Avropa çempionu, "Bavariya"da 33 qol vuran yeni forvardımız - VİDEO

Avropa çempionu, "Bavariya"da 33 qol vuran yeni forvardımız -   VİDEO
10:07 8 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+


Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək səfər qarşılaşması üçün açıqlanan heyətində yeni bir sima var – Dəniz Yılmaz. Baş məşqçi Robert Prosineçki bir müddət əvvəl milliləşdirilən “Bursaspor”un hücumçusuna dəvət göndərməyi lazım bilib.


Təəssüf ki, Arif Daşdəmirov, Ufuk Budak, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov və digər əksər milliləşdirilən futbolçular kimi, Yılmazın da Azərbaycanla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. O, yığmaya klub kimi yanaşan, futbolçuların arxasınca sürünməklə milli komanda anlayışını heç edib,  dəyərdən salan AFFA-nın yeni tapıntısıdır.


Futbolçu özü millimizin düşərgəsinə yollanmaq ərəfəsində vətənində verdiyi açıqlamada bildirib ki, Türkiyə yığmasına çağırılmaq ona qismət olmayıb:  “Türkiyə millisi kimi, 100 faizlik həyəcan hiss etmirəm. Amma çox sevinirəm. Çünki yeni ab-havaya girirəm, çox xoşbəxtəm. Debüt matçımı həyəcanla gözləyirəm. Türkiyə yığmasına dəvət almadığım üçün artıq bütün fikrimi Azərbaycan millisinə yönəltmişəm. Əlimdən gələni edib, sona qədər mübarizə aparacam. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq”.


Azərbaycan millisinin əlacsızlıqdan seçən bir futbolçunun bu cür açıqlamasını oxumaq hər bir azərbaycanlı üçün ağır olması öz yerində, o, bir oyunçu olaraq bizə tanış deyil. Təsadüfi deyil ki, millinin heyəti açıqlanan zaman hər kəs bu sualı verdi: Bu, Dəniz Yılmaz kimdir?


Əslində, "Bursaspor"un hücumçusunun Azərbaycan yığmasında oynayıb-oynamayacağına sentyabrın 2-də aydınlıq gəlmişdi. FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu ilə bağlı müraciəti ilə əlaqədar qərar qəbul etmiş və onun yığmamızın heyətində çıxışına icazə verilmişdi.  Sadəcə olaraq, Dəniz zədəli olduğu üçün daha öncə milliyə dəvət edilməmişdi.


Yılmazın milliləşdirilmə prosesinin 3 illik tarixçəsi var. O, daha öncə verdiyi açıqlamada 3 il bundan əvvəl AFFA-dan təklif aldığını vurğulamışdı: "Azərbaycanlılar mənimlə tez-tez maraqlanırdılar. Onlar bunun üçün 3 il gözləməli oldular. Hər həftə mənə zəng edib və nə qərar verdiyimi soruşurdular. Sonuncu dəfə onlara "Avropa Çempionatına aparılmasam, millinizə gələcəyəm” – dedim. Ümid edirəm ki, mənim üçün və Azərbaycan millisi üçün xeyirli qərar olar”.


Maraqlıdır ki, futbolçu AFFA-nın uzun müddət onu dilə tutduğunu söyləsə də, assosiasiyanın baş katibi Elxan Məmmədov bu mövzuda danışarkən fərqli fikir səsləndirmişdi. O, millimizdə çıxış etməyin Yılmazın təşəbbüsü olduğunu söyləmişdi: “Dənizin yığmamızda oynama variantı indinin məsələsi deyil. Onunla son 2,5 ildə əlaqədə olmuşuq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylar millimizdə oynamaqla bağlı daha çox təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Bura ilə bağlantısı varsa və özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdır”.


Dəniz Yılmaz türk olsa da, 26 fevral 1988-ci il tarixində Almaniyanın Neu-Ulm şəhərində doğulub. “TV Viblingen” və “SSV Ulm 1846” klublarının uşaq futbol məktəblərində yetişən futbolçu, ilk dəfə “Ulm U-19”un heyətində U-19 Bundesliqasında 13 matça 15 qol vurub. 2005-ci ildə Avropa çempionu olan Türkiyə U-17 millisinin heyətindəki çıxışı ilə “Bavariya”nın diqqətini çəkib.


2005-2006 mövsümündə “Bavariya”nın U-19 komandasının heyətində 17 oyuna 11 qol vuran Dəniz, 2007-2008 mövsümündə peşəkar müqavilə imzalayaraq, “Bavariya II”nin heyətində yer alıb və 22 oyunda 7 qol vurub.


Dəniz ən yaxşı qolçuluq bacarığını 2009-2010 mövsümündə göstərib: 29 oyunda 13 dəfə fərqlənib. Lakin növbəti mövsüm onun üçün “Bavariya”da sonuncu olub. O, bu klubu ümumilikdə 115 matçda 33 qol vurmaqla tərk edib.


Yılmaz “Bavariya”nın əsas komandasına da cəlb olunub. O, 2008-ci ildı “Volfsburq”la görüş zamanı “18-liy”ə düşsə də, oynamaq şansı əldə etməyib. Türk futbolçu eyni mövsümdə UEFA Çempionlar Liqası və Almaniya Kuboku matçlarında heyətə alınsa da, heç bir oyunda iştirak etməyib.


“Bavariya”da oynamaq imkanı əldə edə bilməyən hücumçu 2011-ci ildə “Maynts”a transfer olunub. Lakin ilk mövsümün qış fasiləsinə qədər əsas heyətə düşə bilməyən Yılmaz 2-ci komandada özünü yaxşı tərəfdən göstərib. O, 22 yanvar 2012-ci il tarixində “Bayer”lə görüşdə meydan çıxıb və bununla da Bundesliqada debüt etmiş olub.


Dəniz 2012-2013 mövsümündə II Bundesliqada çıxış edən “Paderborn”a icarəyə verilib. 2013-cü ilin iyulunda isə  Türkiyə Superliqasında yarışan “Elazığspor” ilə 4 illik müqavilə bağlayıb. O, ilk mövsümündə çıxdığı 28 matçda 12 qol vuraraq, komandasının ən məhsuldar oyunçusu olub.


2014-2015 mövsümün əvvəlində “Trabzonspor”a transfer olunan Yılmaz, 2016-cı ilin qış fasiləsində “Bursaspor”a keçib. Dəniz Trabzon klubunun heyətində çıxdığı 17 matçda 2 qol vurub. Hazırkı komandasında da eyni sayda oyun keçirən forvard 6 dəfə fərqlənib.


Yılmaz ilk dəfə 2003-cü ildə Türkiyə U-16 millisinin formasını geyinib. 2004-cü ildə U-17-nin heyətində Avropa çempionatında iştirakçısı olduğu 3 matçda 1 qol vurub. Növbəti il isə qitə çempionatının qızıl medalını qazanıb. O, həmin turnirdə biri finalda olmaqla, 3 qol vurub.


“Bursaspor”un üzvü 2007-də U-19-un, 2009-2010 arasında isə Türkiyənin gənclərdən ibarət milli komandasının formasını geyinib. Lakin Türkiyənin A komandasına dəvət almadığı üçün Azərbaycan millisinin seçməyə məcbur qalıb...


(futbolinfo.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropa-cempionu-quotbavariyaquotda-33-qol-vuran-yeni-forvardmz-t53991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR