Bu gün texnologiyanın ən yüksək səviyyədə inkişaf
etdiyini düşünə bilərik. Lakin bizi gözləyən yenilikləri
sadalayanda hər şeyin hələ başlanğıcında olduğumuz aydınlaşır.
Publika.az ödəniş sistemində tətbiq edilməsi nəzərdə
tutulan yeni texnologiyaları araşdırıb.
Ürəyinizdən keçən paltar dərhal evinizə
gələcək
Təsəvvür edin, banka daxil olursunuz, telefonunuzdan məlumatları
bankomata göndərirsiniz. Lakin artıq pul çıxarmaq üçün bankomata
pinkod daxil etmək lazım deyil. Siz sadəcə olaraq, göz bəbəyinizi
orada quraşdırılmış qurğuya yaxınlaşdırırsınız və o, sizi müəyyən
edərək, istədiyiniz məbləği çıxarmağa icazə verir. Yox, bununla hər
şey bitmir.
Daha bir misal: siz hansısa gecə qonaqlığında birinin
kostuyumundan xoşunuz gəlir və sizdə də ondan olmasını
istəyirsiniz. Daha bunun üçün internetdə uzun-uzadı axtarmağa
ehtiyac yoxdur. Siz telefonun kamerasını həmin kostyuma
tuşlayırsınız və lazımi proqramın köməyi ilə onu sifariş
verirsiniz. Sabah həmin kostyumdan sizin evinizə gətirəcəklər.
Maliyə mütəxəssisləri gələcəkdə belə ödənişlərin real olacağını
düşünür.
“Növbəti 5-7 il ərzində sənaye nəzərəçarpacaq qədər dəyişəcək”, -
deyə “MasterCard” şirkətinin innovasiylar üzrə direktoru Harri
Layons deyir.
Ödəmə sistemləri üzrə ixtisaslaşmış şirkətlər “Pokemon Go” oyununu
tez-tez misal gətirirlər və bu cür auditoriyanı fəth etməyi
düşünürlər. Hansı ki, “Pokemon Go” oyunu ilk həftəsində 10 milyon
istifadəçi tərəfindən yükləndi. Oyunu yaradanlar gün ərzində 1,6
milyon dollar qazanırdılar.
“Visa Blippar” şirkəti yeni ödəmə sisteminin pilot layihəsini
tətbiq edib. Belə ki, London dəfiləsində britaniyalı dizayner Henri
Hollandın əl işləri nümayiş olunarkən, tamaşaçılar smartfon
telefonlarla çəkdikləri paltarları bir gün sonra asanlıqla sifariş
verə biliblər.
İnternetdən sifariş etdiyiniz paltarı ölçmək mümkün
olacaq
“PayPal” şirkəti isə bu ilin may ayında yeni ödəmə sisteminin
patentini alıb. Müştərilər təsvir etdikləri, arzuladıqları və
zövqlərinə uyğun olan paltarları dərhal internet mağazasından ala
biləcəklər.
Çinin nəhəng elektron ticarət şirkəti “Alibaba Group” isə
alış-verişin tamamilə səslərlə edilməsi sisteminə keçirməyi təklif
edir. Misal üçün, hansısa müştəri internet mağazasında seçdiyi
paltarı ölçə biləcək. O, paltarı, yaxud xoşladığı eynəyi səs və baş
hərəkətlərinin köməyi ilə sifariş verə biləcək.
Mütəxəssislərə görə, bütün bu yeniliklər investorlar üçün bazarı
cazibədar edir.
Göz bəbəyi ilə işləyən bankomatlar
Bu bankomatlar adilərdən xeyli fərqlənir. Onu “Dieblod” və
“EyeLock” bankomatlarının istehsalçıları hazırlayıb. Yeni
bankomatda nə klaviatura var, nə ekran, nə də kartların daxil
edilməsi üçün yer. Müştəri mobil telefonunu bankomata yaxınlaşdıran
kimi, pul sifariş verilir və o, göz bəbəyini qurğuya
yaxınlaşdırmaqla istədiyi məbləği çıxara bilir. Mütəxəssislərə
görə, bu, təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir.
Kreditləri robotlar verəcək, pul “Selfie” ilə
çıxarılacaq
“Mastercard” ödəmə sistemi isə biometrik yoxlamalarla maraqlanır.
Belə ki, Daon texnologiyasından istifadə edilərək müştərinin səsi,
yaxud üzü vasitəsilə onun kimliyi təsdiq olunacaq. Buna “Selfie
Pay” deyirlər. Yeni texnologiyalara görə, bankın müştəriləri kredit
sazişini birbaşa robot aparatlarla bağlaya biləcəklər.
Mütəxəssislər bunun əl əməyinin azalmasına da səbəb olacağını
düşünür. Xüsusilə banklarda artıq çoxsaylı əməkdaşlara ehtiyac
qalmayacaq. Yaxın gələcəkdə bütün bunların reallaşacağı
gözlənilir.
Yeni ödəmə texnologiyaları kredit kartlarının da dəbdən düşməsinə
gətirib çıxaracaq. Lakin əgər kartla hesablaşmaq mütləq lazım
olacaqsa, o zaman, plastik kartlardan imtina ediləcək, əvəzində
metal kartlardan istifadə olunacaq. Sentyabr ayında ilk metal
kartın satışa çıxarılmasından sonra minlərlə müştəri sifariş verib.
Metal kartlar olduqca yaxşı qorunur, xüsusilə hakerlərin hesab
nömrələrini əldə etmək cəhdlərinə qarşı əla müdafiə sisteminə
malikdir.
Asif