"Azərkosmos" dünyanın aparıcı şirkətləri ilə müqavilələr imzalayıb

"Azərkosmos" dünyanın aparıcı şirkətləri ilə müqavilələr imzalayıb
16:12 7 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Misir, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa regionunda aparıcı peyk xidmətləri təklif edən "DCS Telecom" və "Don Telecom" şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Milli.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, hər iki şirkət "Azerspace-1" peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil, inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqini, xüsusi həlləri və digər data xidmətlərini təqdim edəcək.

"Azərkosmos", "DCS Telecom" və "Don Telecom" arasındakı qurulan bu əməkdaşlıq "Azerspace-1" peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək. Qeyd edək ki, "DCS Telecom" və "Don Telecom" şirkətləri dünyanın qabaqcıl telekommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətləridir.

Peyk operatoru, həmçinin Türkiyənin "Radyo Akman", "Radyo Derman" və "Radyo Efsana" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalları "Azerspace-1" peyki üzərindən 2016-cı ilin noyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı "www.azercosmos.com" internet səhifəsindən ala bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR