Seçim vaxtıdır: Ağıllanmaq, yoxsa ağır günə düşmək?

Seçim vaxtıdır: Ağıllanmaq, yoxsa ağır günə düşmək?
07:17 8 Noyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Həm apreldəki, həm də ondan əvvəlki hadisələr Ermənistanın dövlət quruculuğunun qüsurlu yolda olduğunu və Dağlıq Qarabağ məsələsinin Ermənistanın inkişafına ciddi ziyan vurduğunu gün kimi aydın göstərir. Aprel hadisələri isə sadəcə gedən proseslərin müəyyən bir mərhələsinin sonu idi. Gözləmək olardı ki, Ermənistanda sağlam təfəkkür qalib gələcək və Dağlıq Qarabağ məsələsinə bir qədər fərqli yanaşmağa başlayacaq. Ən azından, Azərbaycanın ərazi bütövlüyü tanınacaq, Dağlıq Qarabağda erməni icmasının yaşamasını təmin etmək üçün Azərbaycanın muxtariyyət təklifinə diqqətlə yanaşılacaq. Amma göründüyü kimi vəziyyət dəyişməyib. Ermənistanın hakimiyyət orqanları hələ də özlərini məğlubedilməz sayır, özlərinə problemin həllinin yeganə mümkün iştirakçısı kimi baxırlar. Ancaq bu belə deyil və bunun belə olmadığı hamıya aydındır.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ötən illərdə dövlət quruculuğunda, iqtisadi sahədə, ən əsası isə hərbi sahədə çox ciddi inkişaf yolu keçib. Ermənistan isə bu yarışda Azərbaycana kifayət qədər uduzub. Ermənistanın və onun havadarlarının aprel hadisələrindən düzgün nəticə çıxarmaması onların özlərinə artıq yeni problemlər yaratmasına gətirib çıxaracaq: "Yəni Azərbaycan bu problemi həll etmək əzmindədir. Bunun üçün onun bütün imkanları var və addım-addım da olsa, onu həll edəcək, eyni zamanda, onun hərbi yolla həlli də heç zaman gündəlikdən çıxmayacaq. Amma Azərbaycanın fəaliyyətinə qarşı adekvat cavab vermək Ermənistanın gücündə deyil".

A.Mirzəzadə hesab edir ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə söhbətlər isə ötən 25 il ərzində vaxtaşırı gündəmə çıxarılan və hər zaman da sonradan elə özlərinin bunun nəticəsindən ehtiyat edərək ondan geri çəkildiyi köhnə "priyom"dur. Bu baxımdan Ermənistanın daxilində hansısa cılız siyasi oyunların getməsi əslində onların probleminin daha da ağırlaşdığını göstərir: "Azərbaycan isə Dağlıq Qarabağ probleminin həllində hücum mövqeyindədir, məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, onun bütün yollarla həllinə daim hazırlaşır və Ermənistan üçün çıxış yolu olaraq qoşunlarını çıxardıqdan sonra Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsini təklif edir. Bu baxımdan seçim Ermənistandadır. Düzgün seçim etməyəcəklərsə, onların daha artıq ağır nəticələrlə üzləşəcəklərini hər kəs, o cümlədən Ermənistan hakimiyyəti və cəmiyyətinin özü də çox yaxşı bilir. Siyasətdə və müharibədə proseslərin dəqiq necə yekunlaşacağına dair proqnoz vermək bir qədər çətindir. Ancaq ən əsası orada iştirak edənlərin vəziyyətə uyğun olaraq proseslərdən itkisiz, yaxşı halda isə uğurla çıxmasıdır. Hər halda gedişat göstərir ki, Azərbaycan artıq onilliklərdir ki, bu istiqamətdə atdığı addımların hər birindən uğurla çıxır".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR