Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızıl saçlı oğlan, yoxsa Amerikanın “qadın üzü" – kim Azərbaycanı sevəcək?

Qızıl saçlı oğlan, yoxsa Amerikanın “qadın üzü" – kim Azərbaycanı sevəcək?

Date: 8 November 2016 10:38

Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağaçağıran Vudro Vilson demokrat olmasına rəğmən, respublikaçıların “müharibə ənənəsi”ndən çıxış edirdi.

Bizim üçün isə o, 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd edən demokrat kimi xatırlanır. Axı I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur “14 bənd” tezisinin müəllifi “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, “Böyük Ermənistan xülyalarını” Qafqaza sonradan gəlmiş tayfanın beyninə salanlardan biri də o idi. Bu demokratın həmmüəllifi olduğu Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə, Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilsonun özü təyin edəcəkdi. Kağız üzərində bu, baş tutdu da. Atatürkün Qurtuluş savaşı isə bütün planları pozdu. Vilsonun istəklərinə rəğmən, Fransanın təkidi ilə AXC tanındı. Lakin bu, həm də ABŞ demokratlarının Azərbaycana tarixi münasibətinin əsas örnəyi hesab oluna bilər. Zaman keçəcək, 70 il sonra demokratların “ikinci üzü” ilə yenidən qarşılacaqdıq...


Vilsonun xələfi Uorron Hardinqin dönəmində Azərbaycana münasibət 90 dərəcə dəyişmişdi. Doğrudur, artıq AXC 10 il idi ki, süquta uğramış, milli hökumətin üzvləri rusların olmadığı torpaqlarda çətin həyat yaşayırdı. Respublikaçıların rəhbərlik etdiyi Amerika isə SSRİ-yə qarşı mübarizəyə onları da qoşmuşdu.

1930-cı illərdə SSRİ-yə qarşı məxfi əməliyyat hazırlanır. Tarix kitablarında rast gəlmədiyimiz “Prometey” əməliyyatı: SSRİ Polşa, Ukrayna, Qafqaz və Orta Asiyadan mühasirəyə alınır. Bu mühasirə zolaqlarına Amerikada “Anakonda” adı verilmişdi. Zaman keçdikcə “anakonda ilanı” Rusiyanın boğazına sarılıb onu məhv etməli idi.

ABŞ və bir sıra Avropa ölkələrinin hazırladığı əməliyyatın icrası həmin vaxt Polşa Baş Qərargahına tapşırılır. Artıq mühacir həyatı yaşayan Məmməd Əmin Rəsulzadə də həmin vaxt məhz bu əməliyyatda iştirak üçün polyakların vətəninə getmişdi. Gözləntilərə görə, SSRİ dağıdılacaq və onun xarabalıqlarının yerində yenidən Azərbaycan Cümhuriyyəti ucaldılacaqdı. SSRİ çox gec, 1990-cı ildə dağıldı və Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Lakin SSRİ-nin varisi olaraq Rusiyanın ortaya çıxması “Prometey” əməliyyatının başa çatmadığını göstərir. Zaman-zaman demokratlardan mədət uman Azərbaycan müxalifətinin Ukrayna “Maydanı”nda Respublikaçıların “xaç atası” Con Makkeynin əlini sıxmaq üçün Kiyev küçələrinə qədər gedib çıxması da dolayısı ilə tarixi planın işartısı idi. Lakin bu tarixi plan nə qədər SSRİ-yə qarşı olursa-olsun, həm də respublikaçıların Azərbaycana münasibətinin aynasıdır.

Bu iki tarixi nüans fonunda Amerika seçkiləri...

Seçkilərə hazırlaşan Amerika hazırda öz qınına çəkilmiş tısbağanı xatırladır. Lakin bu qının içində baş verənlər dünyanın bundan sonrakı mənzərəsinin necə olacağına da təsir edəcək. Və perspektivlər Azərbaycan üçün də maraqlıdır.

Barak Obamanın “sonu” yaxınlaşır və noyabrın 8-də Ağ Evin yeni sahibi bəlli olacaq. Bu mübarizədə qızılı və təbii saçları ilə diqqət çəkən Donald Trampla Amerikanın “qadın üzü” Hillari Klinton döyüşəcək. Kimin qalib gələcəyi, kimin qalibin əlini sıxacağı hələ bəlli deyil.


Respublikaçılar, yoxsa demokratlar: Azərbaycan nöqteyi-nəzərindən bu iki partiyadan hansının Amerikaya rəhbərlik edəcəyi önəmlidir. Yaxud sualı belə qoyaq: kim bizim üçün sərfəlidir, kimin mənfisi müsbətini üstələyir?

Keçmiş təcrübə...

SSRİ-ni o biri dünyaya göndərəndən sonra ABŞ-Azərbaycan münasibətləri enişli-çıxışlı yolları ilə müşahidə olunub.

Heydər Əliyev 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Ağ Evə demokratlar sahiblik edirdilər. Lakin səfər zamanı Azərbaycan liderinin respublikaçıların ata Buş ilə də səmimi görüşü iki siyasi xadimin şəxsi münasibətləri ilə yanaşı, həm də “müharibə partiyası”nın Bakıya münasibətinin təzahürü idi. Demokratlar Bill Klintonla birlikdə 2000-ci ildə Ağ Evi respublikaçılara – oğul Buşa verdilər. Balaca Buşun 8 illik prezidentliyi dövründə müəyyən problemləri nəzərə almasaq, ABŞ-Azərbaycan münasibətləri yaxınlığı ilə diqqət çəkirdi. 2001-ci il 11 sentyabr hadisəsindən sonra başlanan terrorla mübarizə çərçivəsində Azərbaycan da lojistik dəstəyini verdi. Həmin dövrdə əsası qoyulan Əfqanıstandakı NATO qoşunlarına lojistik dəstək bu gün də davam edir. Bu, məhz respublikaçıların hakimiyyət illərində baş vermişdi.


Və bu illərin davamı gəlmədi: 2008-ci ildə demokratlar qeyri-adi gediş edərək, qaradərili Obamanı namizəd olaraq irəli sürdülər. Dünyanın ən bahalı seçki kampaniyası – 2 milyard dollar – ilə Ağ Evdə “taxtda əyləşən” Obama nəinki Azərbaycana, ümumiyyətlə Qafqaza daha az maraq göstərdi. Bunu onun seçilməsindən iki il sonra başlanan “ərəb baharı”, ardınca yaşayan Ukrayna böhranı ilə izah etmək olar. Amma o da həqiqətdir ki, Obama Administrasiyası üzünü Bakıya doğru daha çox ittiham etmək lazım olarkən çevirirdi. Demokratların liderliyi altında Amerikadan Xəzərin sahillərinə zaman-zaman “inqilab ixracı” da müşahidə olundu.

Bakı və Vaşinqton arasında sərt ritorika demək olar ki, uzun illər davam edib. Yalnız bu ilin aprelində uzun müddət aradan sonra Prezident İlham Əliyevin ABŞ-a səfəri ilə ikitərəfli münasibətlərdə yumşalma müşahidə olundu. Lakin hazırda bu yumşalmanın sərtləşdiyi də diqqətdən qaçmır.

Hesab etmək olar ki, Obama Administrasiyasına bundan sonra maksimum 2 ay dözəcəyik. Lakin iki aydan sonra hər şeyin yaxşı olacağı zəmanətini də heç kim vermir.


Demokratlar, yoxsa Respublikaçılar: Azərbaycan üçün hansı yaxşıdır, yaxud “mehriban düşmənlər”in bizə yanaşması necədir?

Qarabağ münaqişəsi

Demokratlar: Topçubaşovu rədd edən Vudro Vilsonun varislərinin “ikinci üzünü” bir də 1992-ci ildə gördük. Söhbət “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişdən gedir. Həmin vaxt Ağ Evə respublikaçılar rəhbərlik edirdi. Bu düzəlişin müəllifləri arasında respublikaçı Con Makkayn da var idi. Lakin ən çox fəallığı Obama Administrasiyasında ən yüksək postları tutan Dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden etmişdi.

ABŞ Konqresinin aralarında Con Kerrinin də olduğu bir qrup üzvünün 1990-cı ilin 18 martında Qorbaçova ünvanlandığı məktub da bu kontekstdə diqqət çəkir.

Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir”, - məktubda deyilirdi.

20 Yanvar və Qarabağ ssenarisində Amerika barmağı: Con Kerrinin 25 il öncəki müraciəti – Şok Faktlar

25 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.

ABŞ-da erməni lobbisinin demokratlarla sıx münasibətləri də faktdır. Vaxtilə demokrat olan, sonradan respublikaçı donuna girmiş Kristofer Smitin ötən ilin sonunda Azərbaycana qarşı sanksiya layihəsi də bu kontekstdə diqqət çəkir. Hansı ki, məqsəd Azərbaycanı Qarabağ məsələsində təslimçi sülhə məcbur etmək idi.

Respublikaçılar: “müharibə partiyası”nın hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin dərhal həll olunacağı demək deyil. Lakin demokratlardan fərqli olaraq respublikaçılar erməni lobbisində daha az təmsil olunurlar. Digər tərəfdən, respublikaçı Amerikanın Bakının ərazi bütövlüyünü alternativ variantlarla bərpa etmək gedişlərinə müdaxilə etməsi daha az ehtimal olunandır.

Müdaxilə

Demokratlar: bu partiyanın ABŞ-a rəhbərliyi dövründə müxtəlif ölkələrin daxili işinə müdaxilə cəhdləri adi hal alıb. O cümlədən, zaman-zaman Azərbaycanın da daxili siyasətinə müdaxilə cəhdləri olub. Ən maraqlısı isə demokratlar bütün bunları “demokratiya” adı altında aparıblar. Hillari Klintonun prezident olacağı təqdirdə, eyni siyasətin davam edəcəyi gözləniləndir.

Respublikaçılar: bu partiya üçün isə əsas ABŞ-ın milli maraqlarıdır. Onlar üçün demokratiya, yaxud bu qəbildən olan məsələlər ikinci plandadır. Tramp seçilərsə, ABŞ-ın regiona münasibətində dəyişikliklərin olacağı mümkündür.

Azərbaycanı təslimçi sülhə məcbur etmək cəhdi... - TƏHLİL

Rusiya ilə münasibətlər

Bakı üçün ABŞ-ın Rusiya ilə münasibətləri önəmlidir. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyaya görə bu münasibətlərin səviyyəsinin təsirləri dolayısı ilə bizə də toxunur.

1. Rusiya-ABŞ münasibətləri pis olduğu dövrdə Azərbaycan iki böyük güc arasında seçim etmək kimi çətinliklərlə üzləşir. Doğrudur, Bakı indiyə qədər bu çətinliyi balans siyasəti ilə aşa bilib. Amma bu, həmişə asan başa gəlmir.


2. Rusiya-ABŞ münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edir. Bu münasibətlər pis olarsa, iki böyük gücün regionda amansız savaşı baş verir. Beləliklə, bu münaqişənin həlli də təxirə düşür. Münasibətlər yaxşı olacağı təqdirdə, region üzərində ortaq məxrəcə gəlmək və bölgənin sabitliyinə təhlükə olan münaqişələri həll etmək mümkün ola bilər.

Demokratların Rusiya ilə münasibətlərinin nə dərəcədə yaxşı olacağını demək çətindir. Doğrudur, Obama prezidentliyi dövründə Putinlə dil tapmağa çalışıb. Lakin Hillari Klintonun Moskvaya, həmçinin, qarşı tərəfin ona münasibəti bəllidir.

Respublikaçılara gəlincə, “müharibə partiyası” Rusiyanı həmişə sevməyib. Lakin burada da yenə namizədin özü önə çıxır. Donald Tramp seçkiqabağı kampaniyasında Putinlə dost olacağını, Rusiya ilə münasibətləri yoluna qoyacağını vəd edib.

Gələcək prosesləri namizədlərin şəxsində də dəyərləndirmək olar.

Donald Tramp: müsəlman düşməni kimi tanınan bu oğlanın Ağ Evin qapısından içəri girəcəyi halda nələrin olacağı müəmma olaraq qalır. “O, indiyə qədər qurulmuş bütün sistemi dağıdacaq”. Opponentləri Trampı belə xarakterizə edir. Xüsusilə anti-müsəlman mövqeyi Şərqdə qorxu ilə qarşılanır. Amma onun jurnalistlərlə qeyri-rəsmi görüşdə bütün sərt ritorikanı yalnız seçki kampaniyası üçün etdiyini etiraf etməsi də əlavə suallar yaradır.


Tramp bizim üçün zamanında Bakıda müəyyən iqtisadi əlaqələri olan amerikalı biznesmendir. Yəni Azərbaycana az-çox bələddir. Lakin onun siyasi təcrübəsinin olmaması ehtiyatlı yanaşmanı ön plana çıxarır.

Hillari Klintion: xanım siyasətçi öz təcrübəsi ilə rəqibini üstələyir. Həmçinin, regionu da yaxşı tanıyır. Lakin onun demokratlara xas “müdaxilə həvəsi”nin olması, eləcə də Dağlıq Qarabağ məsələsində hansı mövqedən çıxış edəcəyi də unudulmamalıdır. Bununla yanaşı, Klintonun FETÖ lideri Fətullah Gülənlər əlaqələrə malik olması da onun “təhklükəli namizəd” imicini gücləndirir.

Təbii ki, hər şey noyabrın 8-dən sonra bəlli olacaq.

Asif Nərimanlı


Tags:  Qızıl saçlı oğlan Amerikanın qadın üzü kim Azərbaycanı sevəcək

RƏYLƏR


Top news