Daha bir sığorta şirkəti BAĞLANDI

Daha bir sığorta şirkəti BAĞLANDI
10:17 8 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azərqarant" sığorta şirkəti bağlanması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

Faktı Trend-ə şirkətin İdarə heyətinin sədri Rəşad Məmmədov təsdiq edib.

Milli.Az bildirir ki, fins.az-a açıqlamasında R. Məmmədov deyib ki, yeganə səhmdar Əliyev Oktay Abbas oğlunun qərarı ilə sığorta şirkəti noyabr ayının 1-dən etibarən fəaliyyətini dayandırıb. Buna səbəb isə sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi olub.

Belə ki, sığorta şirkəti kapitalını proporsional olaraq 3 bankda saxlayıb - "Nikoil Bank", "Rabitə Bank" və "Atrabank"da. Sonuncu bank Mərkəzi Bankın qərarı ilə bu il yanvar ayının 27-də bağlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə bağlanan bankdakı hesabı nəzərə almayaraq sığorta şirkətinin kapitalını artırması ilə bağlı "Azərqarant"a müraciət edib. Çatışmayan kapital  2 milyon manatdan bir qədər artıq olub. Palata kapitalın artırılması üçün sığorta şirkətinə oktyabr ayının sonuna kimi vaxt verib. 

Amma bu müddətdə sığorta şirkətində kapital artımı mümkün olmayıb. R.Məmmədov bildirib ki, sığorta şirkətinin bir səhmdarı olduğu üçün kapital artımı mümkün olmayıb və belə olan halda, sığorta şirkətinin fəaliyyətinə xitam verilməsi qərara alınıb.

O əlavə edib ki, noyabr ayının 5-dən etibarən sığorta şirkətində ləğvedici komissiya yaradılıb.

Komissiyanın sədri Rəşad Məmmədov, üzvləri isə baş mühasib Tamella Tağıyeva və təftiş komissiyasının sədri Günel Xəlilovadır. Komissiya öhdəliklərin yerinə yetirilməsinə başlayıb. Hələlik sığorta öhdəliyi ilə bağlı sığorta şirkətlərindən hər hansı müraciət edilməyib.

R.Məmmədov bildirib ki, böyük ehtimalla öhdəlikləri sığorta şirkəti özü yerinə yetirəcək. Amma bununla bağlı hələlik müzakirə aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR