

Biz azərbaycanlı gənclərin niyə Zukerberq, Qeyts ya da Dorsi ola bilməyəcəyini araşdırdıq. Fondun keçirdiyi müsabiqələrdən başlamağımız da təsadüfi deyil.

Çünki Fondun məqsədi Azərbaycanda İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdir. Habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək, birgə layihələr üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.

Elə buna görədir ki, son 4 ildə fond tərəfindən qrant müsabiqələri keçirilib. Hər Il də yüzlərlə start-up-çı hazırladığı layihəsini qalib olmaq, Zukerberq, Qeyts ya da Dorsi olmaq üçün təqdim edir. Qaliblərə ayrılan vəsait məhz onların sonrakı fəaliyyətinə dəstək xarakteri daşıyır. Lakin bu vaxta qədər qalib olan 62 layihədən neçəsinin uğur qazanması məchuldur. Əgər uğur yoxdursa, hər il dövlət büdcəsindən yüz minlərlə vəsait nə üçün ayrılır?

2015-ci ildə Fond tərəfindən 30 layihənin maliyyələşdirilib. Ümumilikdə, layihələrin həyata keçirilməsinə 300 min manatdan çox vəsait ayrılmışdı.

Bu il qrant müsabiqəsinin qaliblərini elan edib, 29 layihəyə 395 min manat qrant vəsaiti ayrılıb.

Ayrılan vəsaitlərin necə xərclənməsi və nə üçün baş tutmamasını elə qaliblərin özü ilə danışdıq.

80 minə qarşılıq 20 min

Bir neçə il əvvəl müsabiqə qalibi olan Orxan Rzayev bildirib ki, layihəyə ilk dəfə qoşulanlar, müəyyən vəsait alıb onu doğru xərcləyə bilməyənlərin layihəsi uğursuz alınır. Onun layihəsinin uğursuz alınma səbəbi isə fərqlidir: “Biz layihənin ilkin olaraq bazara təqdim edilməsi və özünü doğrultması üçün 80 min manat nəzərdə tutmuşduq. Lakin 20 min manat ayrıldı. Ona görə də bu vəsaitlə layihənin yalnız prototipini hazırlaya bildik. Marketinq xərci, istifadəçi toplamaq mümkün olmadığına görə layihə başa çatdıra bilmədik. Nəticə olaraq ayrılan vəsait yetərli olmadığına görə layihə baş tutmadı”.

Təqdim etdiyi layihənin bir neçə istiqamətdə gərəkli olduğunu deyən O.Rzayev onun “Votsap”ın Azərbaycan variantı hesab edilə biləcəyini bildirir: “Hazırladığımız layihə “Votsap”a bənzər idi, lakin daha çox yerli təlabata uyğun hazırlanmışdı. “Smaylik”lər standart olmayacaqdı, milli bayramlara uyğun əlavələr yer alacaqdı. “Votsap”da indi görüntülü zəngi tətbiq etmək istəyir, lakin iki il əvvəl bizim layihəmizdə bunun tətbiqi nəzərdə tutulmuşdu. Bu gün bir çox dövlətlər təhlükəsizlik baxımdan öz sosial şəbəkələrini yaradır. Bizim layihəmiz də bu mənada “Votsap”a rəqib bir layihə ola bilərdi”.

O.Rzayevin sözlərinə hazırda layihələrin baş tutmamasının seçim zamanı, həm də seçilən layihələrin icraçılarının boşluqları ilə əlaqədardır: “Sonuncu seçilən layihələrin star-up-a uyğun olmamasından sonra narazılıqlar yarandı. Ola bilər ki, müşahidə şurasında bəzi şəxslərin mövzuya hakim olmamasından irəli gələ bilər. Lakin hesab edirəm ki, layihələrin baş tutması üçün investor mühiti olmalıdır, “start-up”larla bağlı çox işlər görülməlidir. Gənclərlə treyninqlər olmalıdır. Dünyada minlərlə starp-up batır, amma sonda “Votsap”, “Skype” kimi layihələr reallaşır”.

Dünyada hər 10 start-up-dan 9-unun batması bir gerçəklikdir

SoSmart və Whatto layihələrinin müəllifi Zülfüqar İsmayılzadə layihəsi baş tutanlardan olmaq istəyir.

Onun yerindən və vaxtdan asılı olaraq telefonu avtomatik səssiz və ya vibrasiya rejimlərinə keçirən bir mobil tətbiqi nəzərdə tutan SoSmart layihəsi bu yaxınlarda istifadəyə veriləcək. Layihənin davamlı olması üçün əvvəlcə istifadəçilərin marağı nəzərə alınacaq. Z.İsmayılzadə deyir ki, indidən nə qədər uğurlu alınacağını demək çətindir: “Ehtiyac duyulan məbləğ böyük olmazsa, özümüz təmin edə bilərik. Lakin hələ ki, heç bir hesablama aparılmayıb”.

O, hesab edir ki, bir çox layihələrin uğursuz olmasının səbəbi həm də iştirakçıların özünün məsuliyyətsiz yanaşmasıdır: “Düzdür, fondun ödənişlərində də müəyyən gecikmələr olurdu, amma mən özüm də gecikməyə yol vermişəm. Amma bütün səhvi başqalarında axtarmaq doğru deyil. Bu işə başlayanda əvvəl böyük ideyalar olur, lakin tətbiqə gələndə müəyyən çətinliklərlə qarşılaşırıq. Bundan başqa, layihədə bizim hesabladığımız rəqəmlə, fondun müəyyən etdiyi vəsait arasında fərqlər olur”.

Qeyd edək ki, Bu layihə üçün onlara 10 min manat vəsait ayrılıb.

Bu vəsaitlə biznes yaratmaq yox, start götürmək olar

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü, İnternetin İnkişafı Forumunun direktoru Osman Gündüz Azərbaycanın bu sahədə qonşu ölkələrdən geri qaldığını deyir: “Qonşu ölkələrdə start-up-lar bizdən 7- 8, digər ölkələrdə daha çoxdan yaranıb. İndiki situasiyada biz də layihələrdən narazıyıq. Hələ ki, innovativ, maraqlı, gəlir gətirən layihələr azdır, bu da gözlənilən idi. Çünki start-up uğuru bir neçə səbəb-ümumi təhsil, “İT” təhsili, marketinq imkanlarından asılıdır. Bu layihələrin uğurunun bir şərti də ayrılan investisiyadır. Xaricdə “biznes-ungel”lər bu sahəyə dəstək göstərirsə, ölkəmizdə hələ ki, yeganə maliyyə mənbəyi dövlətdir”.

O.Gündüz ayrılan maliyyə ilə bağlı narazılığının olduğunu dedi: “Fikrimizcə, daha çox maliyyə ayrılsaydı, daha uğurlu ideyalar ortaya çıxa bilərdi. Əks ideya budur ki, bazar inkişaf etsin, sonra daha çox vəsait ayrıla bilər. Ayrılan bu vəsaitlə biznes yaratmaq yox, start götürmək olar. Buna görə gələcəkdə iddialı, maraqlı layihələrin komandası müşahidə şurasının iclasına dəvət olunacaq. Onlar da layihələri ilə bağlı təqdimat edə biləcək. Bu vaxta qədər bəzi layihələr var ki, ayrılan vəsaitlə oturuşub, xarici fondların dəstəyi ilə müəyyən işlər görürlər.

Dünyada da hər 100 start-up-dan 90%-ə qədəri uğur gətirmir. Amma qalan 10 % o qədər uğur gətirir ki, 90% dəryada bir damla kimi görünür. Batan məbləğ heç nə olur”.

“Mən start-up-çı olsaydım, daha çox məbləğ istəyərdim”

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov layihələr seçilərkən həm cəmiyyət, həm də fondun tələbləri nəzərə alındığını bildirib: “Bu dəfə diqqət daha çox elektron hökümətə və İKT məhsulu nümunələrinin hazırlanmasına yönəlib. Bu il “Ana dilinin tətbiqi ilə bağlı layihə qalib olub. Bu layihə reallaşsa, böyük bir qrupun probleminin həllinə yönələcək. Azsaylı xalqların internet resursu və dilinin tətbiqi məsələsi nəzərdə tutulub. Ana dilinin tətbiqi ilə bağlı layihə hazırlamaq çox da asan deyil. Bunun üçün həm dil bilgisi, həm də ikt sahəsində məlumatlı olmaq tələb olunur. Əvvəlki illərdə də Azərbaycan dilinin tətbiqi ilə bağlı layihə olub. Cəmiyyətdə problemə çevrilmiş məsələlərin həllinə yönələn layihələrə maraq daha yüksəkdir.

Bu vaxta qədər ümumilikdə 62 layihə maliyyələşdirilib. İkt riskli sahə olduğuna görə, investisiya qoyulan 10 layihədən 1-i özü gəlir gətirə bilirsə, bu uğurlu hesab edilir. Hazırda ümumi maliyyələşən layihələrdən 10-15-i bazarda yer tuta bilib. Bu barədə dəqiq rəqəm deyə bilmirik, çünki bazarda yer tutmaq məsələsi nisbidir. Bir insan proqram təminatı yaza bilər, lakin onu işlədə bilmirsə, dəyəri sıfırdır”.

Onun sözlərinə görə bu vaxta qədər qalib olan layihələr arasında inkişafın müəyyən mərhələsində problem yaşayan, Azərbaycanda xaricdə uğur qazananlar da olub. Ayrılan vəsaitin nə qədər yetərli olmasına gəlincə, Ə.Abbasov da bu məbləğin yüksək olmadığı ilə razılaşdı: “Fondun onlara təqdim etdiyi məbləğ İKT sahəsində qoyulan investisiyalara baxanda çox da böyük hesab edilmir. Bu, sadəcə başlanğıc üçündür. Fonddan 20 min vəsaitlə fəaliyyətə başlayan layihə başqa bir mənbədən daha böyük investisiya ala bilər. Əvvəlki müsabiqədə bəzi layihələr məbləğdən imtina edib. Mən də start-up-çı olsaydım daha çox məbləğ istəyərdim. Amma bu məbləği istəyən start-up-çılar arasında onu xərcləməyə hazır olmayanlar olur, bundan başqa maliyyələşən layihələr elə mərhələdədir ki, ayrılan məbləğ onlar üçün heç də az sayılmamalıdır. Həmin məbləğin gələcəkdə artmayacağını deyə bilmərik. Bu Müşahidə Şurasının səlahiyyətində olan məsələdir”.

Öz Zukerberq, Qeyts ya da Dorsilərimizin yetişməsi diləyi ilə…

Gülxar


Tags:  Papaq altında yatan azərbaycanlı Zukerberq Bill Qeyts Hədər olan yüz minlər


RƏYLƏR


Top news